13 Yanvar 2023 20:59
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfi hər zaman Avropa İttifaqının təşəbbüsü ilə baş tutan götüşlərdə iştirak edib. Növbəti belə bir görüş baş tutacaqdı. Sadəcə olaraq bu, Nikol Paşinyanın səhvi ucbatından pozuldu. Çünki Paşinyan bu görüşdə Emmanuel Makronun iştirak edəcəyini irəli sürdü. Məhz bundan sonra Prezident İlham Əliyev görüşdən imtina etdi.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, bu günə qədər baş tutmuş Brüssel görüşlərinin səmərəsizliyi məhz Makronun, Fransanın sərgilədiyi mövqeyə görədir:

“Bu, eyni zamanda Fransanın mövqeyi ilə razılaşan Ermənistanın davranışlarına görə də belə oldu. Brüssel görüşünün faktiki olaraq səmərəsiz olmasında məhz onlar günahkardır. Amma mahiyyət etibarı ilə Brüssel görüşlərində gedən danışıqlar Moskva və Soçi formatında aparılan danışıqlardan xeyli səmərəli idi. Çünki burada konkret olaraq sülh müqaviləsi, ərazi bütövlüyü və süverenlik məsələsi qoyulmuşdu. Eyni zamanda nəqliyyat, kommunikasiya xəttlərinin açılması faydalı bir şəkildə burada öz əksini tapmışdı”.

Politoloqa görə, artıq Azərbaycan açıq şəkildə müharibə istəmədiyini və müharibəyə hazırlaşmadığını bəyan edir:

“Əslində Azərbaycan özünə qarşı olan təhdidlərə cavab verməyə istənilən an hazırdır. Ordu həmişə hazırlıq vəziyyətindədir. Amma siyasi iradə odur ki, Azərbaycan müharibə tərəfdarı deyil. Ümid edirik ki, Ermənistan da normal münasibət sərgiləməklə münasibətlərin sivil yolla həllinə yol açacaq”.

Zərdüşt Əlizadənin fikrincə, Ermənistanda Rusiyaya bağlı olan azlıq öz iradəsini erməni cəmiyyətinə qəbul etdirmək niyyətindədir:

“Sülhə doğru atılan addımların qarşısını məhz bu qrup alır. Bu, əslində Ermənistanın dövlət, millət kimi faciəsidir. Millətə sülh lazım olsa da, fəal azlıq hədələrlə, təhdidlərlə bu prosesin irəliləməsinin qarşısını alır. Bəlkə də Paşinyan bu məsələ həll olunsa daha “xoşbəxt” olardı. Amma indi o gecə-gündüz erməni cəmiyyətdə olan millətçi əbləhlərin “Qarabağ bizimdir” suallarına cavab verməli olur”.


Müəllif: Tapdıq Qurbanlı