28 Oktyabr 2022 22:26
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Konstitusiyasında hüquqi dövlətin formalaşması aydın şəkildə təsbit edilib. Hüquqi dövlətin bütün komponentləri o zaman mövcud ola bilir ki, qanunun aliliyi təmin edilsin, demokratik quruluş bərqərar olsun, institutlar işlək olsun. Eyni zamanda vətəndaş cəmiyyəti bu sistemin əsas elementlərindən birinə çevrilsin. Bunun üçün hüquqi çərçivələr müəyyən edilməli, həmçinin əlverişli hüquqi mühit və plüralizm mövcud olmalıdır. Bütün dövlətlərin əsas sistemi, yaradıcı elementləri məhz bunlardır. Burada vətəndaş cəmiyyəti institutlarının mövqeyini də xüsusi olaraq qeyd etmək lazımdır.

Bunu Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.

“İstənilən inkişaf edən normal cəmiyyətlər məhz bu yolu keçib”

O hesab edir ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutları dünəndən bu günə böyük bir yol keçib: “1995-ci ildə ölkə konstitusiyası qəbul ediləndə əsas bəyan edilən hədəflərdən biri də məhz vətəndaş cəmiyyətinin bərqərar olması idi. Ötən müddət ərzində hüquqi baza formalaşdırılıb. Eyni zamanda institutsional təşkilatlar yaradılıb. Amma bütövlükdə ölkəmizdə vətəndaş cəmiyyəti çətin bir yol keçib. Keçmişə nəzər salsaq, vətəndaş cəmiyyəti yaranan anda ona yanaşmanın çox sərt olduğunu görə bilərik. Bəzi hallarda qeyri-hökumət təşkilatlarını az qala dövlətə zidd olan bir təsisat kimi qələmə verirdilər. Amma zaman keçdikcə bu cür yanaşmalar evolyusiyalara məruz qaldı, dəyişikliklər oldu. Vətəndaş cəmiyyətinin zəruriliyi və bütövlükdə ölkədə demokratik inkişafa, qanunun aliliyinin təmin edilməsinə, hüquqi dövlət quruculuğunda zəruri olan şərtlərdən biri kimi qəbul edildi. Bütövlükdə vətəndaş cəmiyyətinə ümumi proseslərə fayda verən təsisat kimi yanaşmağa başlanıldı. Çünki cəmiyyətin özü üç möhkəm özək üzərində formalaşır: bunlar dövlət, dövlət təsisatları, vətəndaş və vətəndaş cəmiyyəti institutlarıdır. İstənilən inkişaf edən normal cəmiyyətlər məhz bu yolu keçib. Bunlar təbii ki, bir-birini tamamlamalıdır. Məhz bu harmoniyanın təmin edilməsi şübhəsiz ki, hüquqi dövlətin yaranması prosesini uğurla başa çatdırmağa imkan verir. Bu sistem inkişaf edir, təkmilləşdirilir. Sözsüz ki, vətəndaş cəmiyyəti institutlarının qəbul edilməsi ölkə konstitusiyası qəbul edilən zaman burada hədəf kimi qarşıya qoyulmuşdu. Bu hədəfə çatmaq üçün də müəyyən addımlar atıldı. Amma ümumilikdə vətəndaş cəmiyyəti çox ağrılı bir yol keçib. Bunun fonunda indiki halda vətəndaş cəmiyətinin gücü haqqında nəsə demək də bir qədər çətindir. Eyni zamanda vətəndaş cəmiyyəti öz üzərinə düşən vəzifələri yetərli səviyyədə yerinə yetirmək məsələsi də var. Çünki burada həll edilməmiş məsələlər, maneələr hələ də qalmaqdadır. Bununla yanaşı inistutsional təsisatların daha da təkmilləşməsi gündəmdədir. Bundan sonra bir sıra maneələrin aradan qaldırılmasına nail olmaq olar”.

“Qeyri-hökumət təşkilatları öz işini sağlam hesabatlılıq prinsipləri üzərində quracaqsa...”

Hüquqşunasın fikrincə, vətəndaş cəmiyyətinin özünün inkişaf konsepsiyası və çoxsaylı fəaliyyət planları var: “Milli fəaliyyət planlarında bütün məqamlar qeyd edilir. Amma bir sıra məsələlərdə vətəndaş cəmiyyətinin daha geniş spektorda fəaliyyəti üçün problemlər də var. Qanunvericilikdə də müəyyən qaydalar dəyişməlidir. Çünki vətəndaş cəmiyyəti institutlarının qeydiyyatının asanlaşdırılması kimi həlli vacib olan məsələlər mövcuddur. Burada hüquqi şəxslərin vahid rejimdə iştirak etməsi kimi mühüm amilllər var. Özəl sektor, publik hüquqi şəxslərlə bağlı məsələlər tam avtomatlaşdırılıb və elektronlaşdırılıb. Amma qeyri-hökumət təşkilatlarının onlayn qeydiyyatı məsələləri indiyə kimi həll edilməyib. Ona görə də, hüquqi şəxslər üçün vahid qeydiyyat üçün qanunverciliyin təkmilləşməsinə ehtiyac var. Eyni zamanda onlayn qeydiyyat və iştirak məsələləri də mövcuddur ki, bütün bunlar qarşıda duran əsas amillərdəndir. Əgər bu gün dövlət-özəl sektor münasibətləri inkişafa doğru gedirsə, burada onlar arasında normal qarşılıqlı münasibətlərin qurulması məsələsi həll edilməlidir. Eləcə də bu gün vətəndaş cəmiyyəti insitutlarının özünün peşəkarlığı üzərində nə qədər çalışması məsələsi də var. Burada hesabatlılıqla bağlı da müəyyən problemlər mövcuddur. Çünki qeyri-hökumət təşkilatları öz işini sağlam hesabatlılıq prinsipləri üzərində quracaqsa, özəl sektor, həmçinin media da bu proseslərdə iştirak edəcək”.

“Vətəndaş cəmiyyətinin işi siyasət deyil”

Hüquqşünas Fərhad Mehdiyev qeyd edib ki, vətəndaş cəmiyyətinin funksiyası tamam başqadır: “Əslində onun funksiyası demokratik rejimin ayrılmaz bir hissəsidir. O, vətəndaş iradəsini bir arada toplayır və xüsusilə ictimai rəyi müxtəlif sahələrdə hökumətə çatdırır. Ona görə də, vətəndaş cəmiyyəti olmayan dövlətlərdə nə demokratik rejim ola bilir, nə də ki, hüquqi dövlət formalaşır. Çünki hüquqi dövlətin ayaqda qalması üçün mütləq şəkildə vətəndaş cəmiyyətinin olması vacibdir. Bunun üçün başqa şərtlər də var. Bu, əslində qeyri-hökumət sektoru, biznes strukturları və müxtəlif sahələrdə mühüm dəstək almalıdır”.

“Vətəndaş cəmiyyəti hüquqi dövlət prinsipləri pozulduğu halda bununla bağlı bəyanat verə bilir”

Fərhad Mehdiyevə görə, əslində vətəndaş cəmiyyətinin işi siyasət deyil: “Çünki siyasətlə siyasi partiyalar məşğul olur. Siyasət isə iqtidar olmaq üçün aparılan siyasi bir yarışdır. Yəni siyasi partiyanın işi seçkilərə qatılıb iqtidar olmaq istəyini ortaya qoymaqla bağlıdır. Vətəndaş cəmiyyəti isə siyasi şərhlər, bəyanatlar, tənqidlərlə çıxış etmiş olsa da onun məqsədi əslində heç vaxt siyasət deyil. Yəni bu adamlar siyasətə girmək istəmir, siyasətdən tamamilə kənardırlar. Sadəcə olaraq vətəndaş cəmiyyəti hüquqi dövlət prinsipləri pozulduğu halda bununla bağlı hansısa bir bəyanat verə bilir. Eyni zamanda bu istiqamətdə hansısa bir iş görürlər və hüquqi dövləti gücləndirmək üçün müəyyən layihələr həyata keçirirlər. Onların məhz belə bir funksiyası var. Bütün bunların fonunda ilk növbədə vətəndaş cəmiyyətinin ayaqda durması üçün maliyyə lazımdır. Maliyyə olan yerdə vətəndaş cəmiyyəti işləyir. Məhz maddi təminat olmadığı yerdə heç vaxt vətəndaş cəmiyyəti güclü ola bilmir. Çünki insanlar nəticədə bu işə zaman ayırırlar. Bunun qarşılığında da onların təminatı olmalıdır. Amma təəssüf ki, bizdə vətəndaş cəmiyyətində olan insanların bəziləri vətəndaş cəmiyyətinə iş yeri kimi baxır. Bu, əslində belə olmamalıdır. Vətəndaş cəmiyyəti qeyri-kommersiya təşkilatıdır. Bu pul qazanmaq fəaliyyəti üçün həyata keçirilmir. Təbii ki, bu sahədə işləyən insanların dolanışığına ehtiyac var. Onlar üçün də qrantlar ayrılan zaman müəyyən qədər vəsait nəzərdə tutulur, amma bunların məqsədi nəticə olaraq ümumi faydalı olmalıdır. Onlar hər kəsin faydası üçün işləməlidirlər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər