30 Noyabr 2022 19:36
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə münasibətlərinin xarakteri dünya üçün örnəkdir. Çünki dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın iki dövlət yoxdur. Bu yaxınlıq, qardaşlıq, dostluq sözsüz ki, sarsılmaz birliyə xidmət edir. İki qardaş ölkə arasında münasibətlərin məhz tarixi dəyərlər üzərində formalaşması mühüm amildir. Ümumilli lider Heydər Əliyevin “bir millət iki dövlət” fəlsəfəsindən formalaşan prinsiplər özünün ən yüksək zirvəsinə çatıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri hesab edir ki, Azərbaycan hər zaman qardaş Türkiyənin ona olan münasibətinə arxalanıb:

“Beynəlxalq arenalarda, Türkiyənin iştirak etmədiyi tədbirlərdə Azərbaycan qardaş ölkənin maraqlarını ən yüksək səviyyədə qoruyub. Prezident İlham Əliyevin qardaş Türkiyəyə, türk xalqına olan münasibəti, sevgisi məhz bu münasibətlərin indiki səviyyəyə yüksəlməsində mühüm amil hesab edilir. Türkiyə Prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə qardaşlıq münasibətləri artıq bütün məqamlarda ən sıx əlaqələrin yaranmasına zəmin formalaşdırıb”.

Millət vəkili bildirib ki, ötən il Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsi münasibətlərin ən yüksək zirvəsi idi: “İki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bu birlik birmənalı şəkildə regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və birgə fəaliyyət bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Müdafiə, təhlükəsizlik sahəsində də iki qardaş ölkənin atmış olduğu addımlar regional sabitliyin mühüm qarantı hesab edilir. Artıq iki ölkə arasında hərbi strateji plana əsasən silahlı qüvvələrin birgə hərbi təlimləri icra edilir. Azərbaycan-Türkiyə ordusu anlayışı artıq bir ordu anlayışı ilə əvəzlənib. Çünki birgə keçirilən hərbi təlimlərin xronologiyası və müttəfiqlik sazişinə uyğun olaraq Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelində inkişafı bu amili şərtləndirib”.

Ziyafət Əsgərov Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini söyləyib:

“Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə Türkiyə bu ölkə ilə bütün diplomatik, siyasi-iqtisadi münasibətlər dondurub. Sərhəd xətləri bağlanılıb. Bu, qardaş Türkiyənin Azərbaycana böyük dəstəyi idi. II Qarabağ müharibəsinin ilk saatlarından hörmətli Türkiyə prezidentinin “Azərbaycan tək deyil, biz onun yanındayıq” deməsi xalqımız üçün unudulmaz tarixi anlar idi. Vətən müharibəsindən sonra da iki dövlət birgə addımlarını davam etdirir. İşğaldan azad edilən Füzuli və Zəngilan beynəlxalq hava limanlarının açılışında iki qardaş ölkə lideri bərabər iştirak edib. Bu eyni zamanda regionda hələ də məkirli niyyəti onlanlara verilən birlik mesajı idi. Təbii ki, istənilən ölkə bölgədə təxribata əl atsa, qarşısında Türkiyə və Azərbaycan ordusunu görəcək. Bunu hamı, o cümlədən molla rejimi də bilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər