Bu gün Azərbaycan-Türkiyə münasibətləri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipindən irəli gələrək özünün ən yüksək səviyyəsinə çatıb. Şuşada imzalanan Bəyannamə Azərbaycan-Türkiyə qardaşlığının açıq təzühürü idi. Bu münasibətlər sözsüz ki, hərbi sahədə də özünü təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan-Türkiyə ordusu elə vahid ordu deməkdir. Bu mənada Azərbaycan və qardaş Türkiyədə keçirilən birgə hərbi təlimlər davamlı olaraq icra edilir. Bizə hədə-qorxu gəlmək istəyən qüvvələr, o cümlədən İran da bunu bilməlidir ki, Azərbaycan tək deyil. Azərbaycan-Türkiydə ordusu artıq vahid bir gücdür. Bizə qarşı məkrli niyyəti olanlar bu gücü nəzərə almalıdırlar.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri hesab edir ki, bu günlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin İranla sərhəddə keçirdiyi hərbi təlimlər birmənalı olaraq açıq mesajdır:
“Bütün qoşun növləri üzrə keçirilən planlar bundan sonra da davam edəcək. Bu, Azərbaycana göz dikənlərə, bizim torpağımızı işğal etmək istəyənlərə, İrana və Ermənistana ünvanlanmış mesaj kimi başa düşülməlidir. Bundan da hərə öz dərsini götürməlidir. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı müqəddəsdir. Ordumuz da bu müqəddəs prinsipləri qorumaqdadır. İranın artıq Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, ölkəmizə qarşı əzələ nümayişi mənasızdır. Biz bu illər ərzində İrana və digərlərinə qarşı olduqca dözümlülük göstərdik. Amma İranda bu yanaşmanı düzgün qiymətləndirən olmadı”.
Deputat qeyd edib ki, Azərbaycanın heç kəsin torpağında gözü yoxdur:
“Amma çox təəssüf ki, bizm torpaqlarımızda hələ də gözü olanlar var. Ermənistanın ərazi bütövlüyü İran üçün “qırmızı xətdir” deyimi əslində çox böyük bir yanlışlıq idi. İran anlamalıdır ki, heç kəsin Ermənistan ərazisini işğal etmək niyyəti yoxdur. Amma Azərbaycan ərazilərini Ermənistan 30 il işğalda saxlayanda İran niyə belə mövqe sərgiləmirdi? Hətta riyakarlıq edib İran həmin vaxt bizə qardaş, mehriban qonşu deyirdi. İran o vaxtı bütün epitetlərdən istifadə edirdi. Sonra məlum oldu ki, bu, boğazdan yuxarı deyilən sözlər olub. Çünki İran Azərbaycanın səmimi münasibətinə dürüst cavab verə bilmədi. 2006-cı ildə Azərbaycan öz ərazisində İrana qarşı olan basqılara imkan vermədi. Dövlətimiz buna imkan yaratmadı. Amma biz bunun qarşılığında İran Azərbaycan ərazisində terror törədənləri ölkəsində gizlətməklə məşğul oldu. Eyni zamanda bu günlərdə İran qanunsuz olaraq Azərbaycan ərazisinə 14 nəfərdən ibarət təxribatçı qrup göndərib. İndiki mərhələdə isə İran Azərbaycana eyni zamanda Zəngəzur dəhlizinin açılmasına maneə ola bilməyəcək. Təbii ki, burada Ermənistan ərazisindən çəkiləcək dəhlizlə bağlı İranın da narahatçılığı başadüşülən deyil”.
Ziyafət Əsgərov rus sülhməramlılarının davranışı ilə bağlı 2020-ci ilin 10 noyabrında əldə edilmiş üçtərəfli razılaşmaının prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirib:
“Fakt odur ki, sühməramlılar vəziyyəti gərginləşdirməklə məşğul olur. Bu günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan ərazisi ilə bağlı səsləndirmiş olduğu məsələlər tamamilə absurd bir mahiyyət daşıyır. Çünki Qarabağ Azərbaycan ərazisidir. Eyni zamanda hazırda rus sülhməramlılarının komandanı general Andrey Volkovun Azərbaycana məxsus toponimlərlə bağlı açıqlaması məntiqsizdir. Volkov açıqlama verir ki, bu, Moskvada olan hansısa xəritələrlə bağlıdır. Amma bu hal bizi qətiyyən maraqlandırmır. Azərbaycan toponimləri xəritələrimizdə açıq şəkildə ifadə edilib. Ona görə də rus sülhməramlılarının Azərbaycan toponimləri ilə bağlı mövqeyi qəbuledilməzdir”.