27 Yanvar 2023 13:09
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Azərbaycana qarşı növbəti bir təxribatdır. Burada diplomatik əlaqələr haqqında 1961-ci ilin Konvensiyası kobud şəkildə pozulub. Ona görə də, İran hökuməti məsuliyyət daşıyır. Çünki İran öz ərazisində hər hansı bir diplomatik korpusun təhlükəsizliyinə birbaşa cavabdehdir.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun fikrincə, burada bir sıra məsələləri də nəzərə almaq lazımdır: “Artıq bir ilə yaxındır ki, İranda Azərbaycana qarşı açıq nifrət kampaniyası aparılır. Belə olan şəraitdə İran hökuməti bu məsələləri nəzərə almalı idi. İndi İran hökuməti iddia edəcək ki, burada onların əli yoxdur. Amma onların bu işdə əli olmasa belə Azərbaycan səfirliyinin təhlükəsizliyi gücləndirilməli idi. Bununla hadisələrin qarşısını almaq olardı”.

Fərid Şəfiyevə görə, indiki halda İran hökuməti açıqlayacaq ki, bu qanlı olayı kimsə fərdi şəkildə törədib: “Guya həmin şəxs də açıqlayıb ki, bunu məişət səbəblərinə görə edib. Ümumiyyətlə isə İran Beynəlxalq Konvensiya kontekstində məsuliyyət daşıyır. Bununla yanaşı son iki ildə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə bir sıra hücumlar edilib. Ötən il Londonda Azərbaycan səfirliyinə qarşı radikal dini qrupların hücumu olmuşdu. Onlar da İranla bağlı idi. Eyni zamanda Parisdə, Beyrutda və Vaşinqtonda Azərbaycan səfirliklərinə qarşı erməni radikalları tərəfindən analoji hücumlar olub. Əslində bu da müəyyən bir kontekst yaradır”.

Mərkəz sədri bildirib ki, həmin ölkələrdə İsrail və ABŞ səfirlikləri ən yüksək səviyyədə qorunur: “İndiki halda İran da Azərbaycan səfirliyinin mühafizəsini bu şəkildə təmin etməli idi. Ona görə də, İranda səfirliyimizə qarşı olan bu qanlı hücum ikitərəfli əlaqələrə mənfi təsir göstərəcək”.


Müəllif: Tapdıq Qurbanlı