23 Noyabr 2022 18:18
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Otuz il öncə Yeni Azərbaycan adı siyasi arenaya daxil olanda bəlkə də bir çoxları bu ideyanın mahiyyətini başa düşmürdü. Həmin dövrü bu gün xatırladıqda isə gerçəkdən Yeni Azərbaycanın qurulduğunu görürük. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan hazırda yeni və uğurlu bir yola qədəm qoyub. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən hər zaman əsas məqsədi dövlətin suverenliyinin təmin olunması, xalqın rifahının yüksəldilməsi və torpaq bütövlüyümüzün təmin edilməsi olub. Hazırda da partiyanın məhz ən böyük uğuru tarixi Zəfərimiz, 44 günlük müharibədə düşmənə qalib gələrək torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu gün Azərbaycan dövləti ulu öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur və inkişaf edir.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O hesab edir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın 30 illik yubuleyində səsləndirdiyi fikirlər ölkəmiz strateji xətti üçün mühüm yol xəritəsi hesab olunur:

“Dövlət başçısı 30 il öncə yaranan və ölkəni yox olmaq təhlükəsindən xilas edərək bugünkü inkişaf zirvəsinə çatdıran siyasi komandanın lideri kimi zəfər və müvəffəqiyyət tarixindən bəhs etdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz insanların yürütdüyü siyasi kurs ölkəmizdə acı bir mənzərənin yaranmasına gətirib çıxarmışdı. Naşı siyasi qərarlar ölkədə xaosun, özbaşınalığın hökm sürməsini labud etmiş, respublika uçuruma yuvarlanmışdı. Belə arzuolunmaz vəziyyətlə üzləşən insanların gözləri son ümid kimi ölkəni məhvolma təhlükəsindən xilas edərək xalqın həqiqi liderinə çevriləcək Heydər Əliyevə dikilmişdi. 1992-ci ilin noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. YAP yarananda müxalifət partiyası kimi yaranmış və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Dövrün bütün bu çətinliklərinə baxmayaraq, YAP bu ağır məsuliyyəti öz üzərinə götürdü və bundan sonra ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi. Beləliklə də, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi. 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da, Azərbaycan xalqı sürətli və dinamik inkişaf yoluna qədəm qoydu”.

Deputat bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə iqtisadi islahatlara, nizami ordunun yaradılması kimi mühüm məsələlərə start verildi:

“İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapdı. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edildi. Xarici siyasətdə milli maraqlar üzərində aparılan işlər məhz o illərdə xalqa təqdim edildi və dəstəkləndi. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu sahəsində atılan mühüm addımlar imkan verdi ki, bu gün Azərbaycan belə yüksək səviyyəli güclü və nizami orduya sahib olsun. Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində ölkənin uzunmüddətli strateji inkişafında ən önəmli məsələlərdən biri ölkəyə xarici sərmayənin qoyulmasını təmin etmək idi. Bütün planları həyata keçirmək üçün güclü maliyyə imkanları olmalı idi. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün imkan verir ki, Azərbaycan müstəqil iqtisadi siyasət aparır və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özünü təsdiqləyir”.

Tamam Cəfərova hesab edir ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır:

“Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, iqtisadi və siyasi gücü 30 ildə görülən işlərin, qazanılan uğurların məntiqi nəticəsidir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycana qarşı əks mövqe nümayiş etdirən dövlətlər beyəlxalq təsisatlarda Azərbaycanın əleyhinə hər hansı bir sənədin qəbul olunmasına nail ola bilmirlər. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin günü-gündən artan nüfuzunun və gücünün təzahürüdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər