30 Mart 2023 12:20
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsi şanlı zəfər tariximizdir. Azərbaycanın yenilməz ordusu 44 gün ərzində mənfur düşmənin xalqımıza yaşatdığı faciələrin qisasını alaraq, düşməni kapitulyasiyaya məcbur etdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. Vətən müharibəsində Laçın rayonunun cənub hissəsi, Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilib. Məhz bu əməliyyatın nəticəsi, eyni zamanda, Şuşanın erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistanın kapitulyasiyasına gətirib çıxardı. Məhz bunun nəticəsi olaraq Laçın rayonunun böyük hissəsi 10 noyabr üçtərəfli Bəyanatın şərtlərinə əsasən geri qaytarılıb. Beləliklə Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna tam nəzarəti həyata keçirməyə başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Laçının bir güllə atmadan 28 il sonra əsl sahiblərinə qayıtması mühüm tarixi əhəmiyyət kəsb edir:

“Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu. Tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Hazırda Ordumuz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahibdir. Sözsüz ki, Laçın rayonunun da təhlükəsizliyi ilə bağlı addımlar atılır, tədbirlər görülür. Bütün bunlar imkan verir ki, Laçına qayıdacaq soydaşlarımız orada rahat, təhlükəsizlik şəraitində əbədi yaşayacaq. Təbii ki, bu gün işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Bundan sonra orada həm təhlükəsizliyinin qorunması, həm keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün dövlətimiz tərəfindən bütün zəruri işlər görülür”.

Deputat qeyd edib ki, Laçın ölkəmizin ən böyük və resurslarla zəngin rayonlarından biridir:

“Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaq. Ermənilər işğal dövründə Laçında qanunsuz məskunlaşma siyasəti apararaq, beynəlxalq konvensiyalara görə hərbi cinayət törədib. Amma Laçında dövlətimiz tərəfindən görülən işlər bu bölgənin də inkişaf etmiş çiçəklənən bir diyara çevrilməsinə imkan yaradacaq. Bunun üçün özünün zəngin təbii resurslarına malik Laçında böyük potensial var. Laçının füsunkar təbiəti-meşələri, dağları, çayları bu bölgədən yaradılan infrastruktur qısa zamanda buranın cənnətə çevrilməsinə əminlik yaradır. Artıq dövlət başçısının da vurğuladığı kimi minlərlə insan bu ilin sonuna qədər Laçın şəhərində qayıdıb orada yaşayacaq”.


Müəllif: Tapdıq Qurbanlı