Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında çox mühüm məqamlara toxunub. Konfransda geosiyasət, təhlükəsizlik məsələləri ilə yanaşı çox istiqamətli regional vəziyyət, bölgədə cərəyan edən proseslərlə bağlı konseptual yanaşma ortaya qoyulub. Burada bir daha Azərbaycan-Türkiyə münasibətlərinin xarakterinə mühüm yer verilib. Azərbaycan-Türkiyə münasibətləri dövlət başçısının konfransda toxunduğu kimi digər ölkələr üçün örnəkdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, dünyanın iki dövləti səmimi qardaşlıq münasibətləri qurmaq istəyirlərsə, Azərbaycan-Türkiyə əlaqələrinə baxmalıdırlar: “Çünki bu münasibətlərin dünyada analoqu yoxdur. Ölkə Prezidenti Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik, səmimiyyət, dostluq və qardaşlığa söykəndiyini önə çəkib. Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqaz kimi tarixən mürəkkəb bir regionda çox təsirli bir amildir”.
Millət vəkili Prezident İlham Əliyevin bir müddət öncə vurğuladığı kimi “Azərbaycana qarşı çıxmaq istəyən dövlətlərin Azərbaycan-Türkiyə birliyi amilini nəzərə almalıdırlar” fikrinin əhəmiyyətinə toxunub:
“Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı xarakteri ölkəmizin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məsələsidir. Cənubi Qafqaz regionunda dayanıqlı sülhün Azərbaycan-Türkiyə birgə səyləri ilə şərtləndirilməsi faktoru mövcuddur”.
Elşad Mirbəşiroğluna görə, iki qardaş ölkənin münasibətlərinin xarakteri bütövlükdə türk dünyasında inteqrasiyanın idarəedicisi rolunda çıxış etməkdədir:
“Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammitində də türk dünyasının birliyi ilə bağlı çox mühüm məqamlara toxunmuşdu. Bütövlükdə türk dünyasının virtual sərhədlərindən bəhs edilmişdi. Faktiki sərhədlərdən kənarda yaşayan türk xalqlarının, o cümlədən azərbaycanlıların vəziyyəti burada önə çəkilmişdi. Bu fikirlərin daha genişləndirilmiş formasını ADA Universitetində keçirilən beynəlxalq konfransda müşahidə etmək mümkün oldu. Bu mənada iki qardaş ölkə arasında münasibətlər Azərbaycan və Türkiyənin real gücünü, təsir imkanlarını ortaya qoyur.
Digər tərəfdən bu amil Cənubi Qafqazda bütövlükdə təhlükəsizlik arxitekturasının əsas elementini təşkil edir. Eyni zamanda türk dünyasında Azərbaycan-Türkiyə birliyi hərtərəfli inteqrasiyanın hərəkətverici elementi rolunda çıxış edir”.