21 Dekabr 2022 09:14
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Vətəndaşlarımızın Laçın yolundakı dinc aksiyasını şərh edərkən, bir sıra rusiyalı siyasilər və ekspertlər Azərbaycanı açıq dillə hədələyir, Bakını raketlə vuracaqlarını iddia edirlər. Hətta Azərbaycanın Ukraynaya humanitar yardımı ilə bağlı “Rusiyaya qarşı göndərilmiş hərbi yük” olduğu cəfənginə baş vuranlar da var. Rusiyanın müəyyən ekspert dairələri və bəzi media qurumlarındakı bu anti-Azərbaycan atmosferi nə ilə əlaqəli ola bilər?

- Bunun Rusiyanın dövlət siyasəti səviyyəsində olduğu fikrini qəbul etmirəm. Bunu Rusiyadakı erməni diasporu və lobbisinin təsirində olan müəyyən siyasi dairələrin sifarişi kimi qəbul edirəm. Bunları da dilə gətirən məddah politoloqlar, ekspertlərdir. Belələri barıtı o qədər çox edirlər ki, gah neft buruqlarını bombalamaq, gah da Bakını raketlə vurmaq kimi xülyalarla Azərbaycanı hədələyirlər.

Bunların hamısı gəvəzə-gəvəzə danışan insanların beyinlərinin məhsuludur. Artıq onlardan biri Moskva Beynəlxalq Münasibətlər İnstitunun baş elmi işçisi Mixail Aleksandrov işdən qovulub. Üstəgəl, Azərbaycanda onun barəsində cinayət işi açılıb və beynəlxalq axtarışa verilib.

Sivkov da belə iddianı dilə gətirən axırıncı şəxsdir. O da “Ukrayna ilə məsələni həll etdikdən sonra Azərbaycanla məsələni həll edəcəyik” kimi sərsəm iddiaya baş vurub.

Siz Ukrayna ilə işi heç vaxt istədiyiniz kimi başa çatdıra bilməyəcəksiniz. Ukrayna ilə savaşın sonunda tamamilə zəifləmiş, tamamilə böhran içində olan, dünyadan təcrid edilmiş, terroru dəstəkləyən bir əyalət ölkəsi – İran kimi dünyanın gündəmində olacaqsınız. Onda Azərbaycandan imdad ummaq məcburiyyətində qalacaqsınız. Neoimperiya, müasir çağırışlara heç cür uyğun gəlməyən və xalqlara qarşı nifrətlə yoğrulmuş fikirlərinizi yada sala bilməyəcəksiniz.

Bəli, Rusiyada Azərbaycana qarşı hədələr artır. Amma hesab edirəm ki, Moskvanın əsas, aparıcı siyasi xətti fevralın 22-də imzalanmış müttəfiqlik haqqında bəyyanamə ilə bağlıdır. Hələ ki, bu, Moskvanın siyasi xəttində özünü göstərir.

- Son gəlişmələr fonunda separatçı Ruben Vardanyanın Xankəndidəki təxribatçı fəallığı və rus sülhməramlıları ilə sıx təmasları da bu günlərdə diqqətdən yayınmır. Vardanyan və ona dəstək verənlər nə planlaşdırırlar?

- Vardanyan Qarabağda doğulmayıb, orada böyüməyib. Rusiyada da dələduzluqla, “çirkli pulların yuyulması” ilə məşğul olub. Mənəviyyatı və əxlaqı tamamilə erroziyaya uğramış bir şəxsdir, siyasətdə də tam piyadadır. Xankəndidə isə başından yekə açıqlamalar verərək, vəziyyəti gərginləşdirməyə çalışır. Bu avantürist adam anlamır ki, bölgədə məsələləri o və Araik Arutyunyan kimi adamlar həll etmirlər. Buradakı proseslər hələlik dünya güclərinin təsiri altında olsa da, hadisələr qalib ölkə kimi Azərbaycanın və onun siyasi rəhbərinin iradəsindən asılıdır.

Vardanyan nə reallığı dərk edə, nə də buna uyğun addım atmaq haqda düşünə bilir. Məncə, onun ərazilərimizdən rədd olub çıxıb getməkdən başqa çıxış yolu yoxdur. Bu, başqa cür ola da bilməz. Bu ərazilərdə suverenliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ya onu həbs edəcək, ya da özü qaçıb gedəcək.

Vardanyanın sayıqlamaları ilə bağlı şərh vermək yersiz olsa da, hər halda nəzərə almaq lazımdır ki, o, Rusiyadakı müəyyən siyasi dairələrin tapşırığını yerinə yetirir və bölgəni qatıb-qarışdırmaqla məşğuldur. Vardanyanın səyləri boşdur və heç bir hədəfinə çatmayacaq.

- Vəziyyət mürəkkəb görünür. Rusiya hərbçiləri və separatçıların təxribatları bu qarışıq mənzərəni bir az da bulandırır. Danışıqlar isə dalana dirənmiş kimi görünür. Belə bir durumda gəlişmələr hansı istiqamətdə cərəyan edə bilər?

- Danışıqlar yolundakı əngəlləri Nikol Paşinyan və Fransa yaradıb. Prosesin səngiməsində Qərb və Rusiya arasındakı rəqabət də müəyyən rol oynayır. Bölgədə sülhün təmin edilməsi perspektivi yaransa da, böyük güclərin proseslərə öz maraqları kontekstindən yanaşması danışıqların məntiqi sonluqla başa çatmasına imkan vermir. Amma sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Müəyyən fasilə olsa da, danışıqlar prosesi yeni ildən təzədən gündəmə gələcək. Bu baxımdan, sülhyaratma təşəbbüslərinin tam aradan qalxdığını düşünmürəm.

Azərbaycanın qarşısında duran əsas vəzifə sülh müqaviləsinin bağlanması ilə yanaşı, öz ərazi bütövlüyünü tam təmin etməkdir. Bu da Azərbaycan xalqının nümayəndələrinin Laçın yolunda öz iradələrini ortaya qoymaları ilə özünü büruzə verir. Əminəm ki, bu proses genişlənməkdə davam edəcək. Bu proses Azərbaycanın suverenliyinin separatçıların yaşadıqları ərazilərdə - Qarabağın dağlıq hissəsində bərpası ilə başa çatacaq.

- Bəs yeni ildən başlayacaq danışıqlar prosesində hansı vasitəçi önə keçə bilər? Məsələn, Avropa Birliyinin bura qədərki vasitəçiliyi Azərbaycanda böyük ümidlər yaratmışdı.

- Zənnimcə, indiki durumda birinci planda duran əsas məsələ Avropa Birliyinin vasitəçiliyi ilə sülhyaratma prosesinin məntiqi sonluqla başa çatmasıdır. Sonradan ortaya atılan Rusiya prosesə badalaq vurmaqla öz məqsədlərinə çatmayacaq. Putinin vasitəçiliyi ilə görüşlər keçirilə, yaxud “Rusiyanın motivləri” ilə tərəfləri barışığa çağıra bilər. Amma Rusiyanın hərbçiləri bölgədə, hərbi bazaları Ermənistanda qaldıqca, Moskvanın obyektiv moderator olması ehtimalı yox dərəcəsində olacaq.

Ortada bir sıra layihələr var, bunlar əsasən neft və qazla bağlı projelərdir. Bu projelər Özbəkistan, Qazaxıstan və Türkmənistanın enerji resurslarının Azərbaycan üzərindən Avropaya daşınmasını nəzərdə tutur. Bu layihələr artıq reallaşmaq üzrədir. Bunların həm də Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı olduğunu nəzərə alsaq, bölgədə Avropa Birliyi və ya Qərbin nüfuzunun artacağını və onların bölgədə sülhyaratma prosesinə töhfə verəcəklərini təxmin edirəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər