Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Avropa Birliyinin Ermənistana mülki missiya göndərməsini etirazla qarşılayan Rusiyadan bu ölkəyə yönəlmiş sərt ritorika artıq açıq hədə müstəvisinə keçib. Bu baxımdan, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin son açıqlaması xüsusilə fərqlənir. Sizcə, Rusiyanın bu hədələri praktiki addımlarla müşayiət oluna bilərmi?
- Artıq ritorika yoxdur, bitib. Rusiya ABŞ-ın verdiyi rolu oynayan Ermənistanın indiki hakimiyyətinin üstündən xətt çəkib, Paşinyanın dəyişdirilməsini tələb edir. Ruben Vardanyan variantı uğursuz oldu, artıq onu siyasi səhnədən çıxarıblar. Səhnəyə kimin çıxacağını bilmirəm, amma Rusiya hətta silahlı dövlət çevrilişinə getmək belə olsa, Paşinyanı devirəcək. Bunun başqa yolu da yoxdur. ABŞ, Avropa Birliyi və Fransa isə Paşinyandan tələb edir ki, Rusiya ilə bütün əlaqələrini kəssin. Ermənistanın dövlət kimi mövcudluğu da Rusiyadan asılıdır. Azərbaycan ərazilərində dövlət olduqlarını ermənilər də yaxşı bilirlər. Ermənistanın siyasi dairələri bu məsələdə Rusiyanı dəstəkləyirlər.
Rusiya artıq hədələrdən siyasi fəaliyyətə keçib. İndiyədək Rusiyada “ermənilərin sözçüləri” olan şəxslər – Lavrov, Zaxarova və digərləri də artıq Ermənistanın üstünə gedirlər. Gedişat göstərir ki, Ermənistanda ya siyasi oriyentasiya, ya da hakimiyyət dəyişəcək.
- Volodin Rusiya əleyhinə addımlarının Ermənistanın varlığını sual altında qoya biləcəyini də dedi. Bəs rusiyalı spikerin bu mesajını hansı kontekstdə şərh etmək olar?
- Volodin gözəl bilir ki, artıq Ermənistanın hədəfi Rusiyadan uzaqlaşmaqdır. Rusiya da qərarlar çox ani verilir. Artıq onlar Ermənistanla bağlı qərar vermək ərəfəsindədirlər. Volodin də bunun siqnalını verdi ki, Ermənistan ya dövlətçiliyindən əl çəkəcək, ya da Rusiyanın dedikləri ilə hərəkət edəcək.
Hadisələrin gedişi göstərir ki, Azərbaycanın yürütdüyü xarici siyasət çox uğurludur. Gördüyüm budur ki, artıq Rusiyada son hazırlıq işi gedir. Hadisələr bu səpkidə getsə, Azərbaycan təkcə Xankəndi və digər ərazi məsələlərini yox, həm də Zəngəzur dəhlizi məsələsini həll edəcək. Ermənistandan fərqli olaraq, Rusiya-Azərbaycan münasibətlərində ciddi problemlər yoxdur.
- Rusiya Avropa Birliyinin bölgəyə missiya göndərməsinin önünə keçə biləcəkmi? Ümumiyyətlə, Qərbin bu addımı bölgədə hansı gəlişmələrə yol aça bilər?
- Beynəlxalq hüquqda belə bir məsələ yoxdur. Beynəlxalq hüquqa görə, belə məsələlər dövlətlər arasındakı razılaşmalar əsasında həyata keçirilir. Amma indi Avropa Birliyinin bununla bağlı əlində razılaşdırılmış sənədi yoxdur. Fransanın bu təxribatı birmənalı şəkildə beynəlxalq hüququn subyekti deyil. Buna görə də, onların bölgəyə gətirəcəkləri missiya qeyri-qanuni olacaq. Təbii ki, missiyanın tərkibini 200-dən 2000-nə çıxarmaq, orada NATO hərbçilərinin, Fransa jandarmalarının və ayrı-ayrı Qərb dövlətlərinin kəşfiyyat orqanlarının iştirakı təsadüfi deyil. Onların hədəfləri Azərbaycan deyil, biz Avropaya kifayət qədər açıq dövlətik. Yəni bizim problemimiz yoxdur.
Problem Ermənistanındır. Baxın, 2000 nəfəri Avropa Birliyi gətirir, 2000 də ABŞ-ın Ermənistan səfirliyinin işçisi var. Yəni 5000-lik hazır potensial var. Bu 5000-lik qüvvə ilə Ermənistanda siyasi mühiti dəyişdirib, Rusiya əleyhinə kəskinləşdirə bilərlər. Sərhəddə təxribat da törədəcəklər. Bilirsiniz ki, Ermənistanın İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur, Azərbaycan sərhədlərində də müəyyən qədər rus hərbçiləri var. İndi Qərb missiyası gələndə ruslar oradan çıxmaq məcburiyyətində qalacaqlar.
Görünən budur ki, ruslar Ermənistanda planlaşdırmadıqları təxribatla üz-üzə qalıblar. İndi bundan necə çıxmağın yolunu bilmirlər. Bilsəydilər, buna belə kəskin reaksiya verməzdilər. Hadisələrin gedişinə baxacağıq, çünki beynəlxalq hüquqda belə presedent yoxdur, nə də beynəlxalq hüquq buna imkan verir. Bu, “necə gəldi” prinsipi ilə olacaqsa, Rusiya buna cavab verməli olacaq. Ona görə də, Ermənistanda siyasi qarşıdurma gözlənilir.
Rusiya çalışacaq ki, gəlmək istəyənlərə imkan verməsin. Amma bunu açıq edə bilmir. Çünki Rusiya Qərb dövlətlərinin sanksiyaları altındadır. Rusiya onsuz da Ukraynada Qərbə qarşı bir cəbhə açıb, ikincisini açmaq istəməyəcək, bunu hərbi müstəviyə çevirəcək. Buna görə də, ora gələnlərə qarşı rus və ya erməni hərbçilərinin əlləri ilə hər cür təxribat ola bilər. Bunun Qərb-Rusiya qarşıdurmasını isti və ya müharibə mərhələsinə keçirməsi də mümkündür. Rusiya buna hazırdır. Çünki artıq onun itirəcəyi bir şeyi qalmayıb.
- Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə intensiv iş gedir. Bu kontekstdə yaxın gələcəkdə, ən azı ilin sonunadək yekun müqavilənin imzalanacağı iddia edilir. Siz bu ehtimalı nə qədər mümkün hesab edirsiniz?
- Bu, ehtimal deyil, dəqiq məlumatdır. Bu məlumatlarla tanışam, Azərbaycan pərdə arxasında öz oyununu oynayır. Ermənistanla bütün səviyyələrdə danışıqlar gedir. Bu danışıqlarda maraqlı olan digər qüvvələr də var. Burada bizim əleyhimizə olan yeganə ölkə İrandır. Rusiya da bunu istəmir. Çünki İran və Rusiya bu məsələlərin ikitərəfli qaydada həll edilməsinə qarşıdırlar və bunu gizlətmirlər. Amma bunun başqa yolu yoxdur – bütün müharibələrin sonu sülhdür. Azərbaycan öz təkliflərini verib və Ermənistan da onun gücünü görüb. Buna görə də Ermənistan ikinci dəfə bu güclə qarşılaşmaq istəmir.
Ermənistan Ruben Vardanyanın timsalında dərk etməlidir ki, Azərbaycan öz iradəsini ortaya qoyanda onun üçün çox ağır nəticələri olur. Bunu Ermənistanda yaxşı başa düşürlər.