Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.coma bildirilib ki, sənəd parlamentin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı imzlananıb.
Əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Dövlət Dumasının sədri nümayəndə heyətimizin bu səfərinin əhəmiyyətini qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib. Deyib ki, ikitərəfli gündəlikdə kifayət qədər məsələ yer alıb. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Vyaçeslav Volodin münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, parlamentlərimiz də prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin edilməsinə öz töhfəsini verə bilər.
Vyaçeslav Volodin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu mənada, parlament komitələri arasında əməkdaşlıq önəm daşıyır, o cümlədən müxtəlif sahələr üzrə komitələrin imkanlarından istifadə edilməlidir. Milli Məclisin həm Dövlət Duması, həm də Federal Şura ilə münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə edən Vyaçeslav Volodin deyib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.
Söhbət zamanı Dövlət Dumasının sədri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Parlamentin sədri Azərbaycanla Rusiya arasında münasibətlərin mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslandığını söyləyib. O, Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalandığını qeyd edərək bildirib ki, ölkələrimiz arasında münasibətlər dövlət başçıları tərəfindən yaradılmış möhkəm bazaya əsaslanır.
Ölkələrimiz arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini bildirən Sahibə Qafarova iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda ötən il qeydə alınan göstəricilərin uğurlu olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova deyib ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlıqda mühüm istiqaməti təşkil edir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Fondun dəstəyi ilə keçirilən tədbirlər barədə məlumat verib. O xatırladıb ki, 2019-cu ilin noyabrında Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya regionlararası forumunun 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Həmçinin Fondun dəstəyi və Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ötən il fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilib. O, belə tədbirlərin münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri parlamentlərarası əlaqələrdir. O, Dövlət Duması sədrinin 2022-ci ildə ölkəmizə səfərini xatırladaraq, bu cür səfərlərin münasibətlərimizə töhfə verdiyini bildirib. Milli Məclisin sədri parlament komitələri arasında əməkdaşlıq, təcrübə mübadiləsi məsələlərinin əhəmiyyətini qeyd edib.
Görüşdə 2020-ci ildə Azərbaycanın öz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyduğunu xatırladan Milli Məclisin sədri deyib ki, ərazilərimiz azad edildikdən dərhal sonra Azərbaycan öz hesabına genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal zamanı dağıdılmış bütün infrastruktur bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni qəsəbə və kəndlər salınır. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması prosesi başlayıb. Bununla belə, Milli Məclisin sədri mina probleminin hələ də qaldığını bildirib. O qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərimizə bir milyondan çox mina basdırıb. Müharibə başa çatandan sonra da Ermənistan tərəfi Laçın yolundan mina, hərbi sursat və təbii sərvətlərin qeyri-qanuni daşınması üçün istifadə edib. Müharibədən sonra mina partlaması nəticəsində 280-dən çox Azərbaycan vətəndaşı ya həlak olub, ya da ağır yaralanıb.
Azərbaycanın regionda sülhün və təhlükləsizliyin tərəfdarı olduğunu diqqətə çatdıran Sahibə Qafarova qeyd edib ki, ölkəmiz Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur.
Milli Məclisin sədri bir daha vurğulayıb ki, Ermənistan Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, torpaqlarımızda yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, humanitar böhran vəziyyətinin yaranması ilə bağlı uydurma iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolu boyunca hər gün çoxlu nəqliyyat vasitələrinin - sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım avtomobillərinin hərəkəti erməni tərəfinin iddialarının yalan olduğunu göstərir. Ermənistan beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə manipulyasiya ilə məşğuldur. S.Qafarova bir daha vurğulayıb ki, Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməlidir.
Milli Məclisin sədri, həmçinin İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, diplomatik korpusun bir əməkdaşının həlak olması və iki əməkdaşının yaralanması haqqında da məlumat verib. O deyib ki, Azərbaycan bu terror hücumunun ədalətli araşdırılmasını və günahkarlarının layiqli şəkildə cəzalandırılmasını tələb edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.