Qarabağda yaşayan erməni icmasının Azərbaycana reinteqrasiyası prosesinə alternativ yoxdur. Azərbaycan ərazisində, dövlətimizə reinteqrasiya olmaq istəməyənlər ölkəmizi tərk etməlidir. Bu aydın bir məsələdir. Burada hansısa revanş imkanları nə Ermənistanda, nə də onun arxasında duran qüvvələrdə olmayacaq. Ermənistanın və erməni xalqının yeganə xilası Azərbaycanla normal münasibətlər qurmaqdan asılıdır. Eyni zamanda erməni tərəfi sülh sazişi imzalamaqla ərazi iddialarına da son qoymalıdır. Qarabağda yaşayan erməni icmasının da Azərbaycan dövlətinə inteqrasiyadan başqa yolu yoxdur.
Bunu Teleqraf.com-a Demokrat İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O qeyd edib ki, bu proses inkişaf edə bilər:
“Amma ilk növbədə Ermənistan sülh sazişi imzalamalıdır. Bununla da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Amma fakt odur ki, erməni tərəfi bir neçə fərqli platformalarda proseslə bağlı müsbət fikirlər səsləndirir, daha sonra isə heç bir işi icra etmir. Bu cür yanaşmalar Nikol Paşinyandan bir çox platformalarda eşidilib. Amma hələ indiyə kimi konkret bir nəticə yoxdur. Bu isə o deməkdir ki, Paşinyanın yanaşmaları həqiqəti əks etdirmir. Ola bilsin Rusiya-Ukrayna müharibəsinin nəticələrini gösləyirlər. Məhz bunun fonunda erməni tərəfi yeni bir sahib axtarışına çıxıb”.
Asim Mollazadə hesab edir ki, Laçın yolu ilə bağlı Azərbaycanın mövqeyi ortadadır:
“Çünki indiyə kimi Laçın yolundan erməni tərəfi silah-sursat daşımaq, terrorçuların keçidi üçün istifadə edib. Azərbaycan isə bu prosesi öz nəzarətinə götürməlidir. Rus sülhməramlılarının burada öz işinin öhdəsindən gələ bilmir. Müharibədən sonra Azərbaycan ərazisində basdırılmış erməni istehsalı olan minalar da bunu təsdiq edir”.
Deputat sülh prosesi ilə bağlı məsələyə də münasibət bildirib:
“Azərbaycan sülh, sabitlik, bölgədə kommunikasiyaların açılmasını istəyir. Ölkəmizin mövqeyi odur ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Bu prosesdə vasitəçilik etmək istəyində olanlarla bağlı da Azərbaycan seçim etmir. Azərbaycan öz mövqeyini ifadə edib. Kim buna razıdırsa, onunla əməkdaşlıq davam etdirilə bilər”.