19 Dekabr 2022 19:53
3 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, Laçın yolu ətrafında tələblərin qəbulunu uzatmaqla Ermənistan və onun beynəlxalq himayədarları xüsusilə də ABŞ, Fransa nəyə ümid edir? Bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi necə istifadə edilə bilər?

- Şuşa-Xankəndi yolunda bir həftədən artıqdır ki, haqsızlığa, ekoloji terrora etiraz edən bütün fəalları salamlayır, onları alqışlayıram. Bu dinc bir aksiyadır. Bunun məqsədi və tələbi də elan olunub. 30 ildən artıq bir müddətdə Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətləri talanıb. Bu gün də ekoloji talan davam edir. Bunun qarşısını almaq üçün azərbaycanlı fəallar dinc askiya keçirir. Çünki Azərbaycan dövlətinə və xalqına məxsus yeraltı və yürüstü sərvətlərin talanmasına imkan verməkz olmaz. Eyni zamanda burada Araik Arutunyan və Ruben Vardanyan kimi separatçıların çirkin əməllərinə son qoyulmalıdır. Hər kəs bilməlidir ki, oradakı aksiyaçılar Xankəndinə keçən yolu kəsməyiblər. Bu yol hümanitar gediş-gəliş üçün tam açıqdır. Bunu yayılan kadrlardan da görmək mümkündür. Orada yolu bağlayan rus sülhməramlılarıdır. Əslində sülhməramlılar həm Laçın, həm də Xankəndi istiqamətindən gələn yolu bağlayıblar.

- Son iki ildə həmin yoldan bütün qanunsuz keçidlərə göz yuman rus sülhməramlılarının dinc aksiyaya, azərbaycanlı fəalların həmin yerdən keçidinə icazə verməməsi nə ilə bağlıdır?

- Bununla bağlı ciddi faktlar var. Rus sülhməramlıları bu iki ildə Azərbaycan əleyhinə olan bütün qüvvələrin bizim ərazimizə girişinə ya göz yumub, ya da ki, şərait yaradıb. Məhz bu qanunsuz hərəkətlərin nəticəsində hələ də Xankəndidə və digər ərazilərdə qalmaqda olan separatçılar “əl-qol” açıb. İndiki halda isə Azərbaycanın dövlət nümayəndlərinin, ekoloqların, mütəxəssislərin əraziyə buraxılmaması haqlı narazılıq yaradır. Azərbaycanlının öz ərazisində müəyən fəaliyətinə qanunla müəyyən edilmiş hərəkətlərinə rus sülhməramlılarının hansısa bir maneə yaratması qəbuledilməzidir.

- Şuşa-Xankəndi yolunun bağlanması fonunda beynəlxalq təşkilatlardan da fərqli açıqlamalar var. Amma nədənsə, Naxçıvanın blokadada olması, buradakı insanların Azərbaycana çıxış imkanlarının bloklanmasına etiraz edilmir. Bu paradoksal yanaşmalar hansı şəkildə şərh edilməildir?

- Yarım milyona yaxın azərbaycanlının yaşadığı Naxçıvan 30 ildən artıq müddətdir ki, Ermənistan tərəfindən tam blokadaya salınıb. Burada dəmir və avtomobil yolunun Zəngəzurdan keçən hissəsi bağlanıb. Amma nədənsə, bu faktla bağlı hər hansı beynəlxalq təşkilat etiraz etməyib. Ona görə də, bu gün rus sülhməramlılarının bir həftədən çoxdur aksiya səbəbi ilə bağlamış olduğu Şuşa-Xankəndi yolunda hərəkəti dayandırmasına görə, hay-küy salanlar Azəraycanla bağlı həqiqətləri görməzdən gəliblər. 30 ildən çoxdur Naxçıvan blokadada yaşayır. Orada 500 minə yaxın insanın fundamental hüquqları tapdanıb. Amma nədənsə, bu hal heç bir beynəlxalq qurumu narahat etmir. Əslində bu ikili standartların, ədalətsiz yanaşmaların olduğunu bir daha ortaya çıxarır.

- Aksiyaların nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmaq olar?

- Azərbaycanlı fəalların bu aksiyası məqsədə çatana qədər davam edəcək. Millət vəkili olaraq Xacalıdan 1992-ci ildən erməni işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilmişəm. Eyni zamanda bu gün Xankəndidən, Xocavənddən, Ağdərədən olan soydaşlarımız var. Onlar da öz yurd-yuvasına getmək istəyir. Yaxın vaxtlarda biz də də bu formada aksiyalara başlayacayıq. Çünki mən də öz evimə getmək istəyirəm. Görüm o vaxt rus sülhməramlısı mənim Xocalıdakı evimə getməyimə şərait yarada biləcəkmi? Amma onlar ermənilər hər cür şərait yaradır.

- Humanitar keçidlə bağlı səslənən fikirləri nə dərəcədə əsassız sayırsınız?

- Bu gün Şuşa-Xankəndi yolunda aksiyaçılar humanitar keçid üçün bütün şəraiti yaratmağa hazırdır. Bir daha deyirəm ki, yolu rus sülhməramlıları bağlayıb. Amma aksiyalar başlayandan oradan hümanitar məqsədli avtomobil kalonlarının keçidi təmin edilib. Əslində burada ciddi nəzarət edilməli məsələlər var. Hümanitar məqsəd hesab edilən maşınların ciddi şəkildə təftiş edilməsi lazımdır. Üstü çadırlarla bağlı maşınlarla kimin hara nə apardığını biz bilməliyik. Bu bizim fundamental haqqımızdır. Belə yoxlanışlar olsa silah-sursatın, minaların, terrorçuların aşkarlanması da mümkündür. Bu yaxınlarda qanunsuz yollarla Fransaya gedən separatçıların rəhbəri, hərbi cani A.Arutunyan geriyə, Xankəndiyə qayıtmağa çalışacaq. Fakt odur ki, bu gün yol bağlıdır. Amma deyirlər ki, o Xankəndinə keçəcək. Əgər belə bir hal olacaqsa, demək ki, rus sülhməramlıları onu öz maşınlarında gizlin şəkildə ərazidən keçirəcəklər. Bu isə açıq şəkildə hərbi cinayətdir. Separatçıya, terrorçuya keçid imkan vermək beynəlxalq hüquqa ziddir.

- Xankəndidən çıxış üçün separatçıların rəhbərləri hava yolundan istifadə etmək imkanlarından danışıb. Bu nə dərəcədə real ola bilər? Sizcə, keçmiş Xocalı aeroportundan separatçıların istifadəsi mümkündür?

- Əslində Xocalı aeroportu ilə bağlı separatçılar 30 ilə yaxındır xəyallar qururlar və bunu danışırlar. Bu gün Azərbaycan əsgəri Ermənistanla şərti sərhəd xəttində məğrur və qalib kimi qürurla dayanıb. Eyni zamanda Azərbaycanın icazəsi olmadan hava yolu ilə hər hansı bir pozuntu olarsa, buna qarşı Hərbi Hava Qüvvələri tərəfindən dərhal tədbir görüləcək və o məhv ediləcək.

- Aksiyanın uzanması, qarşı tərəfdən hansısa təxribat elementlərini gündəmə gətirə bilərmi?

- Azərbaycanı növbəti dəfə təxribata çəkmək niyyətləri var. Düşünürlər ki, əsəblər tarıma çəkilsin, gərginlik yaransın, oradakı aksiyaçılar tərəfindən hansısa bir addım atılsın və onlar da bunu özləri üçün bir “fürsət” hesab etsinlər. Amma bu mümkün olmayacaq. Əslində çoxdan zamanı çatmış bir məsələ var ki, Ermənistandan Azərbaycan ərazisinə, Xankəndinə gələn yolun girişində Dövlət Sərhəd Xidmətinin, Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin postları qurulmalıdır. Çünki yol bizim ərazimizdən keçir. Bu yeganə çıxış yoludur. İki il ərzində separatçılara həmin yolla silahlar, hərbi texnikalar daşınıb. Bu günlərdə quldur separatçı R.Vardanyan Ağdərə və Xocavənddə sanki dədəsinin ərazisi kimi “gəzintiyə” çıxıb. Hətta orada insanları Azərbaycanla yeni müharibəyə səsləyib. Məhz bu cür hallara son qoymaq üçün Azərbaycan Xankəndinə gələn yeganə yola öz nəzarətini gücləndirməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər