"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, Azərbaycanla Ermənistan arasında mümkün sülh müstəvisində Qərbin aktivliyi müşahidə edilir. Belə olan halda Rusiyanın prosesi yenidən ələ alması nə dərəcədə təsirli görünür? Rusiya Xarici İşlər nazirinin Bakı səfərində bu məsələ ilə bağlı gözləntiləri necə dəyərləndirmək olar?
- Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri olduqca əhəmiyyətlidir. Azərbaycan və Rusiya arasında dövlət başçısı və xarici işlər nazirlikləri arasında təmaslar olsa da bir çox məqamlarda müzakirə ediləsi məsələlər də var. Burada iki ölkənin istək və maraqları uzun dialoq nəticəsində öz həllini tapmalıdır. Münxen görüşündən sonra bu məsələ daha aktual görünür. Belə ki, burada ABŞ-ın aktivliyi, daha sonra isə Brüsseldə nəzərdə tutulan görüş fonunda bu daha vacib görünür. Çünki rus sülhməramlılarının iştirakı Azərbaycan və Qarabağdakı ermənilər arasında ötən həftə baş tutan görüş bunu deməyə əsas verir ki, Rusiya bölgədə aktivliyi əldə vermək istəmir. Ukrayna cəbhəsində xeyli məşğul olan Rusiya digər tərəfdən başa düşür ki Ermənistan və bütövlükdə Cənubi Qafqaz onun nəzarətindən çıxa bilər. Ona görə də, Rusiya indiki mərhələdə əlindən gələni etməyə hazır görünür.
- İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərində əsas çağırışların istiqamət nədən ibarətdir?
- Bu xüsusda Azərbaycan-Rusiya münasibətləri vacib və əhəmiyyətli görünür. Rusiya XİN rəhbərinin Bakı səfərində Cənubi Qafqazda siyasətlə bağlı bu ölkənin mövqeyi diqqətə çatdırılacaq. Eyni zamanda Qarabağda bundan sonra nələrin edilməli olacağı Azərbaycan və Ermənistan arasında sülh prosesi də müzakirə ediləcək. Rusiya-Azərbaycan münasibətlərində ən böyük çağırış erməni məsələsinə görə olub. Erməni məsələsini bir kənara atsaq, Azərbaycan və Rusiya münasibətlərində elə də böyük çağırışlardan söhbət gedə bilməz.
- Rusiyanın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolunu necə qiymətlləndirmək olar?
- Moskva başa düşməlidir ki, bu məsələni Azərbaycanın maraqlarına uyğun olaraq həll etməkdən başqa yol qalmayıb. Çünki Rusiya bunun əksinə olacaq yanaşma ilə Cənubi Qafqazda öz mövqeyini laxlada bilər. Bu mənada Lavrovun iki günlük Bakı səfəri olduqca çoxşaxəli bir mahiyyət daşıyacaq. Burada Azərbaycan və Rusiya ekspert qruplarının da birgə görüşünün olması nəzərdə tutulur. Bu da münasibətlərdə bir çox məsələlərin dialoqla həll edilməyə yaxın olduğunun göstəricisidir.
- Vasitəçilik məsələsində Rusiyanın Qərbə qarşı əsas arqumentləri, təsirli rolunu və imkanlarını necə dəyərləndirirsiniz?
- Azərbaycanın əsas tələbi hələ də Qarabağda qalmaqda olan erməni hərbi birləşmələrinin oradan çıxarılması ilə bağlıdır. Eyni zamanda orada olan yerli əhalinin Azərbaycana inteqrasiyası da başlıca şərt kimi qəbul edilib. Sözsüz ki, separatçı Ruben Vardanyanın kimlərsə tərəfindən Qarabağa göndərilməsi Azərbaycan-Rusiya münasibətlərində də bir sıra suallar yaratdı. Rusiya da bir çox tərəflər düşünür ki, erməni hərbi birləşmələrinin bölgədə qalması onların maraqlarına xeyirdir. Məqsəd mümkün qədər vaxt uzatmağa hesablanıb. Bundan əvvəlki görüşlərdə də Rusiya Qarabağdakı ermənilərlə bağlı məsələnin həllinin gələcəyə saxlanılmasını istəyirdi. Bu bir növ 10 il əvvəl Dmitri Medvedevin “Qarabağ münaqişəsini gələcək nəsillər həll etməlidir” tezisinə oxşayır. Bu da açıq-aşkar Rusiyanın mövqeyinin göstəricisi idi. Çünki Rusiya istəyir ki, Qarabağla bağlı müəyyən məsələlər gələcəyə saxlanılsın. Bununla da rus sülhməramlıları bölgədə daha çox qalsın.