“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- ABŞ bu günlərdə Ermənistan-Azərbaycan danışıqlarında fəal görünür. Dövlət katibi Entoni Blinken tez-tez Bakı və İrəvana zəng edir, digər amerikalı rəsmilər bölgəyə gəlirlər. Azərbaycan ABŞ-ın vasitəçiliyində maraqlı, Ermənistan isə narazı kimi görünür. Sizcə, Amerikanın bu prosesdə Rusiyanın önünə keçməsi üçün zəmin varmı, yaxud bu vasitəçilik nə vəd edir?
- ABŞ-ın bölgəyə marağı tamamilə anlaşılandır. Birincisi, hazırda sülh prosesində vasitəçi Brüsseldir. ABŞ da elan edib ki, Brüssel prosesini dəstəkləyir və burada söhbət təkcə sülhə nail olmaqdan getmir. Əlbəttə, sülhə nail olmaq önəmlidir, amma qarşı tərəf, yəni Rusiya sülhyaratma prosesinin pozulmasında və sülh danışıqlarının dayandırılmasında, hətta bölgədə hərbi qarşıdurmanın olmasında maraqlıdır. Bu halda Rusiyanın bölgəyə təsir, buranı öz nəzarətinə qaytarmaq və region üzərindən öz geosiyasi maraqlarını reallaşdırmaq imkanları genişlənmiş olur. Təbii ki, ABŞ buna qarşıdır və buna görə də sülh prosesinə dəstək verməyə çalışır. ABŞ rəsmilərinin bölgəyə intensiv səfərləri, dövlət katibinin telefon zəngləri də buna yönəlib. İndi sülhə nail olmaq ABŞ üçün əlverişli ssenaridir. Rusiya üçün əlverişli ssenari isə hərbi qarşıdurmadır.
Bəs ABŞ nəyə görə daha çox Azərbaycanda maraqlıdır, nəinki Ermənistanda?
Məsələ budur ki, bölgədə istənilən – həm siyasi, həm iqtisadi, həm də hərbi maraqlarını həyata keçirmək istəyirlərsə, təbii ki, bölgədəki proseslərə daha çox təsir imkanları olan tərəflə işləməlidirlər. Bu ölkə də Azərbaycandır. Paşinyanın vəziyyəti həssasdır. Çünki Rusiya Paşinyana qarşı daxildə həm birləşmiş müxalifətdən, həm də Qarabağın dağlıq hissəsində yaşayan erməni separatçılarından istifadə edir. Paşinyan da başa düşür ki, sülh prosesi pozulacağı halda ən böyük zərbəni onun ölkəsi və hakimiyyəti alacaq. ABŞ-da da anlayırlar ki, Paşinyanın və ya Ermənistan hökumətinin prosesə təsir imkanları məhduddur, bu mənada Azərbaycanın imkanları daha genişdir. Azərbaycanın xarici siyasəti çoxvektorlu və daha şaxəlidir. Buna görə də ABŞ Azərbaycanla daha intensiv işləməyə üstünlük verir.
Vaşinqtonda bunu da anlayırlar ki, bölgədə istər sabitliyin qorunmasında, istərsə də pozulmasında Azərbaycanın imkanları Ermənistandan dəfələrlə çoxdur. Söhbət əsasən bunlardan gedir.
ABŞ-ın Rusiyanın önünə keçib-keçə bilməyəcəyi məsələsinə gəldikdə, indi bunu söyləmək çətindir. Nəzərə alsaq ki, Brüssel prosesini dəstəkləyir, indiyədək öndə olub. Amma biz indi Rusiyanın revanş götürdüyünü görürük. Bunun nə qədər effektli olacağı və ya hara qədər gedəcəyi başqa sualdır. İndi bu sualın cavabı görünmür və hələlik rəqabət davam edir.
- Son günlərdə tez-tez Qarabağda atəşkəs pozulur. Üstəgəl, bir neçə gündür Rusiya Müdafiə Nazirliyinin sülhməmralıların fəaliyyəti ilə bağlı hazırladığı hesabatlarda yol verdiyi xətalara Bakıdan etiraz edilir. Ümumiyyətlə, Rusiya son günlərdə Qarabağla bağlı hesabatlarının sayını nədən artıra bilər? Çünki Ukraynada müharibə başlayandan sonra bunu az qala heçə endirmişdi.
- “Rusiya sülhməramlıları”nın bölgədəki fəaliyyəti ilk gündən pozucu olub. Rusiyanın ora öz hərbi kontingentini yerləşdirməkdə məqsədi və məramı da bu olub: buradakı separatçılardan və qanunsuz silahlı birləşmələrdən Azərbaycana, həm də Ermənistana qarşı təsir və təzyiq vasitəsi kimi istifadə etmək və bunun üçün onları müvafiq səviyyədə silahlandırmaq, onlara təlim keçmək və psixoloji-mənəvi dəstək vermək. Rusiya bunu proqram üzrə həyata keçirməkdədir. Eyni zamanda, Rusiya açıq şəkildə Azərbaycanı qıcıqlandıran və burada reaksiyalara səbəb olan addımlar atmaqdadır. Bunlardan biri də toponimlərlə bağlıdır, amma təkcə bu deyil. “Sülhməramlılar” çalışırlar ki, öz təsir coğrafiyasını və ya onların dilləri ilə desək, məsuliyyət zonasını genişləndirsinlər.
Bütün bunların hamısı Bakını konfliktə sürükləməyə yönəlmiş addımlardır. Bu baxımdan düşünürəm ki, Azərbaycanda başlamış “yeni antiterror əməliyyatları keçirilməlidir” çağırışları həm xeyirli, həm də zərərlidir. Xeyirlidir, ona görə ki, bu, Rusiya və separatçılara mesajdır ki, Azərbaycan bu məsələlərdə güzəştə getmək fikrində deyil. Zərərli və risklidir, ona görə ki, Rusiya bundan istifadə edərək, Qarabağda yeni münaqişə alovlandıra bilər. Buna görə də, çoxbalanslı mövqe sərgilənməli olduğunu düşünürəm. Eyni zamanda, Rusiyanın Qarabağın dağlıq hissəsindəki davranışlarına qarşı diplomatik və siyasi vasitələrdən də fəal şəkildə istifadə edilməlidir.
Rusiya birmənalı şəkildə başa salınmalıdır ki, Azərbaycan bu məsələlərdə güzəştə getməyəcək. Paralel olaraq, “rus sülhməramlıları”nın Azərbaycan ərazilərindən çıxarılması istiqamətində addımlar atılmalıdır. Təbii ki, ortada bir anlaşma var, buna görə, onlar ərazilərimizdə beş il qalmalıdır. Amma indidən ən azı zəmin yaradılmalıdır ki, göstərilən səbəblərdən – Rusiyanın oradakı təxribatçı fəaliyyətləri və öz öhdəliklərini yerinə yetirməməsinə görə bu müddət bitdikdən sonra Azərbaycan vaxtı uzatmayacaq. Məncə, bu, Moskvaya daha aydın və birmənalı siqnal ola bilər.
Rusiyanın bütövlükdə Cənubi Qafqaz və ya Azərbaycanla bağlı aktivliyinə gəldikdə, bu, onun Ukraynadakı uğursuzluqları ilə bağlıdır. Rusiya Ukrayna və Qara dəniz istiqamətində öz geosiyasi məqsədlərinə nail ola bilmədi. İndi çalışır ki, bu addımlarını Cənubi Qafqaz üzərindən atsın. Hələ Rusiyanın Ukraynadakı məğlubiyyətləri silsilə xarakter alanda demişdik ki, əsas diqqətini Cənubi Qafqaza yönəldəcək. Çünki bu, onun alternativlərindən biridir. Rusiyanın geosiyasi məqsədi Yaxın Şərqə çıxış və Şərq-Qərb nəqliyyat-kommunikasiya mərkəzini nəzarətə götürməkdir. Buna görə də, təsadüfi deyil ki, Azərbaycanla danışıqlarda Şimal-Cənub nəqliyyat dəhlizi prioritet təşkil edir. Əsas məqsəd budur.
- Rusiya fevraldan bəri Ukraynada işğal etdiyi yeganə regional mərkəz - Xerson şəhərini əlində saxlaya bilmədi. Zaporoje, Donetsk və Luqanskda da məqsədlərinə nail ola bilmir. Müharibənin bundan sonrakı gedişatı haqda fikriniz necədir? Ukraynadan verilən son açıqlamalarda gələn ilin birinci yarısında Rusiyanı Krımadək qovacaqları deyilir.
- Rusiyanın Ukraynadakı işğalçı müharibəsi məhvə məhkum idi, bu, əvvəldən də bəlliydi. Təəssüf ki, Rusiyanın niyə bu addımı atdığını adekvat məntiqlə izah etmək mümkün deyil. Adekvat məntiq deyir ki, Rusiya bu addımı atmamalıydı. Amma bütün gözləntilərə və adekvat dəyərləndirmələrə rəğmən, Rusiya bu addımı atdı və Ukraynanın müdafiəyə hazır olmaması səbəbindən ilkin mərhələdə müəyyən uğurlar əldə etdi, baxmayaraq ki, bunlar hərbi baxımdan o qədər də böyük uğurlar deyil. Bunun ardınca Ukrayna ordusu toplarlandı, NATO ölkələri tərəfindən dəstək aldı, beləliklə, Rusiyanın qarşısı alınmağa başladı. İndi də Rusiya ağır itkilər verir.
Rusiya bu itkilərə görə başqa taktikaya əl atmalıdır, nəsə başqa bir addım atmalıdır. Bu addım da kritik infrastrukturu, əslində isə mülki infrastrukturu hədəfə almaqdır. Bu, ölkəni enerji, xüsusən də elektrik enerjisi təchizatından məhrum etmək deməkdir. Bunun arxasında əhalinin istiliklə, su ilə və digər zəruri ehtiyaclarla təchiz olunması var. Rusiyanın əsas məqsədi Ukraynanı sülhə və ya danışıqlara məcbur etməkdir. Şübhəsiz ki, bu mümkün olmayacaq. Ukraynada da bunu başa düşürlər. Üstəgəl, Ukrayna qələbə relsinə düşdüyündən bu mərhələdə onun dayanması məntiqsiz olardı.
Kritik infrastrukturu hədəfə almaq yolu ilə Ukraynanı danışıqlara məcbur etməyə cəhd göstərməklə, Rusiyanın hərbi-siyasi rəhbərliyi özünü Haaqa tribunalına yaxınlaşdırır. Çünki əhali üçün yaşayış şəraitinin aradan qaldırılması və ya onun pozulması, bununla əhalinin köçünə və ölümünə nail olunması, yaxud məqsəd olaraq qarşıya qoyulması BMT tərəfindən qəbul edilmiş soyqırımı haqqında qətnamənin müvafiq bəndinin pozulmasıdır. Ukraynada da bunu çox yaxşı bilirlər, ona görə də danışıqlara getmək istəmirlər. Ukrayna ordusu öz gücünü səfərbər edib və bunu göstərir. Eyni zamanda, Ukrayna ordusunun daha müasir silahlarla təchiz olunması davam edir. Bu durumda da danışıqlara və ya güzəştə getmək Ukraynanın marağında deyil. Ona görə də, bütün addımlarına baxmayaraq, Rusiyanın növbəti məğlubiyyəti qaçılmazdır.
- Qərb və ukraynalı analitiklər Xersonun itirilməsinin Kreml və Rusiya cəmiyyətində Vladimir Putinə qarşı narazılığı gücləndirəcəyini deyirdilər. Hələlik bu üzdə görünmür. Bəs görünməyən tərəfdə, arxa planda nə baş verə bilər?
- Xersonun itirilməsindən sonra Rusiya daxilində əhval-ruhiyyə dəyişib, bu birmənalıdır. Məhz bu səbəbdən də son günlərdə Rusiyada məhdudiyyətlər və nəzarət də sərtləşdirilir. Çünki Xerson savaşın indiki mərhələsində açar bölgə idi. Anlayırlar ki, bu məğlubiyyət Rusiyanın daxili siyasi durumuna təsir göstərək və bunun əlamətləri görünür. Rusiya rəhbərliyi də bunun qarşısını almaq üçün ən ağlasığımaz məhdudiyyətlər tətbiq edir. Məsələn, sosial şəbəkələrdə müharibə haqda şərh yazmaq casusluq kimi qiymətləndiriləcək. Bu günlərdə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun belə bir əmri olub. Absurddur, amma bu addımı atırlar. Belə absurd addımların atılması göstərir ki, Rusiya daxilində vəziyyət kritikdir.
Ölkənin daxili təhlükəsizliyinə nəzarət edən xüsusi xidmət orqanı kimi Federal Təhlükəsizlik Xidməti və ya FSB real vəziyyəti obyektiv dəyərləndirə bilir. Məhz bu səbəbdən də bu cür ağlasığmaz məhdudiyyətlərə və təzyiqlərə əl atırlar. Amma proses qaçılmazdır. Çünki Rusiya daxilində narazılığın artmasının qaçılmazlığı bir neçə komponent üzərində formalaşır. Birincisi, iqtisadi, ikincisi, müharibədəki məğlubiyyət, üçüncüsü, səfərbərlik və bunun ətrafında baş verən biabırçılıqlar, dördüncüsü isə məğlubiyyətə baxmayaraq tayfabazlıq, korrupsiya və klançılığın davam etməsi ilə bağlı amillərdir.
Görünən budur ki, Rusiya hökuməti illərlə formalaşdırdığı formatından çıxa bilmir. Bu isə uğursuzluğa aparan yoldur.
Arxa planda isə ciddi savaşın getdiyi görünməyə başlayıb. Hərbçilərlə xüsusi xidmət orqanları (FSB, Təhlükəsizlik Şurası, Xarici Kəşfiyyat Xidməti və s.) arasında rəqabət kəskinləşir. Bu, onların əllərində olan media resursları vasitəsilə bir-birlərinə ünvanladıqları ittihamlardan görünür. Təxminən iki il əvvəl sizinlə müsahibədə demişdik ki, Rusiyada hakimiyyətə iddiaları tərəflərdən biri də ordudur. “Ordu” dedikdə, heç də onun başında duran müdafiə naziri Sergey Şoyqudan getmir, müdafiə naziri siyasi qərarları verən şəxsdir. Vəziyyət başqa cürdür, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı və generalitet atdığı addımlara görə onu bu duruma salması səbəbindən Putindən çox narazıdır. Bu narazılıq əvvəllər də vardı. Çünki ordunun başına həmişə ordudan kənar adamları gətirir: istər Şoyqu, istər ondan əvvəlki İvanov, istərsə də Serdyukov olsun. Onların heç biri orduya aidiyyəti olan şəxslər olmayıb.
Sergey İvanov KQB generalı idi, ordunun başına gətirdilər. Serdyukov isə ümumiyyətlə vergi, biznes və gömrük sahəsindən gəlmiş bir adam idi, biabırçı hərəkətlərlə yadda qaldı. Şoyqu isə fövqəladə hallar sahəsindəydi, yəni onun da orduya heç bir aidiyyəti yox idi. Təbii ki, Baş Qərargah bundan çox narazıdır. Qənaətimə görə, hələlik pərdə arxasında gedən mübarizə o zaman üzə çıxacaq ki, Rusiya cəmiyyətində həmin mübarizədə tərəf tutmaq üçün yekdillik formalaşsın. Bu proses də gedir, bunu da özləri formalaşdırırlar.
Düşünürəm ki, üzü yaza doğru Rusiyada vəziyyət bir qədər də kəskinləşəcək. Xüsusən də nəzərə alsaq ki, ukraynalılar Krımı azad etməkdə israrlıdırlar. Krımın azad edilməsi istiqamətində hücum başlayanda və burada uğurlar olanda Rusiya daxilindəki siyasi proseslər öz kulminasiya nöqtəsinə çatacaq. Bunun konkret nə vaxt olacağını söyləmək çətindir. Hər şey Ukrayna ordusundan, onun siyasi rəhbərliyindən və bu ölkəyə göstərilən hərbi dəstəkdən asılıdır. Hər bir halda Rusiyanın ən ciddi problemləri Krım itiriləndə başlayacaq.