Mart ayının 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri özünü aydın şəkildə göstərir. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olmuşdur. Qoşulmama Hərəkatı beynəlxalq müstəvidə xüsusi rola və çəkiyə malikdir. Xüsusilə qeyd etməliyik ki, Hərəkatın institusional inkişafında Azərbaycanın quruma sədrliyinin mühüm əhəmiyyəti olmuşdur. Məhz, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bununla yanaşı, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirdiyinin əyani göstəricisidir. Şübhəsiz ki, bütün bunlar qurumun tarixinə qızıl hərflərlə yazılacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə öz töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib və “Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündəki çıxışında beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklərə, ikili standartlara xüsusilə diqqət çəkib. Cənab Prezident İlham Əliyev çıxışında deyib: “Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir”. Azərbaycan Prezidentinin də dediyi kimi təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar, beynəlxalq təşkilatların qərarlarının ya icra olunmaması, ya da selektiv yanaşma nümayiş olunması beynəlxalq təhlükəsizlik arxitekturasında köklü dəyişikliklərə səbəb olmuşdur.
Aydın məsələdir ki, beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər yeni dünya düzəninin formalaşmasına gətirib çıxarmışdır. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. Şərq-Qərb qütbləşməsi çox ciddi şəkildə özünü göstərir. Cənab Prezident İlham Əliyevin dediyi kimi “BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev mühüm təkliflə çıxış edib. Ölkə Başçısı minatəmizləmə məsələsinə toxunaraq qeyd edib: “Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir”. Həmçinin ölkə Başçısı Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmişdir. Şübhəsiz ki, bu təklifin edilməsi heç də təsadüfi deyil. Ona görə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Bu baxımdan Həmfikirlər Qrupunun yaradılması haqqında Azərbaycanın etdiyi təklif mina və partlamamış hərbi sursatlarla çirkləənmiş ölkələrin səsini qlobal miqyasda eşitdurmək üçün olduqca vacib məsələdir.
Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu günü-gündən artan və regionda aparıcı aktora çevrilən Azərbaycan artıq qlobal təşəbbüslərin ünvanına çevrilmişdir. Millət vəkili Tamam Cəfərova belə deyib.