Ermənilərin bu cür davranışı heç də bizə, türklərə qarşı deyil. Bu əslində açıq şəkildə özlərinə müttəfiq hesab etdikləri İrana qarşı olan hörmətsizlikdir. Bunun barəsində İran dövləti düşünsün. Çünki yük avtomobillərinin, TIR-larının üzərində onların böyük bir şəxsiyyətinin şəklini pozub hörmətsizlik ediblər.
Bunu Teleqraf.com-a İrandan Ermənistana gedən TIR-ların üzərindən Səttarxanın rəsminin silinməsi ilə bağlı məsələni şərh edən Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, Səttarxan İranda böyük bir şəxsiyyət kimi qəbul edilir:
“Səttarxan türk olsa da İran fərəfi Ermənistanın bu cür davranışlarına reaksiya verməlidir. Görünür, Ermənistanda TIR-ın haradan gəlməsi maraqlandırmır, üzərində türk sözü, türk şəkli görəndə ürəkləri partlayır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanda İrana məxsus bu ölkənin dövlət qeydiyyat nişanları idarə edilən TIR-ların üzərindən Səttarxanın rəsminin silinməsi ilə bağlı video görüntülər paylaşılıb. Ermənilər İran maşınlarını dayandırıb sürücüdən Səttarxanın portretini silməyi tələb ediblər. Sürücülər bundan imtina etdiyi halda onlar özləri Səttarxanın şəkilini pozmağa cəhd edib və üzərini boyayıblar.
Xatırladaq ki, "Sərdari Milli" kimi tanınan Səttarxan İranda 1905-1911-ci illərdə Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının aparıcı lideri olub. O həmçinin tarixi qəhrəman kimi İranda rəsmi təbliğat və ideologiyada xüsusi yer tutan qəhrəman olaraq qəbul edilir.