44 günlük Vətən müharibəsindən sonra Azərbaycan fərqli bir dövlət olaraq bölgədə mühüm yer tutur. Öz torpaqlarını 30 il sonra qaytarmağa nail olan Azərbaycan gücünü dünyaya bəyan etdi. Azərbaycanımızın 44 gündə sərgilədiyi birlik və tarixi uğur ona olan sevgini, güvəni daha da artırdı. Xüsusilə də türk dövlətləri Azərbaycanın gücünə şahidlik etdi. Eyni zamanda Türkiyənin də qardaş Azərbaycanın yanında sona kimi dayandığını və dəstəyini hər kəs gördü.
Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun fikrincə, bu birlik bir daha o mesajı ifadə etdi ki, türk dövlətlərinin birinə hər hansı hücum olarsa, Türkiyənin eyni dəstəyi göstərəcəyi də şübhəsizdir: “Bu mənada Özbəkistanın Azərbaycana və Türkiyəyə daha yaxın bir münasibət sərgilədiyini görürük. Eyni şəkildə Qazaxıstanın da bu mövqedən çıxış etdiyinə şahidlik edirik. Qarabağ müharibəsindən sonra İstanbulda keçirilən Türk dövlətlərinin toplantısında Türk Dövlətləri Təşkilatı formalaşdırıldı. Bunun ardınca isə zirvə toplantısı təşkil edildi. Əslində bu görüşü Azərbaycanın Qarabağda əldə etdiyi tarixi zəfərin təsiri kimi də dəyərləndirmək olar. Çünki bu zirvə görüşündə Azərbaycan və Türkiyə tərəfindən digər qardaş dövlətlər üçün səmimi mesajlar ünvanlandı. Bu mənada Azərbaycanın, Türkmənistanla, Qırğızıstanla əlaqələrində yeni bir mərhələrinin başlandığı müşahidə edilir. Prezident İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyətə malik idi. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin Sammitində də Azərbaycanın bu bölgədəki mövqeyi bir təsdiqləmiş oldu”.
Sabiq səfir hesab edir ki, ŞƏT-nin Sammitində Azərbaycan və Türkiyə prezidentlərinin sərgilədiyi mövqe daha çox diqqət çəkirdi: “Sözsüz ki, bugünkü Azərbaycan 27 sentyabr 2020-ci ilə qədər səviyyədə deyil. Bunu hər kəs bilməlidir. Çünki bu gün daha güclü və hərbi döyüş təcrübəsi qazanmış bir Azərbaycan var. Azərbaycan xalqı bu gün qalib və başı dik duraraq ona olan bütün təxribatlara ən layiqli formada cavab verməyi bacarır. Qafqaz və Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələr bu baxımdan daha da genişlənir. Türkiyə olaraq biz Azərbaycanın uğurlarını öz uğurumuz kimi qəbul edirik. Bu mənada türk xalqları və dövlətləri arasındakı yüksək əlaqələr qürurvericidir”.
Hulusi Kılıça görə, müharibədən sonra Azərbaycanın Ermənistanla sülh müstəvisində atdığı addımlar da mühüm önəm kəsb edir: “Yaxşı olardı ki, Ermənistan ona uzanan sülh əlini tutsun və münasibətlərin normallaşmasına imkan yaratsın. Artıq yeni bir Azərbaycan formalaşıb. Azərbaycan bu gün Cənubi Qafqazın parlayan ulduzudur. Avropanın enerji təminatında da Azərbaycan vacib rola malikdir. Asiya və Orta Asiyada Azərbaycanın atdığı addımlar münasibətlərin yeni bir müstəvidə formalaşmasına zəmin yaradıb. Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri də vacib əhəmiyyətə malikdir. Bu, Prezident İlham Əliyevin türk dövlətləri ilə apardığı siyasətin mahiyyətindən qaynaqlanır. Əlaqələrin daha da möhkəmləndirilməsi, sıx təmasların olması üçün atılan bu addımlar müsbət nəticələrə səbəb olacaq”.