Azərbaycan və Ermənistan tərəfindən açıqlama verilib ki, bu ilin sonuna kimi iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Deməli, belə bir gözlənti var ki, bu cür mövqelər səslənir. Praqada baş tutan dördtərəfli görüşdən sonra hər iki lider Rusiya ilə də bu məsələdə müzakirə aparıb. Ona görə də, görünən odur ki, ortada prosesə əngəl olacaq ciddi bir narazılıq yoxdur.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O hesab edir ki, Ermənistanın ərazisinə gəlməsi nəzərdə tutulan missiya ilə bağlı da Rusiyanın narazılığı yoxdur: “Bu, baş verəcək. Çünki bunun qarşısını almaq hələ ki mümkün deyil. Ermənistan öz ərazisinə hansısa bir mülki missiyanın gəlməsini sərhədlərin delimitasiyası və monitorinq aparmaq üçün dəvət edib. Burada əslində böyük bir məsələ yoxdur”.
Zərdüşt Əlizadəyə görə, Azərbaycanın həm Qərblə, həm Asiya ölkələri və türk dövlətləri ilə münasibətləri daha da sıxlaşdırması əldə ediləcək sülh prosesinə müsbət təsir edəcək: “Bu cür yanaşmalar regional məsələlərin həllində müsbət xarakterə malikdir. Əldə ediləcək sülh məhz bütün tərəfdaşlarla yaxşı münasibətlərin olmasını zəruri edir. Təbii ki, bu günə qədər regional münasibətlərin daha çox irəliləməsinə maneə Qarabağ məsələsi ilə yanaşı digər amillər də var idi. Burada ciddi geosiyasi, iqtisadi ziddiyyətlər mövcud idi. İndi burada maraqlı güclərin mövqeyi zəifləməsi bu məsələlərin həlli üçün daha münasib şərait yaranıb”.