Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, İran Xoyda baş verən zəlzələdən əziyyət çəkən, qışın soyuğunda çarəsiz qalan insanlara kömək etməkdənsə, qonşularının daxili işlərinə müdaxiləyə cəhd edir. Sizcə, İranın Azərbaycana qarşı bu qədər kin-küdurətinin arxasında nə dayanır?
- Əslində İran bu gün özünün daxili problemlərini həll etsə, daha yaxşı olar. Bu mənada hər kəsə məlumdur ki, İran-Ermənistan əməkdaşlığı bu günə, dünənə bağlanmır. Onlar II Qarabağ müharibəsindən öncə də sıx əməkdaşlıq ediblər. Vətən müharibəsi dövründə və ondan sonra da İran-Ermənistan münasibətlərində daha sıx bir mənzərə müşahidə edilir. Onlar birlikdə Azərbaycana mümkün qədər hədə-qorxu gəlməyə, təzyiqlər etməyə çalışır. Amma bunlar əhəmiyyətsizdir. II Qarabağ müharibəsi dövründə də biz İranın Ermənistanı necə müdafiə etdiyinin şahidi olduq. Bu siyasəti İran indi də davam etdirir. Öz ərazisində dağıdıcı zəlzələ baş verir Xoyda evlər dağılıb, binalar uçub, azərbaycanlılar orada qışın soyuğunda çarəsiz qalıb. Amma İran hökuməti onlara heç bir yardım etmir. Bunun əvəzinə İran qonşu dövlətlərin işlərinə müdaxilə etmək üçün yollar axtarır. Eyni zamanda bu gün İran daxilində olan xaosdan hər kəs məlumatlıdır. Ona görə də, İran rejimi bu işlərə zaman ayırsa öz daxili problemlərinin həllinə yönəlsə daha yaxşı olar.
- Bir müddət öncə Ermənistanın İranla birlikdə Azərbaycana, Qubadlı-Laçın istiqamətində təxribat xarakterli hücuma əl atacağı ilə bağlı məlumatlar yayılmışdı. Sizcə, bu cür informasiyaların dövriyyəyə buraxılmasında İran hansı məqsədi güdür?
- Bundan öncə də belə təxribatlara əl atılmışdı. Amma belə absurd, cəfəng iddialarla, addımlarla heç nəyə nail olmaq mümkün deyil. Artıq Azərbaycan 90-cı illərin əvəllərindəki olduğu bir səviyyədə deyil. Ona görə də, bu gün Azərbaycanla heç kəs təhdid, təzyiq dili ilə danışa bilməz. Bu gün regionda və qlobal miqyasda Azərbaycan söz sahibidir. Güclü Ordumuz, güclü Lideirmiz var. Bu baxımdan da Azərbaycanla təhdid dilində danışmağın heç bir perspektivi yoxdur. Əslində İran özünün sosial-iqtisadi problemlərini həll etmək üçün Azərbaycanla normal müstəvidə dialoq qurub, qonşuluq əlaqələrini inkişaf etdirə bilər. Çox təəsüf ki, biz bu gün İrandan belə bir yanaşma əvəzinə ölkəmizin İrandakı səfirliyinə qarşı qanlı terror aktının icrasını gördük. Bu da ona dəlalət edir ki, İranın terror mahiyyəti elə Ermənistanla uyğun gəlir. Ermənistan isə dünyada terror dövləti kimi tanınır. Terror dövləti ilə dostluq edən ölkənin siyasətinin məhz bu cür olması heç də təəccüblü deyil. Amma bu siyasətin axırı yoxdur.
- Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın son davranışları ilə bağlı açıq şəkildə xəbərdarlıq edib. Artıq siyasi müstəvidə Ermənistanın tutmuş olduğu xəttə adekvat reaksiyalar verilir. Başqa müstəvidə bu prosesin davamını necə izləmək olar?
- Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin Moskvaya səfəri oldu. Rusiya Dövlət və Federasiya Şurasında vacib görüşlər keçirildi. Burada regionda baş verən hadisələr yüksək səviyyədə müzakirə edildi. Məhz bu görüşdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistana açıq şəkildə xəbərdarlıq etmiş oldu. Bu əslində Ermənistana verilmiş bir mesaj idi. Açıq şəkildə bildirildi ki, bu addımlar Ermənistan dövlətçiliyinin sonu ola bilər. Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsi və onların tərkibində hərbiçilər, kəşfiyyatçılar, fransalı jandarmaların olması tamam başqa mətləblərdən xəbər verir. Əgər burada regionda sülhə töhfə verəcək bir məsələdən söhbət gedirdisə, Azərbaycanın mövqeyi də mütləq şəkildə öyrənilməli idi. Çox təəssüf bu addımları Avropa İttifaqı birtərəfli qaydada atıb. Bu da regionda haqlı narazılığa gətirib çıxarır. Əvvəlcədən prosesin içərisində olan Rusiyanın da bu məsələdən narazılığı böyükdür. Hər halda Rusiyanın siyasi dairələrində bu narazılığın şahidi olduq. Rusiyanın Dövlət Duması və Federasiya Şurası bu məsələ ilə bağlı öz narazılığını ifadə edib. Ona görə də, Ermənistan bundan nəticə çıxarmalıdır.