29 Noyabr 2022 20:43
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında çox mühüm məsələlərə toxunub. Dövlət başçısı qeyd edib ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri olduqca vacibdir. Çünki təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi nail olmaq mümkün olmayacaq. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitliyin olmasıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycanda uzun illərdir hökm sürən sabitlik ölkəmizin inkişafı üçün başlıca amil hesab edilir: “Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətin uğurları müstəvisində mümkün olub. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasi hədəflərin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasını təmin edir. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşən Azərbaycan mühüm əlaqələrin formalaşmasında vacib amil kimi çıxış edir. Azərbaycan eyni zamanda infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatıran ölkədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi vacib kommunikasiya xəttinin formalaşması bu mənada xüsusi önəm kəsb edir. Pralel olaraq formalaşan nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin inteqrasiya olunmasına imkan verir. Bu mənada gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Azərbaycan-Pakistan münasibətləri də dostluq və qardaşlıq müstəvisində inkişaf edir”.

Millət vəkili hesab edir ki, indi təhlükəsizlik məsələləri hər zaman olduğundan daha vacibdir: “Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə yanaşmalıdır. Bu mənada Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, infrastruktur, kommunikasiya əlaqələrini genişləndirir. Hazırkı mərhələdə isə İran və Ermənistanın regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törətmək imkanları mövcud deyil. Ermənistanın regionda olan coğrafi və başqa imkanları buna yol vermir. İran isə regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Çünki bu layihələr hamının xeyrinədir. Sözsüz ki, regional və qlobal əhəmiyyətinə görə mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ilə bağlı danışıqları Azərbaycan faktiki olaraq Ermənistanla aparmır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Ona görə də, Azərbaycan Rusiya ilə bu istiqamətdə danışıqları davam etdirir. Bütün bunların fonunda Azərbaycanın İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək. Faktiki olaraq ölkələrimiz arasında uzunmüddətli, mehriban əməkdaşlıq mövcuddur. Eyni zamanda Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsi hesab olunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində də təşəbbüslərlə çıxış edir”.

Tamam Cəfərova Azərbaycan və Türkiyənin dost və qardaş ölkələr olmaqla dünya üçün örnək bir xarakterə malik olduğunu söyləyib: “Ötən il Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi münasibətlərin ən yüksək zirvəsi hesab edilir. Sözsüz ki, iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra yüksələn xətt üzrə inkişaf edəcək. Bu birlik birmənalı şəkildə regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və birgə fəaliyyət bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Müdafiə, təhlükəsizlik sahəsində də iki qardaş ölkənin atmış olduğu addımlar regional sabitliyin və mühüm meyarıdır. Bu mənada Azərbaycan və qardaş Türkiyəyə qarşı məkirli planlar düşünənlər bu birlikdən formalaşan güc amilini mütləq ki bir daha nəzərdən keçirsinlər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər