Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Son günlərdə Qarabağda ilginc gəlişmələr baş verir. Azərbaycanın mülki missiyasının Xocalıda araşdırma aparmasına mane olan Rusiya sülhməramlıları digər yandan qarşımıza separatçıların başçısı Ruben Vardanyanı çıxarır. Rusların bu addımını necə izah etmək olar, Bakının Vardanyanla danışıqlara getmək ehtimalı nə qədərdir?
- Azərbaycan prezidenti də açıq şəkildə bildirdi ki, biz Moskvanın göndərdiyi adamla və ya onun vassalı ilə danışıqlara getməyəcəyik. Vardanyan isə bildirir ki, danışıqlara hazırdır və “Dağlıq Qarabağ” müzakirələrdə “beynəlxalq subyekt” kimi tanınmalıdır. Belə bir şey ola bilməz.
Ümumiyyətlə, “Dağlıq Qarabağ” adlı anlayış yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var. İkincisi, “arsax” adlanan bir xalq yoxdur, Qarabağ erməniləri var, onlar da əvvəllər Azərbaycan vətəndaşları olub. İndi onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, bunu da istəmirlərsə, qapı açıqdır.
Rusiyanın oyunları isə riyakarlıqdır. Rusiya üzdə bir söz deyir, altdan başqa işlər görməyə çalışır. Ukraynada biabırçı məğlubiyyətə uğrayan Moskva indi Cənubi Qafqazdan ikiəlli yapışır. Bölgədəki əsas dayaq nöqtəsi kimi də, hərbi qüvvələrinin yerləşdiyi Qarabağ iqtisadi rayonunu görür. Ruslar həddindən artıq təhlükəli oyun oynamağa çalışırlar, amma yanılırlar ki, Azərbaycan onların bütün fitnəkar niyyətlərini bilmir. Azərbaycan bu fitnənin qarşısına beynəlxalq hüququn nəzərdə tutduğu vasitələri çıxaracaq və Rusiyanın düşündüyü kimi davranmayacaq. Azərbaycan qalib dövlət kimi ssenarini özü yazır və idarə edir, bundan sonra belə olacaq.
- Ümumiyyətlə, son günlərdə Rusiyanın Qarabağ məsələsinə bu qədər diqqət ayırmasının səbəbi necə izah oluna bilər? Sizcə, bu Azərbaycan, yoxsa Ermənistanla bağlı planın tərkib hissəsidir? Məsələn, Vardanyanın Ermənistanda hakimiyyətə hazırlaşdırılması barədə iddia var.
- Bəlkə də hər iki məsələ ilə bağlı Rusiyanın ayrı fikri var. Amma onun əsas fikri orada cəmləşib ki, gülməli də olsa, guya Qarabağın dağlıq hissəsi “rus torpağı”dır, heç ermənilərə də məxsus deyil. Onların fikrincə, guya bu torpaqlarda “Rusiyanın izi” var, ona görə də bu torpaqlar Rusiyanın istədiyi kimi idarə ediləcək. Buna Rusiya mediasında da rast gəlmək olar. Erməni əsilli politoloqlar da rus mediasında bunu daha iyrənc formada təkrarlayırlar. Bir sözlə, Qarabağdakı bu fitnə-fəsadın başında Rusiya durur. Bu da Rusiyanın Cənubi Qafqazla bağlı böyük geosiyasi maraq və arzuları ilə bağlıdır.
Ukraynada məğlub olan və bu ölkədən vurulub çıxarılmasına az qalan Rusiya Cənubi Qafqazda öz fəallığını artırır. Bu bölgə ilə bağlı öz həmlələrini edən ABŞ və Qərb dövlətləri ilə ciddi rəqabətə girib, onları qabaqlamaq siyasəti yürüdür. Bu məqsədlə də öz qulbeçələrindən - Qarabağdakı separatçılar və Ermənistandan istifadə etmək niyyətindədir. Amma Azərbaycan gəlişmələrin bu yerə gəlib çıxacağını proqnozlaşdırırdı və bilirdi ki, Rusiya heç vaxt öz öhdəliklərini yerinə yetirməyən, dəfələrlə beynəlxalq hüququ çeynəmiş və ayağı altında almış ölkədir.
Məncə, Azərbaycan Rusiyanın bu “gözlənilməz addımlar”ına kifayət qədər hazırdır və bunun qarşısını almaq üçün lazım olan bütün imkanlarından istifadə edəcək. Bu müddətdə Türkiyənin proseslərə müdaxiləsi gecikməyəcək.
- Bu kontekstdə Rusiyalı hərbi ekspert Konstantin Sivkovun Azərbaycana yönəlik hədəsi də bu günlərdə müzakirə mövzusudur. O iddia edir ki, Rusiya Ukraynadan sonra Azərbaycana əl qatacaq. Rusiya Ukraynaya qarşı əl atdığı avantüranı burada təkrarlamağa cəhd edə bilərmi?
- Rusiya etibarsız ölkədir, ondan nə desən, gözləmək olar. Amma Rusiyanın bölgəmizdə aranı qatmaq istəkləri baş tutmayacaq. Rusiya nə Ukraynadakı işini bitirə biləcək, oradan biabırçı məğlubiyyətlə çıxacaq, nə də bura əl ata biləcək. Rusiyanın Cənubi Qafqazda və ya Azərbaycan ərazilərində nəsə edə biləcəyinə taqəti qalmayacaq.
Rusiya Ukraynadan təkcə məğlub yox, parçalanmış durumda da çıxa bilər, bu halda da neo-imperiya siyasət yürütmək imkanları tam məhdudlaşacaq. Heç regional yox, əyalət dövləti səviyyəsinə enəcək. Bu zaman da Rusiyanın odioz və beynəlxalq hüquq normalarına sığmayan hərəkətlərinin qarşısını almaq Azərbaycan üçün çətin olmayacaq.
- Bəs bu məqamda Ermənistan hakimiyyəti hansı yolu tuta bilər: yenidən Rusiyanın qucağına atılacaq, ya öz yolunu gedəcək? Məsələn, Baş nazir Nikol Paşinyan son çıxışında Azərbaycana yönəlik əsassız ittihamlarla yanaşı, ölkəmizin Ermənistan üçün önəmindən və sülhün vacibliyindən danışdı.
- Ermənistanın məkrli siyasəti qəbuledilməzdir. Bir dönəm illüziyaya qapıldıq ki, Ermənistan, xüsusən də Nikol Paşinyan sülhyaratma prosesində ardıcıl və səmimi hərəkət edir. Artıq məlum olur ki, Ermənistan həmişəki riyakar, məkrli siyasətini davam etdirir, hər vəchlə vaxt udmağa çalışır. Vaxt udmaqla “bəlkə də nəsə dəyişdi” məntiqi ilə çıxış edərək, “təsadüfi hadisələr”dən özü üçün sığınacaq düzəltməyə çalışır. Bu “təsadüfi hadisələr”i də onun üçün Fransa və Rusiya yaradır.
Paşinyan sülhdən nə qədər danışırsa, manevr etməyə yönəlmiş məkrli fəaliyyətləri də bir o qədər artır. Son zamanlarda “dovşana qaç, tazıya tut” formulu üzrə hərəkət edirlər, bölgədə hadisələri gərginləşdirməyə çalışırlar. Bu baxımdan, Ermənistanla sülh danışıqları nəticə vermir və bu müzakirələrin perspektivi də uğursuz görünməyə başlayıb.
Qarabağdakı son gəlişmələr kimin təhriki ilə olur-olsun, skripka rolunu Rusiya oynayır, Fransanın da burada öz “xidmət”ləri var. Belə səylər bölgədə vəziyyəti tam gərginləşdirə və nəzarətdən çıxara bilər. Bu fonda da Paşinyanın sülhdən danışması daha çox əllaməliyə bənzəyir. Paşinyan aldadıcı manevrlərlə heç kimin diqqətini yayındıra bilməz. Biz əsl erməni xislətini Paşinyanın simasında görməyə başlamışıq.
Bəli, Nikol Paşinyan Rusiyaya möhkəm bağlıdır. Rusiya ilə əlaqələri yenidən yüksək səviyyəyə qaldıra biliblər. Rusiya və Ermənistan müdafiə nazirlikləri arasında yeni müqavilə imzalanıb. Şoyqunun “Ermənistanın silahlandırılmasını birinci vəzifəmiz kimi görürük” deməsi də, sübut edir ki, bölgə ilə bağlı təhlükəli planların qurulmasında Ermənistan Rusiya ilə bərabər hərəkət edir və burada hər ikisinin istəkləri bir nöqtədə birləşir.