Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, son vaxtlar Xankəndidə olan separatçılardan daha aqressiv yanaşmalar, yeni müharibəyə çağırışlarla bağlı fikirlər səslənir. Bu, hansı amillərlə bağlıdır və bu cür hal yaşanarsa, nəticəsi necə ola bilər?
- Bu, Xankəndidə olan separatçı Ruben Vardanyan və onun ətrafında olanların çıxışları, sülhə, barışığa qarşı olduqlarını bir daha təsdiq edir. Əslində bu çağırışlar müharibəyə, yenidən qan tökülməsinə edilən “təşəbbüslərdir”. 44 günlük müharibədən öncə də erməni tərəfindən bu cür çağırışlar edilirdi. Nəticəsini isə hər kəs gördü. İndi də Vardanyan belə bir mövqedən çıxış edir. Bu da onun sonu ilə nəticələnəcək.
- Azərbaycan ərazisində separatizmə, terrorizmə edilən bu cür çağırışlara necə reaksiya verilməlidir?
- Bu, açıq şəkildə terrora, müharibəyə, separatizmin dəstəklənməsinə edilən bir cəhddir. Ona görə də, ilk olaraq bizim tərəfimizdən Vardanyan beynəlxalq axtarışa verilməlidir. Bunun ardınca o İnterpol tərəfindən həbs edilib, Azərbaycana təhvil verilməlidir. Çünki bizim ərazimizdə etdiyi qanunsuzluqlara görə, o, Azərbaycan qanunları qarşısında cavab verilməlidir.
- Vardanyana qarşı antiterror əməliyyatınin keçirilməsini mümkün hesab edirsinizmi?
- Azərbaycan hüquq mühafizə orqanlarının tam səlahiyyəti var ki, öz ərazimizə qeyri-qanuni yolla daxil olmuş və burada yaşayan Vardanyana qarşı antiterror əməliyyatı keçirsin. O terrorçu kimi ya orada məhv edilməli, ya da həbs edilib cəzalandırılmalıdır. Çünki onun bütün çıxışları və davranışları məhz bunun üçün ciddi bir əsas yaradır. Əslində bu gün Vardanyanın yanında olan separatçılar da ondan geri qalmırlar.
- Xankəndidən də azərbaycanlı aktivistlərin aksiyasına qarşı yürüşlər var. Belə olan halda mümkün qarşıdurma elementlərini necə dəyərləndirmək olar?
- Onlar Xankəndi və Ermənistan istiqamətindən müxtəlif dəstələr, qruplar yaradaraq bizim ərazimizə yürüşlər etmək, real qarşıdurmalar yaratmaq niyyətindədirlər. Ona görə də, biz öz ərazimizdə, yəni Şuşa-Xankəndi-Laçın yolunda sərhəd buraxılış məntəqəsi formalaşdırmalıyıq. Məhz bundan sonra bu cür hallara qarşısı daha qətiyyətlə cavab vermək mümkün olacaq. Eyni zamanda burada digər dövlət orqanlarının da xidmətləri fəaliyyətə başlamalıdır. Bununla yanaşı Xankəndi istiqamətində olan təhlükəyə qarşı orada olan hərbçilərimizin gücünü daha da artırmalıyıq. Çünki burada rus sülhməramlılarına o qədər də arxayın olmaq olmaz.
- Rus sülhməramlıları hazırda Şuşa-Xankəndi yolundakı aksiyaçılara qarşı ola biləcək mümkün təxribata nə dərəcədə adekvat reaksiya verə bilər?
- Əslində biz onlara arxayın olmamalıyıq. Öz ordu birləşmələrimiz əraziyə tam nəzarət edir. Ola bilsin ki, sülhməramlılar buna şərait də yarada bilər. Ona görə də real təhlükələrə qarşı öz addımlarımızı atmalıyıq.
- Bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülhün olacağı ilə bağlı açıqlamalar var idi. Növbəti il sülhə inam qalırmı?
- Hazırda heç bir sülhdən söhbət gedə bilməz. Separatçı, terrorçu və müharibə çağırışları edənlərlə sülhə nə qədər yaxın olmağın mümkünlüyünü söyləmək çətindir. Bütün hallarda bölgədə daimi sülhün olmasında maraqlı olan tərəf Azərbaycandır. Erməni tərəfi və Qarabağda hələ də qalmış olan separatçılar sülhdən danışmır. İndiki halda onlar müharibə çağırışları edir, ərazi iddiaları irəli sürürlər. Belə olan halda qarşıdakı dövrdə qısa zamanda sülhün əldə olunacağı ehtimalları zəifləmiş olur.