“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Son təxribata görə Rusiya bunu edən erməni separatçılarını yox, Azərbaycanı ittiham etdi. Bundan əvvəl Bakıda olan Rusiya xarici işlər naziri Sergey Lavrov da əleyhimizə müəyyən mesajlar vermişdi. Görünən budur ki, Rusiya nədənsə narazı və qəzəblidir. Sizcə, bu, nədən ola bilər?
- Rusiya münaqişənin davamını istəyir. Hələ də Cənubi Qafqazda 200 illik siyasətini davam etdirir. Lavrov hər dəfə Bakıya gəlib-getdikdən sonra bir təxribat baş verir. Lavrov bu dəfə təkcə Bakıda oldu, İrəvana getmədi. Bizdə bəziləri düşündülər ki, bu, “müsbət məqam” kimi vurğulana bilər. Bunun heç bir müsbət məqamı yox idi. Nə baş verdi? Lavrov Bakıdan birbaşa “Böyük İyirmilər”in toplantısında iştirak etmək üçün Hindistana getdi. Dehlidə erməni həmkarı Ararat Mirzoyanla görüşdü.
Bu, təsadüf deyildi. Əslində, Mirzoyan G-20 sammitinə dəvət edilməmişdi, “Raisina Dialoq” adlı bir konfransa dəvət olunmuşdu. Konfrans bəhanəsi ilə Dehlidə Lavrovla görüşdü.
Lavrovun siyasəti bəllidir. Bakıda olarkən jurnalistlərdən biri Lavrova Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoyması ilə bağlı sual verdi. Lavrov ona cavabında bildirdi ki, gərək 10 noyabr sazişindən kənara çıxılmasın. Dolayı yolla onu dedi ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz. Bal kimi də yarada bilər! Biz yolu bağlamırıq, nəzarətə götürürük. Bu, həmin bəyanatda da zidd deyil. Biz öz sərhədlərimizi nəzarətə götürməliyik, yol da, ərazi də, sərhəd də bizimdir.
Son təxribata gəldikdə, bunun arxasında iki qüvvənin olduğunu düşünürəm. İnanmıram ki, son insident Nikol Paşinyan və onun hökumətinin maraqlarına cavab versin. Əksinə, onlar deyirlər ki, Qarabağ məsələsini sülh sazişinə salmadan Azərbaycanla müqavilə bağlaya bilərik. Bu, bizim də maraqlarımıza cavab verir. Bu fonda qəfil belə bir insident baş verir. Bunun arxasında iki qüvvə dayanır: Rusiyadakı məlum siyasi mərkəzlər və Ermənistandakı “Qarabağ klanı” – Robert Köçəryan və Serj Sərkisyanın simasında. Qarabağdakı separtçılar da bu iki mərkəzə bağlıdır. Ona görə də Rusiyadan müsbət heç nə gözləyə bilmərik.
Düşünürəm ki, son insidentdən sonra bizim qarşımızda iki hədəf var. Müdafiə və Xarici İşlər nazirliklərinin, eləcə də Ombudsman Aparatının açıqlamalarında bir önəmli cümlə var: Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmalıdır. Məncə, artıq yüksək səviyyədə qərar verilib və bunu icra etmək lazımdır. Düzdür, asan olmayacaq, hərbi-texniki məsələlər həll edilməlidir, Qarabağda Rusiya ilə toqquşma da bizə lazım deyil. Erməni separatçılarının məqsədi də budur ki, bizi toqquşdursun. Bütün hallarda biz Laçın yolunda sərhəd-gömrük xidməti yaratmalıyıq.
İkincisi, məlum olur ki, ermənilər Laçın yolu xaricindəki yollarla silah-sursat daşıyırlar. Bunu əyani faktlarla gördük. Sovetin köhnə nəqliyyat vasitələri ilə torpaq yollarla silah daşımaları həyata keçirirlər. İndi obyektiv səbəblərə görə bu yollara nəzarəti bərpa edə bilmiriksə, o yolları minalamlıyıq. Necə ki, illərdir onlar bizim yollarımızı minalayırlar, buna görə yüzlərlə vətəndaşımızı itirmişik. İndi biz də həmin yolları minalamlıyıq, xəritələr də əlimizdə olacaq. Nə vaxt separatçılığa son qoyacaqlarsa, o zaman minaları çıxaracağıq. Ya da dronlarla silah-sursat daşıyan nəqliyyat vasitələrini vurmalıyıq. Başqa alternativimiz yoxdur, o imkanları da onların əllərindən almaq lazımdır.
- ABŞ isə Laçın yolu ilə bağlı rəsmən bildirir ki, Azərbaycanı başa düşürük, amma məsələ həm də hər kəsin maraqlarına uyğun həllini tapmalıdır. Bunu necə izah etmək olar?
- Prezident İlham Əliyev martın 6-da Bakıda iki önəmli görüş keçirdi: ABŞ dövlət katibi Entoni Blinkenin və Avropa Birliyi rəhbərinin nümayəndələri ilə. Bəli, amerikalı diplomat (Lui Bono) Bakıda dedi ki, Azərbaycanın Laçın yolu ilə bağlı həssaslığını anlayırıq. Bu dolayısıyla o deməkdir ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyirsə, ABŞ buna etiraz etmir. Çox əla, çox yaxşı! Əslində, bunu Blinken də Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevə demişdi. Amerika bizə mane olmur. ABŞ da istəmir ki, Rusiya Qarabağda qalsın və bölgəyə nəzarət etsin. Hesab edirəm ki, ABŞ-ın bu mövqeyi bizim mövqeyimizlə üst-üstə düşür.
Bəs Avropa Birliyinin nümayəndəsi (Toivo Klaar) Bakıya niyə gəlmişdi? O, bundan əvvəl İrəvanda olmuşdu. Məncə, liderlərin görüş tarixini müəyyənləşdirmək üçün gəlmişdi. Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüş keçirmək istəyir.
Biz Avropa Birliyin də, Vaşinqtonun da vasitəçiliyinə müsbət yanaşırıq. Çünki Rusiyadan fərqli olaraq, ABŞ və Avropa Birliyi danışıqlarda Qarabağ məsələsini qaldırmırlar. Ruslar isə deyirlər ki, sonraya saxlayaq. Nə sonra?! Sonrası yoxdur! Bu məsələ bitib. Amerikalılar da, avropalılar da bu məsələyə toxunmurlar. Onların əsas məqsədi budur ki, Azərbaycanla Ermənistan arasında sülh olsun, saziş imzalansın və bölgədə əməkdaşlıq başlasın. Bunu biz də istəyirik. Bu baxımdan, Vaşinqton və Brüssel platformaları bizim üçün maraqlıdır.
Əslində, beşinci görüş Mişelin vasitəçiliyi ilə ötən ilin dekabrında Brüsseldə keçirilməliydi. Amma alınmadı. Çünki Paşinyan dedi ki, Fransa Prezidenti Makron da iştirak etsin. Çox təəssüf ki, Şarl Mişel bunu qəbul etdi. Prezident İlham Əliyev də bildirdi ki, Makron olan yerdə mən yoxam. Çünki Fransa ermənipərəst mövqedə dayanıb, Makron da birbaşa erməniləri dəstəkləyir. Fransa artıq vasitəçi statusunu itirib. Digər üç platformada danışıqları davam etdirməyə hazırıq, tənqidlərimiz olsa da, Moskva platforması da var, eləcə də Vaşinqton və Brüssel.
Qərblə əməkdaşlığımız davam edir. Amma oradan müəyyən həyəcanlı siqnallar da gəlir. Məsələn, Almaniyadan. Nikol Paşinyan bu günlərdə Berlində oldu. Almaniya Kansleri Olaf Şolz onunla görüşündə qəfil qayıtdı ki, “Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmə hüququ”nu tanıyırlar. Faktiki Fransanın dediyini təkrarladı.
Düzdür, bir gün sonra kanslerin rəsmi saytında dərc olunan açıqlamanın bu hissəsi çıxarıldı, amma Şolz bunu deyirsə, bu, artıq bizim üçün həyəcan siqnalıdır ki, Avropa Birliyinin ikinci ən böyük dövləti də ermənipərəst mövqeyə keçə bilər. Diplomatiyamız bunun qarşısını almalıdır.
- Maraqlıdır: Şolz əvvəlcə niyə belə dedi, sonra niyə sözünü geri götürdü?
- Şolz təcrübəsizdir, bu məsələləri dəqiq bilmir. Onu başa salıblar ki, Azərbaycanla münasibətləri gərginləşdirmək olmaz. Buna görə də təcrübəli müşavirləri açıqlamasını redaktə etdilər.
Şolzun niyə belə deməsinə gəldikdə, Almaniya bir sıra məsələlərə yanaşmada Fransayla eyni mövqelərdən çıxış edir. Görürlər ki, Fransa erməniləri dəstəkləyir, Almaniya da Parisin bu siyasətinin əsirinə çevrilir. Bu da bizim üçün müəyyən təhlükə yaradır. Ona görə də bu zənciri qırmalıyıq. Almaniyadakı səfirimiz fəallığını bir qədər artırmalıdır. Almanları başa salmalıyıq ki, Cənubi Qafqazın əsas dövləti Azərbaycandır.
İndiyədək Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu siyasətin qəfil dəyişməsi Almaniya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Alman rəsmilərinə bu barədə başa salmalıyıq.
- Liderlərin Brüsseldə gözlənilən görüşünə toxundunuz. Avropa Birliyinin bu dəfəki fəallığından gözləntiniz necədir, irəliləyiş olacaqmı?
- Əlbəttə, biz görüşlərdən qaçmırıq, dialoq bizim üçün faydalıdır. Amma bu o demək deyil ki, bu görüşlər Ermənistanla Azərbaycanı yaxınlaşdıra, bu il sülh sazişi mütləq imzalana bilər. Əslində, sadə bir məsələ həll olunmalıdır: Ermənistan özündə təpər tapıb Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bununla da məsələ həll ediləcək. Əslində, buna doğru gedirlər. Çünki Paşinyan və komandasının üzvləri açıq şəkildə deyirlər ki, sülh müqaviləsində Qarabağ məsələsi olmayacaq, bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu göstərir. Biz də Ermənistanın ərazi bütövlüyünü tanıyacağıq.
Ortada başqa bir ciddi məsələ də var: bütün Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası. Bu, daha problemli məsələdir. Ermənistan tərəfindən bu məsələnin həllinin uzadılmasına yönəlik səylərindən narahat olmağa dəyməz. Onsuz da keçən ilin sentyabrında təmas xəttində (şərti sərhəddə) strateji yüksəkliklərə nəzarəti ələ keçirmişik. Üstünlük bizdədir. İndi sülh müqaviləsi imzalanmırsa, imzalanmasın, sərhəd müəyyən edilmirsə, edilməsin, dəhlizlə bağlı bəzi suallarımız var. Əsas məsələ bütün Qarabağda suverenliyimizin bərpa edilməsi ilə bağlıdır.
Artıq Paşinyan da deyir ki, Qarabağ yükünü daşıya bilmir. Amma bu yükü daşımaq istəyən Rusiya var. Rusiyanın siyasi mərkəzləri var ki, qarşımızda dayan da onlardır.