Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açılması və bunun kommunikasiya xəttlərinin bərpasına xidmət etməsi ilə bağlı açıqlaması əslində 10 noyabr 2020-ci il bəyanatında əksini tapıb. Burada istinad nöqtəsi üçtərəfli bəyanatda əksini tapan müddəalardır. Çünki bu razılaşmanın 9-cu bəndində maneəsiz keçiddən bəhs edilir. Maneəsiz keçid məsələsi isə beynəlxalq hüquqla tənzimlənir.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, maneəsiz keçid məsələsində hansısa bir sənəd yoxlaması, gömrük postunun olmaması kimi başlıca prinsiplər öz əksini tapır: “Bu, məhz həmin prinsiplərlə birmənalı olaraq müəyyənləşmiş qaydalardır. Ona görə də, bu məsələnin hər hansı bir şəkildə müzakirəyə ehtiyacı yoxdur”.
Politoloqun fikrincə, Nikol Paşinyanın dolayısı ilə dediyi və 3 sərhəd məntəqəsi açıqlaması isə tamam fərqlidir: “Əslində onun açıqlaması 3 keçid məntəqəsi və sərhəd gömrük yoxlanışı kimi məsələləri əhatə edir. Burada söhbət Ermənistanın bütün ərazisini əhatə edəcək bir marşrutdan söhbət getmir. Çünki bu, qısa bir xətt olmalıdır. Azərbaycan vətəndaşları bu xətt vasitəsi ilə digər tərəfə rahat keçid etməlidir. Bu xəttin ətrafını ermənilərin bağlaması isə onların öz işidir. Amma Azərbaycan vətəndaşları bu dəhlizlə rahat keçib getməlidir. Bunun başqa cür izaha ehtiyacı yoxdur”.