12 Noyabr 2022 20:16
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndiirlməsi baxımından vacib hadisədir. Zirvə Görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür. 13 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT-ı səmərəli fəaliyyət göstərib.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır: "Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb”.

“Digər türk dövlətlərinin prosesdə iştirakına maraqlıyıq”

Millət vəkilinin sözlərinə görə, Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib:

"Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində türk ölkələrinin Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Xüsusilə, biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. TDT-nin daha bir önəmli missiyası tərəfdaşlıqdan inteqrasiyaya aparan yolla bağlıdır. Türk dövlətləri arasında intensivləşən inteqrasiya prosesini Türkiyə və Azərbaycanın apardıqları siyasətdən də aydın şəkildə görmək olur.

Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Biz digər türk dövlətlərinin prosesdə iştirakına maraqlıyıq. Bu baxımdan, Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəb və Qazaxıstan tərəfindən inşa olunacaq Yaradıcılıq Mərkəzi xalqlarımız arasında dostluq və qardaşlığın daha da dərinləşməsini göstərən faktlardır”.

“Yeni reallıq türk dünyası üçün daha sıx əlaqələri zəruri edib”

Milli Məclisin deputatı Cavid Osmanov türk dövlətləri arasında artıq yeni bir müstəvidə möhkəmlənin əlaqələrin perspektivindən bəhs edib:

“II Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratmış olduğu yeni reallıq türk dünyası üçün daha sıx əlaqələrin formaslaşmasını da zəruri edib. Türk dünyası böyük bir ailədir. Burada dövlətlərin bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməsi vacib amil kimi qəbul edilir. Bu mənada dövlətlərimiz arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat sahələri üzrə əməkdaşlıq durmadan genişlənir”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı bundan sonrakı fəaliyyət üçün mühüm yol xəritəsi hesab edilir: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı çatıb.

Bu baxımdan gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Təəssüf ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim gündəlikdə olmalıdır”.

Cavid Osmanov Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək, Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yeni dəhlizin regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacağından bəhs edib: “Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək”.

“Türk dünyası - 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiya...”

Milli Məclisin deputatı Sevinc Hüseynova hesab edir ki, Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı mühüm tarixi əhəmiyyət kəsb edir: “Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi artıq özünün bütün sahələr üzrə göstərməkdədir.

Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfəri bu mənada xüsusi ilə qeyd edilməlidir. Bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb”.

Deputat Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu söyləyib: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Ölkəmiz bundan sonra da bu amallara sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Çünki Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Bu eyni zamanda böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlarını özündə birləşdirən bir anlayışdır”.

Sevinc Hüseynova Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü xalqın böyük qürurla qeyd etdiyi ərəfədə bu cür yükəsk səviyyəli əməkdaşlığın vacib amil olduğunu bildirib:

“İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”.


Müəllif: Tapdıq Qurbanlı