Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Prezident İlham Əliyev Astana Sammitində Ermənistanın 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasına zidd olaraq hələ də Azərbaycan ərazisində qalmış silahlı birləşmələrini və Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi icra etmədiyi bildirdi. Necə düşünürsünüz dövlət başçısının açıqladığı kimi bu öhdəliklər icra edilməsə, hansı adekvat addımlar atılması mümkün görünür?
- Azərbaycan Prezidenti Ali Baş Komandan kimi bununla Ermənistana son mesajını verdi. Artıq yeni bir yol açılıb. Laçın dəhlizi adlanan bu yol Azərbaycan ordusunun nəzarətindədir. Birtərəfli qaydada Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsini əsas gətirib Laçın yolunu bağlaya bilərik. Burada rus sülhməramlılarının olması da prosesə əngəl ola bilməyəcək. Çünki Azərbaycan öz sərhədini bağlamış olacaq. Burada hansısa bir əməliyyatın olması da qaçılmazdır. Rusiya tərəfi ilə bu məsələləri razılaşdıraraq konkret addımlar ata bilərik. Yəni əslində bir növ Azərbaycan Ermənistanı ağıllı addım atmağa, sülhə dəvət etdi. Dəfələrlə edilən bu cür dəvətləri Ermənistanın baş naziri qeyri-ciddi sayıb. Amma indi aldığı son mesajı Paşinyan tam ciddi qəbul etməlidir. Başqa çıxış yolu qalmayıb.
- Sərhədlərin hansı xəritələr əsasında müəyənləşməsi məsələsi də hələ aktualdır. 1920-1929-cu ilin xəritələri əsasında sərhəd dəqiqləşmələrinin olması ehtimalını necə dəyərləndirirsiniz?
- Ermənistan 1929-cu ilin xəritələri əsasında sərhədlərin delimitasiyasına razılaşa biləcəklərini açıqlayıb. Bununla bağlı Ermənistan təhlükəsizlik şurasının katibi Ararat Mirzoyan açıqlama verib. Azərbaycan da buna adekvat olaraq 1929-cu ilin yox, 1920-ci ilin xəritələri əsasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını tələb etmək hüququnu ortaya qoya bilər. Çünki 1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işğal edəndə ərazisi 114 min kv km idi. Bu müddət ərzində isə bizim ərazilərimiz Ermənistana güzəştə gedilib. 27 min kv km-dən artıq ərazilərimizin 20 min kv km-i ermənilərə verilib. Belə olan halda bunun adını necə kollektiv təhlükəsizlik qoymaq olardı.
- Dəhlizlə bağlı də fərqli fikirlər tirajlanır. Azərbaycan 42 km-lik bir məsafə ola-ola, niyə 300 km-lik yolu qət etməklə bağlı razılıq versin?
- Əslində Azərbaycanın irəli sürməyə iddiaları da çoxdur. Ermənistan Zəngəzur dəhlizinin açılmasını başqa cür başa düşür. Bu bədbəxtlər o qədər kordurlar və elə başa düşürlər ki, Azərbaycan məhz o torpaqları geri istəyir. Əslində isə Azərbaycan bilavasitə Naxçıvanla birbaşa quru əlaqəsinin yaradılması arzusundadır. Biz İran ərazisindən deyil, Ermənistan ərazisindən keçməklə Naxçıvana daha qısa yol istəyirik. Buradan keçmək cəmi 42 km təşkil edir. İran ərazisindən isə 300 km-dən artıq bir məsafə qət edilmiş olunur. Ona görə də, Azərbaycan heç bir səbəb olmadan bu qədər yolu qət etməməlidir.
- Zəngəzur dəhlizinin açılmaması fonunda Azərbaycanın atacağı ilk təsirli addım nədən ibarət olacaq?
- Əgər Qarabağda yaşayan erməni icması üçün bunu təmin ediriksə, Ermənistan dövləti bizim Naxçıvanla əlaqəmizin yaranmasını bu qədər problemə çevirməməlidir. Bunu Ermənistan təmin etməlidir.
- Mövlud Çavuşoğlunun dəhlizlə bağlı mesajını necə şərh etmək olar?
- Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla yanaşı Fransaya da cavab verdi ki, “sizin qarşınızda hər sözünüzü qəbul edən Azərbaycan yoxdur. İndi Azərbaycan çox güclüdür. Fransanın bizə gücü çatmayacaq. Bədbəxt Ermənistanın və yaxud onu dəstəkləyən, hay-küy salan digər qüvvələrin cəhdləri əhəmiyyətsizdir. Görünən də odur ki, Azərbaycan artıq son mesajını verib. Ölkəmiz Laçın yolu ilə bağlı bu addımı ata bilər. Bununla da Ermənistanla sərhədlər tam bağlanar və beləliklə də Laçın yolu bloklanmış olar. Ermənistan tərəfi bunu yaxşı düşünməlidir.