Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ADA Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin birinci hissəsində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, dahi şəxsiyyət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və məişət problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir.
Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətləri ilə seçilirlər.
Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib. “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda keçirilən müzakirədə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu sahədə olan araşdırmalarını gənclərlə bölüşüb.
Qeyd olunub ki, ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Məhz ümummilli liderin səyləri ilə əsası qoyulan enerji siyasəti Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil etmişdir. Bu uğurlu siyasət müxtəlif sahələrdə effektiv islahatların aparılmasına, o cümlədən ən vacib amil kimi gənclərin timsalında insan kapitalının inkişafına təkan verib.
Panel müzakirələrində bildirilib ki, fiziki və mənəvi cəhətdən sağlam gənclik 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizin aparıcı qüvvəsi olub. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişaf Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksəlib.