16 Fevral 2023 09:05
6 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan dövləti özünün milli xüsusiyyətlərindən çıxış edərək ikibaşlı siyasət yürüdür. Məqsəd Rusiyanın nəzarətindən çıxıb Qərbə yaxınlaşmaqdır. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına belə bir vəzifə qoyub. Ona görə də Paşinyan addım-addım bu missiyanı icra etməyə çalışır. 44 günlük müharibədə və ondan sonra Rusiyanın Ermənistana yardım etmədiyini bəhanə edən Paşinyan iqtidarı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bəyanatlar verdi. Hətta KTMT-nin də onlara yardım etmədiyini əsas gətirərək buna görə Rusiyanı sərt tənqid etdilər.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Ermənistanın bu davranışları Rusiyanı narazı salır:

“Çünki Ermənistanın bir dövlət kimi mövcudluğu Rusiyanın himayəsi ilə mümkün olub. XIX əsrdə Qacarlarla Çar Rusiyasının apardığı müharibə nəticəsində İrandan və başqa ölkələrdən çoxsaylı ermənilər Azərbaycanın tarixi torpaqlarında yerləşdirilib. Məhz bunun nəticəsində erməni vilayəti və sonradan Ermənistan dövləti yaradılıb. Əslində bu oyuncaq dövlət Çar Rusiyasının öz maraqları üçün lazım olan bir vasitə idi. Ona görə də indiki halda Ermənistanın Rusiyaya qarşı çıxması ciddi narazılıqla qarşılanıb”.

Deputat Rusiyadan ayrı-ayrı şəxslərin Ermənistanın davranışları ilə bağlı mövqeyinin ardınca xarici işlər naziri Segey Lavrov səviyyəsində bu məsələyə münasibət bildirildiyini açıqlayıb:

“Məhz Lavrovun "Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib" - açıqlaması bu qəbildən oldu. Bu heç də Azərbaycana olan sevgidən deyildi. Faktiki olaraq Ermənistana edilən açıq mesaj və xəbərdarlıq idi. Bu günlərdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Ermənistanın son davranışları ilə bağlı narazılığını ciddi şəkil ifadə etdi. Əslində Volodinin bu mövqeyi açıq mətnlə və hədələyici ritorika ilə Ermənistan edilən növbəti xəbərdarlıq hesab edilir. Çünki Ermənistan Avroppa İttifaqının missiyası adı altında Avropanın hərbi qüvvələrini, Fransanın jandarmalarını bölgəyə gətirir”.

Fəzail Ağamalı hesab edir ki, Avropa İttifaqının missiyası adı altında Ermənistana hərbi qüvvələrin gətirilməsi Rusiyanın mövqelərinə birbaşa zərbədir:

“Amma fakt odur ki, bu proses nə qədər irəliləsə də Rusiya buna sona kimi imkan verməyəcək. Bütün bunlar Ermənistan Rusiya gərginliyinin yüksələn xətt üzrə davam etdiyini göstərir. Bu da Ermənistanda ciddi bir vəziyyətin yaranmasına səbəb ola bilər. Rusiya Ukraynada məğlub duruma düşsə və Ermənistandan hərbi qüvvələrini çıxarmalı olsa belə burada ciddi fəsadlara yol açacaq addımlar atacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər