Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü mühüm tarixi dövrə təsadüf edir. 2023-cü il martın 16-da Ankarada TDT-nin Fövqəladə Zirvə görüşü keçirilməsi türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığı, tarixi-mənəvi keyfiyyətlər üzərində formalaşmasına xidmət edir. Bu mənada son vaxtlar türk dövlətləri arasında əməkdaşlıq getdikcə artmaqdadır.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirib: “Həmçinin dövlət başçısı qeyd etdi ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni əlaqələrdə geniş imkanlara malikdir. Eyni zamanda, nəqliyyat, energetika, rəqəmsal transformasiya sahəsində də hədəflər məlumdur. Bununla yanaşı kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də vacib əməkdaşlığın formalaşması fəallaşdırılır”.
Komitə sədri hesab edir, Prezident İlham Əliyev bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib: “Qardaş Türkiyədə baş vermiş son zəlzələlər ilə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Sözsüz ki, bu Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürü hesab edilir. Heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Bu mənada sammitin məqsədi həm qeyd edilən sahədə praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsi baxımından önəmlidir”.
Millət vəkilinə görə, Azərbaycan Prezidentinin Səmərqənd Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi TDT çərçivəsində əməkdaşlığa əlavə praktiki məzmun verilir: “Sammit çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə də mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın verilməsi gözlənilir. Həmçinin sammit çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin də imzalanması əsas məqsədlər sırasındadır”.
Ziyafət Əsgərov vurğulayıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə Görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib: “Mart ayında dövlət başçısının sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas Qrupunun Zirvə görüşü, daha sonra 10-cu Qlobal Bakı Forumunun keçirilməsi, dövlət başçısının TDT-nin fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin fəal, uğurlu xarici siyasətinin növbəti bariz nümunəsidir. Bütün bunlar ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəlilədilməsi və imicinin daha da artırılmasına xidmət edir”.