Azərbaycan bu gün qlobal miqyasda özünün formalşdırdığı reallıq müstəvisində daha qabarıq görünür. Bu gün ən nüfuzlu, siyasi, geopolitik, geostrateji cəhətdən gözəçarpan mühüm toplantı Münxen Konfransıdır. Faktiki olaraq bu gün ABŞ Konqresinin üzvlərinin yarısı oradadır. Bu da təbii ki, bir neçə səbəblə əlaqəlidir. Rusiya-Ukrayna müharibəsi, Qərbin birliyi, eyni zamanda ABŞ Prezidenti Co Baydenin bir neçə gün sonra Avropaya səfəri ilə bağlı burada vacib müzakirələrin olacağı gözlənilir.
Bunu Teleqraf.com-a Avropa Parlamentinin məkrli qətnaməsini şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin də qatıldığı Münxen Konfransında Azərbaycan Lideri ilə sıx təmaslar və görüşlər ölkəmizə olan marağın bariz nümunəsidir:
“Bu gün dünya ölkələrinin aparıcı şəxsləri, lideləri Münxendədir. O cümlədən Çin də artıq burada təmsil olunur. Ona görə də Azərbaycanın Münxendə təmsil olunması özünün daha qabarıq şəkildə göstərməsi, müxtəlif platformalarda iştirakı, görüşlərin aktiv şəkildə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti bu görüşlərdə həm qonaq kimi iştirak edir, həm də müxtəlif liderlərlə, siyasi xadimlərlə, aparıcı şirkətlərin rəhbərləri ilə təmaslar qurur. Eyni zamanda Münxen Konfransında Cənubi Qafqazla bağlı panel müzakirələr olacaq. Əvvəlcədən xəbər yayıldı ki, Ermənistanın baş naziri Münxenə gəlmək istəmir. Yəqin ki, onun əvvəlki siyasi nokaut yadından çıxmayıb. Çünki Paşinyanın bundan sonra Prezident İlham Əliyevlə debata çıxmağa, müzakirə aparmağa cəsarəti çatmır. Onun açıq şəkildə media qarşısında dialoqa girməyə cürət etmir. Amma bugün səhər digər bir məlumat yayıldı ki, guya Paşinyan Münxendə iştirak etmək niyyətindədir”.
Səməd Seyidov hesab edir ki, indi Paşinyanın Münxendə iştirakı o qədər də əhəmiyyət kəsb etmir:
“Çünki indi hamı Prezident İlham Əliyevdən açıqlamalar gözləyir. Çünki burada məsələləri Azərbaycan Lideri həll edir. Paşinyan isə məsələlərə əngəl yaradır, müəyyənləşmiş yolu kəsir, sülh təşəbbüslərini pozur”.
Millət vəkilinə görə, bu gün qardaş Türkiyədə zəlzələ fonunda Ermənistanın münasibətləri normallaşdırmaq cəhdləri və Azərbaycanla sülh məsələsində vaxt udmaq üçün etdiyi gedişlər hər kəsə bəllidir: “Çünki onlar bununla beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönəltməyi düşünür. Ona görə də, Prezident İlham Əliyevin Münxen toplantısında açıq şəkildə dünyanın gözü önündə Azərbaycanın mövqeyini çatdırması vacib məsələdir”.