Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atır. Heç şübhəsiz ki, cinayətkarlar tapılaraq məsuliyyətə cəlb ediləcək. Buna heç kimin şübhəsi olmasın.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bu terroru İran tərəfinin törətdiyini düşünənlər az deyil:
“Ancaq düşünürəm ki, istintaqın nəticəsi bilinmədən hansı tərəfi və ya dövləti günahlandırmaq hələ ki düzgün olmaz. Deputat Fazil Mustafa həm Parlamentdə, həm də mediada davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəmizə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönələn çıxışlar edirdi. Ö öz çıxışlarında tez-tez İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində cərəyan edən xoşagəlməz prosesləri də sərt tənqid edirdi. Görünür, diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan özünün ikinci müstəqillik tarixinin ən şərəfli, eyni zamanda ən gərgin dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədəki zəfərini, bölgədə yeni reallıq yaratmasını, müstəqil siyasət yeritməsini, heç bir regional və beynəlxalq təzyiqə boy əyməməsini nə qonşu dövlətlər, nə də bir sıra Qərb dövlətləri qəbul etmək istəmir”.
Millət vəkilinə görə, digər bir reallıq isə ondan ibarətdir ki, son illər regionumz və dünyamız heç zaman olmadığı qədər gərgin və ağır bir mərhələyə daxil olub:
“Hamı bulanıq suda balıq tutmağa çalışır. Qlobal güclərin siyasətindən bu gün ən çox əziyyət çəkən isə kiçik və təzyiqlərə boyun əyməyən dövlətlərdir. Ancaq onu da hər kəs bilməlidir ki, bu kimi təxribat və cəhdlərlə Azərbaycanın mövqeyinə təsir etmək və ya dəyişmək qeyri-mümkündür. Vətənini sevən, bağlı olan hər kəs dövlətinin və Prezidentinin yanındadır. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu təzyiqlərə və təxribatlara sinə gəlməyə çalışır. Qarşı tərəflər isə müxtəlif bəhanələrlə bu təzyiqləri artırmağa çalışırlar. Ona görə əvvəl də qeyd etdiyim kimi, qarşıdakı günlərdə yeni təxribatların başvermə ehtimalları kifayət qədərdir. Bu təxribatlar müxtəlif istiqamətlərdə özünü büruzə verə bilər. Ona görə xalqımızın bir, ayıq-sayıq olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi çox önəmlidir. Bu ağır mərhələni keçmək üçün bu çox önəmlidir”.
Ceyhun Məmmədov deyib ki, eyni zamanda, hüquq mühafizə orqanlarının da üzərinə çox böyük vəzifələr düşür: “Həddən artıq ayıq-sayıq olmağa çox ciddi ehtiyac var. Allah dövlətimizi və xalqımızı qorusun!”.