ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında gözlənilən görüş baş tutdu. Görüş haqda fikriniz necədir: əldə edilən bəyanat gələcək üçün nə vəd edir?
- Əslində, yenilik olmadı. Azərbaycan üçün müəyyən təhlükəli məqamlar ola bilərdi, amma Prezident İlham Əliyevin mövqeyi bu məqamların hansısa formada sənəddə öz əksini tapmasına maneə yaratdı. Söhbət Ermənistan tərəfinin görüşdən öncə rus sülhməramlılarının mandatının uzadılması ilə bağlı verdiyi təklifdən gedir. Bu məsələ ümumiyyətlə müzakirə olunmadı, masaya gəlmədi. Bu, doğru yanaşmadır, çünki buna ehtiyac yoxdur.
Zatən, 10 noyabr bəyanatında bu məsələ və detalları yer alıb, məsələyə yenidən qayıtmağa ehtiyac yox idi.
Görüş 10 noyabr bəyanatında yer alan bəndlərin yenidən təkrarlanması ilə yadda qaldı. Yəni ciddi yeniliklərin olmadığını gördük.
Azərbaycanın bu günə qədər kommunikasiyaların açılması ilə bağlı ortaya qoyduğu mövqeyi bu görüşdə yenidən təkrarlandı. Bunun özü də Azərbaycanın maraqlarına cavab verir. Çünki Ermənistan tərəfi bir daha kommunikasiyaların açılması ilə bağlı mövqeyini yenilədi. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı əməli addımların atılması da mümkün ola bilər.
Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı öncədən nəzərdə tutulmuş məsələlər yenidən müzakirəyə çıxarıldı. Bununla əlaqədar birgə komissiyanın işinin intensivləşdirilməsi ilə bağlı bəyanat oldu.
Rusiya tərəfinə çox vacib idi ki, bu görüşdə hansısa sənəd imzalansın. Çünki ciddi rəqabət də var. Rusiya ilə yanaşı, Avropa Birliyi və ABŞ da prosesin çox aktiv iştirakçılarıdır. Rusiya isə bölgədəki problemlərin yalnız özünün moderatorluğu ilə həll edə biləcəyi fikrini getdikcə ABŞ və Avropa Birliyi qarşısında daha çox qabartmağa çalışır. Buna görə də Rusiya üçün istənilən bir sənədin imzalanması çox vacib idi və bu da oldu.
- Soçi bəyanatında Qarabağın adı çəkilmədi. Halbuki görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda narazılıq, Ermənistan isə müəyyən mənada razılıq yaradan açıqlama vermişdi. Belədirsə, niyə Putin bu məsələnin bəyanatda yer almasına müvəffəq ola bilmədi?
- Çox güman ki, buna Azərbaycan prezidentinin çox sərt mövqeyi imkan verməyib. Azərbaycan prezidenti ikitərəfli görüşdə elə birbaşa Putinin üzünə dedi ki, Qarabağ məsələsi iki əl əvvəl həll olunub və buna qayıtmağa ehtiyac yoxdur. Bu da onu deməyə əsas verirdi ki, üçtərəfli görüşdən sonra qəbul ediləcək istənilən sənəddə Qarabağın adı çəkilməyəcək. Belə də oldu: Soçi bəyanatında Qarabağın adı qeyd olunmadı. 10 noyabr sazişində də bu yoxdur.
- Görüşdən sonra Ermənistan mediası və ekspertlərinin təxminən ümumi fikri belədir ki, Baş nazir Nikol Paşinyan Rusiyanı yola verir, sülh müqaviləsi ilə bağlı Qərb, daha doğrusu ABŞ variantına çoxdan razılıq verib. Sizin bu haqda fikriniz necədir?
- Əslində, mən başqa cür düşünürəm. Paşinyan Putinlə ikitərəfli görüşündə Rusiyanın mövqeyini dəstəklədiyini bildirdi. Hətta Putinin “Valday” Forumundakı çıxışının Ermənistanda böyük ümid yaratdığını dedi. Erməni mətbuatı da bu haqda yazırdı. Düşünmürəm ki, Paşinyanın buna etirazı var. Azərbaycan tərəfinin qəti mövqeyi olmasaydı, bəlkə də Paşinyan istəyərdi ki, Rusiyanın Qarabağla bağlı yanaşması həmin bəyanatda yer alsın. Amma buna nail ola bilmədilər. Danışıqların gecə saatlarına qədər davam etməsi ondan xəbər verir ki, Azərbaycan prezidenti bunu qəbul etməyib.
Bəli, Ermənistanın indiki rəhbərliyinin Qərbə isti mesajlar vermək cəhdləri də var. Bu haqda dəfələrlə danışılıb.
Avropa Birliyi və ABŞ-ın hazırladığı sənədlərin də yaxın gələcəkdə, hətta noyabr ayı ərzində müzakirəyə çıxarılması məsələsi gündəmdə olacaq. İndi Rusiyada bir sənəd imzalanıbsa, çox güman ki, ilin sonuna qədər ya Brüssel, ya da Vaşinqtonda konkret məsələlərin həllini özündə ehtiva edən hansısa bir sənədin imzalanması da mümkündür.
Əslində, Qərb və Rusiyanın Cənubi Qafqazdakı rəqabəti Azərbaycanın xeyrinədir. Çünki bölgədə iki tərəfdən birinin hegemon olması Azərbaycana təzyiq amilinə çevrilə bilər. Azərbaycan da çox doğru olaraq, hər iki tərəflə danışıqlar aparmaq nə Qərb, nə də Rusiyanın dominantlığına imkan yaradır.
- Bəs Bakının sülh müqaviləsinə dair Moskva və Vaşinqton variantlarına yanaşması necə ola bilər?
- Şərti olaraq “Vaşinqton” sənədi Azərbaycanın Qarabağda suverenliyinin tanınması ilə yanaşı, bölgədə yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı ölkəmizin müəyyən öhdəliklər götürməsini özündə ehtiva edir. Əslində, bu normaldır. Çünki 44 günlük müharibədən sonra yaranmış durum Azərbaycanın qanunlarında, konstitusiyasında da öz əksini tapmalıdır. Bu, yerli özünüidarətetmənin gücləndirilməsi, mer seçkilərinin təşkili və digər məsələlər ola bilər. Hesab edirəm ki, bunlar Azərbaycanın ümumi inkişaf trendinə uyğun məsələlərdir. Buna görə də Qərbin təklif etdiyi variant daha cəlbedici görünür.
Rusiya bölgədə dayanıqlı sülhün olmasında ona görə maraqlı deyil ki, bu durumda region ölkələrinə təsir rıçaqlarını itirə bilər. Sülh müqaviləsi imzalansa, Rusiyanın həm Azərbaycan, həm də Ermənistana təsir və təzyiq mexanizmləri zəifləyəcək. Qərbin isə belə bir dərdi yoxdur. Qərb istəyir ki, məsələ həll olunsun. Amma bunun hansı formada həll ediləcəyi Qərbi o qədər də maraqlandırmır. Qərb məsələnin tezliklə - bu ilin sonunadək həll olunmasında maraqlıdır. “Vaşinqton” sənədində də yer alıb ki, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir.
Azərbaycanın marağı və tələbi budur ki, ölkəmizin Qarabağda suverenliyi tam təmin edilməlidir. Bundan sonra orada yaşayan erməni əsilli vətəndaşlaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün təhlükəsizlik, iqtisadi, siyasi və digər sahələrdə atılacaq addımların “yol xəritəsi” elan olunur. Bu, Azərbaycanın ümumi inkişaf trendinə uyğundur.
- Soçi görüşü gözlənilən nəticəni vermədi, yəni konkret anlaşma olmadı. Bu, prosesin Avropa Birliyi ilə davam etdirilməsinə təkan verəcəkmi və ya Qərb Rusiyanın heç nə edə bilməməsi fürsətindən necə yararlana bilər?
- Dediyim ki, noyabr ayı ərzində ya Brüsseldə, ya Qərb ölkələrindən birinin paytaxtında Azərbaycanla Ermənistan arasında görüş keçiriləcək. Çox güman ki, görüş Brüsseldə ola bilər. Amma bunun Vaşinqtonda olması ehtimalı da var. Əgər ortaq məxrəcə gəlinib ciddi bir sənəd imzalanacaqsa, bu, sülh müqaviləsinin prototipi ola bilər, onda bunun Vaşinqtonda imzalanacağı daha məntiqli görünür. Hətta ABŞ Prezidenti Co Baydenin də iştirakı ilə imzalanacağı daha məntiqlidir.
Əgər Ermənistan öz xülyalarından əl çəkib həqiqətən sülh istəsə, ola bilər ki, noyabr ərzində, dekabrın əvvəllərində və ya ilin sonunda Qərb ölkələrindən birində böyük sülh müqaviləsinin ilkin şərtlərinə dair sənədin imzalanması mümkündür.