8 Dekabr 2022 20:28
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali hərbi təhsil almış jurnalist kimi deyə bilərəm ki, gözümüzün önündə sülhməramlıların Azərbaycan jurnalistlərinə qarşı davranışı biabırçı bir mənzərə idi. Ümumilikdə rus sühməramlıları mülki vətəndaşlar, jurnalistlərlə davranış qaydalarını bilmir. Çünki bu istiqamətdə heç bir hazırlıq keçməyiblər. Əslində onlar bu məsələlərlə bağlı təlimatlandırılmalı idi.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Sülhməramlıların komandanı Andrey Volkov separatçılarla oturub-durursa onun tabeçiliyində olan əsgərlərdən nə gözləmək olar? Ona görə də, Azərbaycan jurnalistlərinin davranışları haqlı idi. Bura bizim ərazidir. Öz ərazimizdə jurnalistlərin sərbəst informasiya əldə etmək hüququ var. Buna heç kəs maneə ola bilməz”.

O qeyd edib ki, Azərbaycan jurnalistlərinin rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə çəkiliş aparmasına onların narahatlığı başadüşülən deyil: “Çünki bu ərazidə heç bir nüvə obyekti, laboratoriyası, məxfi silahlar yoxdur. Sadəcə olaraq sülhməramlılar ona görə, narahat idilər ki, burada A.Volkovun separatçılarla qanunsuz, gizlin biznesi üzə çıxa bilər. Fakt odur ki, sülhməramlıların komandanı separatçılarla birlikdə Azərbaycanın təbii sərvətlərini talamaqla, oradakı mineral yataqların qanunsuz istismarı ilə məşğuldur”.

Hərbi ekspertin fikrincə, sülhməramlılar anlamalıdırlar ki, ona yaxınlaşan hərbi jurnalistdir və onun əlində ancaq mikrofon və kamera var: “Ona görə də, ona maneə olmaq olmaz. Amma biz gördük ki, rus generalı orada bu proseslərə susqun yanaşmaqla əslində bizə bu məsələdə qəti addımların atılmasını təşviq edir. Bizim öz ərazimizdə jurnalistlərimizə qarşı bu cür bavranışları olması heç bir halda qəbul edilməzdir”.

Üzeyir Cəfərov hesab edir ki, vəzifə səlahiyyətlərini aşan rus sülhməramlılarının ərazini tərk etməsi ilə burada normal vəziyyət yarana bilər: “Baş verənlərin fonunda ancaq bu qənaəti keçərli hesab etmək olar. Çünki sülhməramlıların jurnalistlərin yolunu kəsməsinə heç bir haqq qazandırmaq olmaz. Eyni zamanda sülhməramlılar burada iki ildə bir çox qanunsuz işlərə bulaşıb. Xankəndidə məlum etirazçıların İrəvandan Laçın yolu ilə daşınması, İranlı təxribatçıların əraziyə buraxılması kimi faktlar hələ “işin” görünən tərəfidir. General A.Volkov bu gün həmin ərazidə bütün yaramazlıqları edir. Onun separatçılarla iş birliyi ilə bağlı ciddi dəlillər var. Separatçılar da A.Volkov üçün ərazidə lüks həyat şəraiti yaradıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər