Türkiyə Cumhuriyyətinin yaranması tək türk xalqı üçün deyil, dünya üçün tarixi bir hadisə idi. Osmanlı imperiyası vaxtilə dünya düzənində çox vacib faktor olub. Zamanında idarəetmə formasını dəyişərək cumhuriyyətə çevrildi. Böyük Mustafa Kamal Atatürkün sayəsində nəinki forma, hətta məzmun da dəyişdi. Atatürk demokratik bir quruluşun əsasını qoydu. İslam, Şərq, ilk növbədə türk dünyasına dövlətçiliyin necə bir dəyər olduğunu nümayiş etdirdi. Beləliklə, Türkiyə XX əsrdə dünya siyasətində aparıcı faktora çevrildi.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O hesab edir ki, Türkiyənin uğuru Azərbaycanın uğurudur: “Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi “biz bir millət, iki dövlətik”. Azərbaycan xalqı zamanında Türkiyə Cumhuriyyətinin yaranmasına sevinib, ona dəstək verib. Biz unutmuruq ki, Azərbaycan Xalq Cumhuriyyətinin ayaqda durmasında o dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun böyük rolu olub. Sovet dövründə Azərbaycan cəmiyyəti Türkiyə ilə birbaşa əlaqə saxlaya bilməsə də, biz onun uğurları, ədəbiyyatı, incəsənəti ilə maraqlanmışıq. Müstəqilliyimizi bərpa edəndə onu tanıyan ilk dövət qardaş Türkiyə oldu. Sonradan işğalçı Ermənistanla diplomatik əlaqələri kəsdi və Azərbaycanın ərazi bütövlüyünü bütün dünyada ən yüksək səviyyələrdə müdafiə etdi”.
Millət vəkili qeyd edib ki, bu günki uğurlarımızda qardaş Türkiyə faktoru olduqca vacibdir: “44 günlük Vətən Müharibəsindəki uğurumuza sevinən də ilk növbədə Türkiyə dövləti oldu. Hazırda Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu, münasibətləri iki xalqın, dövlətin qardaşlığını, dostluğunu daha da möhkəmləndirir. Bizim dövlətlərin münasibəti bütün dünya üçün nümunədir. Dünyada iki elə bir dövlət yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ola bilsin”.
Aydın Mirzəzadə vurğulayıb ki, qardaş Türkiyəyə olan münasibətlərimiz olduqca əhəmiyyətlidir: “İşğaldan azad edilən ərazilərə ilk səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Azərbaycan üçün əhəmiyyətli olan iki böyük strateji obyektin, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışında məhz Türkiyə prezidenti iştirak etdi. Bu gün həmin ərazilərin bərpasında ən çox iştirak edən Türkiyə şirkətləridir. Bu, dostluğumuzun, qardaşlığımızın növbəti təzahürüdür.
Qardaş Türkiyənin Cumhuriyyət bayramını təbrik edirik. Qardaşımızın, dostumuzun şad günü bizim üçün bayramdır. Bu gün biz Türkiyənin Cumhuriyyət gününü böyük sevinclə qeyd etdiyimiz kimi, bir neçə gün sonra 8 Noyabrda da Türkiyə cəmiyyəti həmin o sevginin nümunəsini bizə göstərəcək. Bizim dostluğumuz əbədidir. Bu sifariş xalqdan, sadə vətəndaşlardan gəlir. Həmişə Azərbaycan-Türkiyə yanaşı olacaq. Bir-birinin sevincini bölüşəcək, problemlərinin həllində yaxından iştirak edəcək”.