6 Oktyabr 2022 19:05
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyaya işgüzar səfəri çərçivəsində oktyabrın 6-da paytaxt Cakartada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, TBMM sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edərək, Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi. Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur.

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop Laçının Zabux və Sus kəndlərinin Ana Vətənə qayıtmasına sevindiklərini ifadə edib.

TBMM sədri görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən bir daha razılığını ifadə edərək, əlaqələrimizin ildən-ilə daha da genişləndiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səmimi görüşə və səsləndirdiyi fikirlərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını ifadə edərək, qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün dövlətlər üçün örnək təşkil edir. O, bu əlaqələrin daha da inkişafında və genişlənməsində iki qardaş ölkələrimizin dövlət başçılarının xüsusi rolunu qeyd edib. Spiker Sahibə Qafarova sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşü xatırladaraq, qeyd edib ki, bu görüş və ümumilikdə prezidentlərimiz arasında keçirilən çoxsaylı görüşlər qardaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.

Görüşdə Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2023-cü il həm qardaş Türkiyədə, həm də Azərbaycanda tarixi yubileylərlə zəngindir. Qarşıdan gələn ildə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Həmçinin, 2023-cü il Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümünün qeyd edilməsi ilə əlamətdardır. O, hər iki tarixi hadisə ilə bağlı qardaş ölkələrimizdə geniş tədbirlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Parlamentlərimiz arasında münasibətlərin qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ruhuna və dinamikasına uyğun olaraq inkişaf etdiyini bildirən Milli Məclisin sədri deyib ki, Milli Məclis və TBMM-in parlamentlərarası əməkdaşlığı ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla həyata keçirilir. Beynəlxalq parlamentlərarası qurum və platformalar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirilməsi, deputatlarımızın qarşılıqlı olaraq ölkələrimizin mövqeyini dəstəkləməsi sarsılmaz dostluq və qardaşlıq münasibətlərimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər