Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Həm Qarabağ, həm də sərhəddə gərginlik artır, ermənilər Azərbaycana qarşı növbəti silsilə təxribatlara başlayıblar. Gedişatın davamını necə proqnozlaşdırırsınız?
- Əslində, bu, Azərbaycana qarşı planlaşdırılmış təxribatdır. Lavrov Bakıya gəlib-getdikdən sonra erməni saytları başladılar ki, Azərbaycan ona “yox” cavabı verdi. Lavrova Bakıda nə deyildiyini bilmirəm, amma onlar yazırlar ki, guya rusiyalı nazir burada olarkən Azərbaycandan İranla yaxınlaşmasını və ekofəalların Laçın yolundan çəkilmələrini istəyib. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm. Amma Lavrov Bakıdan Dehliyə getdi, orada Mirzoyanla görüşdü. Bundan bir gün sonra Bakıda (Əhmədlidə) silahlı təxribat baş verdi. Ardınca, Qarabağda bu təxribat oldu, sərhəd istiqamətində mövqelərimiz atəşə tutuldu. Görünən budur ki, ortada maraqlı qüvvələrinin maraqlarının təminatı məsələsi var.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevın Qoşulmama Hərəkatının sammitindəki çıxışı dünya üçün gözlənilməz oldu. Prezident Əliyev məlum çıxşında qlobal bir məsələni gündəmə gətirdi və ona yeni dizayn verdi. Həm BMT Təhlükəsizlik, həm Afrika dövlətləri, həm Fransanın yürütdüyü müstəmləkəçilik siyasəti, həm də güclü dövlətlərin yoxsul dövlətlərə münasibətilə bağlı danışdı. Deyə bilərik ki, İlham Əliyev dünyanın siyasət meydanında bir “bomba” partlatdı. Yəqin ki, bundan sonra İlham Əliyevə qısqanclıq edən də olacaq, ona qarşı siyasi təzyiqlər də artacaq. Çalışacaqlar ki, Azərbaycanda bir inamsızlıq mühiti yaratsınlar. İndi bu təxribatların arxasında da həmin güclər durur. Azərbaycanda öz güclərinin təmin olunmasını istəyirlər.
Təbii ki, Azərbaycan öz milli maraqlarından çıxış etdiyinə görə, biz onların təxribatlarına uymayacağıq. Azərbaycan dəfələrlə deyirdi ki, ərazilərimizə qanunsuz silah daşınır, qeyri-legitim silahlı dəstələr var və onlar tərksilah olunmalıdır. Rusiya sülhməramlıları yenə də bunlara göz yumurlar. Amma Azərbaycan ordusu öz işini gördü, gücümüzü ortaya qoydu. Bundan sonra da növbəti təxribatların olacağını gözləyirəm.
- Ermənilərin son təxribatı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması məsələsini daha da aktuallaşdırdı. Müdafiə və Xarici İşlər nazirliklərinin açıqlamalarında da bu tələb qoyuldu. Nəhayət, məsələnin həllinə nail ola biləcəyikmi?
- Təbii ki, bu olmalıdır və bu, bizim daxili işimizdir. Azərbaycan istənilən dövlətlə sərhədində öz psotlarını qurmaq hüququna malikdir. Xatırlayırsınızsa, vaxtilə Qubadlıda qurulan post həm İranın, həm də Ermənistanın təxribatlarının qarşısını aldı. Ekofəalların günlərdir dilə gətirdikləri tələblərdən biri də bununla bağlıdır. Ekofəallar bu günlər ərzində Azərbaycan ərazilərinə - Qarabağa qanunsuz hərbi daşınmaların qarşısını aldılar. Ona görə də, ermənilər başqa yola əl atdılar, amma Azərbaycan o bunun da qarşısını aldı.
Laçın yolunda postumuz qurulacaq və buna heç kim maneə ola bilməz. O postda həm sərhədçilər, həm də gömrükçülər oturacaqlar. Əgər başqa bir ölkənin vətəndaşı bizim ərazimizə gəlirsə, təbii ki, o yoxlanılmalıdır. Dediyim kimi, Laçın yolunda post qoyulacaq və buna heç kim mane ola bilməyəcək. Bura Azərbaycan ərazisidir, rus sülhməramlıları da öz vəzifələrini yerinə yetirə bilmirlər. Yəni bu dəqiqə bizim gücümüz buna yetir. Bunu etməliyik və edəcəyik də!
- Rusiyalı hərbi-siyasi ekspertlər isə artan gərginliyi Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsi ilə əlaqələndirirlər. Bu iddia nə qədər məntiqlidir?
- Bu, inandırıcı deyil. Bunlar Rusiyanın maraqlarına uyğun fikirlərdir. Birincisi, bölgəyə gələnlər Ermənistan ərazisindədirlər. Əgər Ermənistan-Azərbaycan sərhədində hansısa təxribat baş verərdisə, burada onların rolu ola bilərdi. Hazırda Avropa Birliyi Ermənistanla Azərbaycan arasında qarşıdurmanın tərəfdarı deyil. Yəni rusiyalı politoloqlar bu məsələyə öz ölkələrinin maraqları prizmasından baxırlar. Rusiyanın indi Ermənistanla da problemləri var. Yəni bu cür fikirlər söyləyə bilərlər, amma bu o demək deyil ki, bunlar düzdür.
- Diqqətçəkən bir məqam da var: Baş nazir Nikol Paşinyan həm sülh müqaviləsini imzalamağa hazır olduğunu deyir, həm də Ermənistandan Qarabağa silah-sursat daşınır. Bunu necə başa düşməliyik?
- Zənnimcə, bu qanunsuz hərbi daşınmalarda Paşinyanın rolu yoxdur. Bunun arxasında Paşinyanı devirmək istəyən qüvvələr var. Fikir verin ki, Lavrov getdikdən sonra Paşinyan açıqlama verdi ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazıram. Gördülər ki, Azərbaycanın xarici siyasəti qələbə ərəfəsindədir, dərhal Azərbaycanı qarışdırmağa cəhd göstərdilər. Bunların hamısı əvvəlcədən planlaşdırılmış aksiyalar idi. Əlbəttə, Azərbaycan imkan verməz ki, bunlar həyata keçirilsin.
Mən Paşinyanı günahlandırmazdım. Bu təxribatlarda Paşinyandan çox İran və Rusiyaya meylli qüvvələrin izi görünür. Bunu əsasən ASALA və “Daşnaksütyun” terror təşkilatları tələb edirlər. Paşinyan isə başa düşür ki, son gəlişmələr Ermənistanı çökdürə bilər, Azərbaycanla sülh müqaviləsini imzalasa, dünya onu dəstəkləyəcək. Bağlamasa, Azərbaycanın atacağı addımlar onun və Ermənistanın xeyrinə olmayacaq. Ona görə də qanunsuz hərbi daşınmaların Paşinyan tərəfindən həyata keçirildiyini düşünmürəm.
Üstəgəl, bunlar Rusiya sülhməramlılarının gözləri önündə baş verib. Onlar hara baxırdılar? 10 noyabr anlaşmasına görə, Rusiya sülhməramlıları bu qanunsuz daşınmaların qarşısını almaqla yanaşı, oradakı qeyri-legitim hərbi qüvvələri tərksilah etməliydi. Görünən budur ki, ruslar indiyədək orada öz vəzifələrini yerinə yetirməyiblər, ona görə də belə bir problem yaranıb.