Özünü iqtisadçı, siyasi ekspert hesab edən bəzi şəxslər sosial şəbəkələrdə müəyyən şərhlər yayaraq Türkiyədə baş vemiş zəlzələnin Azərbaycanda da olacağı ilə bağlı proqnozlar verirlər. Onlar Xəzər dənizində neft və qaz hasilatı ilə əlaqədar qazılmış quyuların belə bir təhlükəyə səbəb ola biləcəyini iddia edirlər. Yalnız bisavad adamlar bu məlumatları yaza və yaya bilər. Ona görə ki, ən dərin neft və qaz quyusu 2-3 km-dir. Türkiyədə baş vermiş zəlzələnin episentri isə 17-20 km dərinlikdə qeydə alınıb. Ümumiyyətlə, zəlzələlər 15 km-dən daha dərinliklərdə baş verir və bu göstərici 40 km dərinliyə kimi arta bilir. Ona görə də neft və qaz istehsalının zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Boşluq əmələ gələrsə, bu, müəyyən kiçik təkanlar yarada bilər, amma böyük zəlzələlərə səbəb ola bilməz.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, özünü ekspert və siyasətçi adlandıran bir qrup şəxs sosial şəbəkələrdə belə şaiyələr yaymaqdan çəkinmirlər:
“Bundan başqa sosial şəbəkələrdə bəzi konspiraloji nəzəriyyələr irəli sürülür ki, guya bu zəlzələlər hansısa ölkələr tərəfindən təşkil olunub, tektonik silahlar da istifadə edilib və s. Bu kimi şaiyələr ilk dəfə deyil ki, ortaya çıxır. Hər böyük zəlzələdən sonra insanlar arasında belə iddialar yayılır və hər dəfə də təkzib olunur. Müqayisə üçün qeyd edim ki, Türkiyədəki zəlzələdən daha zəif zəlzələnin baş verməsi üçün Xirosimada partladılmış bombanın 50 qat gücündə bomba partladılmalıdır. Bunu isə kimsə 15 km dərinliyə qazıb yerləşdirməlidir. İndiki vəziyyətlə bağlı bu, Türkiyə ərazilərində edilməlidir. Göründüyü kimi, bu, mümkün deyil”.
Mərkəz sədrinə görə, dünyada ən dərin quyu vaxtilə sovet ittifaqı tərəfindən Kola yarmadasında 11 km dərinliyində qazılıb və sonradan bu layihə bağlanıb:
“Heç bir ölkənin texnologiyasında zəlzələləri süni şəkildə yarada biləcək tektonik silah mövcud deyil. Ona görə də hər kəsi neft-qaz quyusu və ya tektonik silahlarla bağlı uydurmalara inanmamağa çağırıram”.