27 Fevral 2023 22:26
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada mövcud əsasnaməyə gərə ölkələr arasında nəzarət-buraxılış məntəqələrinin olması labüddür. Avropa İttifaqına daxil olan ölkələrin sərhədlərində isə fərqli yanaşmalar mövcuddur. Ona görə də, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq ABŞ dövlət katibinin təşəbbüsü ilə Münxendə baş tutan görüşdə belə bir təkliflə çıxış etdi. Müşahidələr də göstərdi ki, Blinken də bu təklifə normal yanaşıb.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, buna baxmayaraq erməni tərəfi bu razılaşmalardan boyun qaçırır: “Məqsəd prosesləri olduğu kimi saxlamaqdır. Erməni tərəfi Rusiyanın sərhəd qoşunlarını Ermənistandan çıxarmağa çalışır. Bununla da Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq niyyəti güdülür. Eyni zamanda 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasında kommunikasiyalar və Zəngəzur dəhlizinin açılması fonunda ona Rusiya sərhəd qoşunlarının nəzarət etməsi xüsusi bir bənd kimi qeyd edilib”.

Partiya sədri hesab edir ki, Zəngəzur dəhlizinin açılmamasına səbəb Ermənistanın burada nəzarətin Rusiya sərhəd qoşunları tərəfindən aparılmasına olan etirazından qaynaqlanır:

“Çünki burada söhbət Laçın Ermənistan-Gorus sərhədindən deyil, Zəngəzur dəhlizində qurulacaq nəzarət-buraxılış məntəqəsindən gedir. Azərbaycan öz tərəfindən bu istiqamətdə buraxılış məntəqələri yarada bilər. Burada əsas məqsəd Azərbaycan ərazisinə qanunsuz səfərlərin və silah-sursatın daşınmasının qarşısını almağa hesablanıb. Qarabağ erməniləri isə bu yoldan təhlükəsiz şəkildə istifadə edə bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər