Dövlət başçısının göstərişinə əsasən Laçın şəhərində bu ilin sonuna kimi artıq məskunlaşma başlayacaq. Ona görə də, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidməti o ərazilərdə mühəndis-istehkam işləri görüb. Eyni zamanda həmin ərazilərdə, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində olan strateji bölgələrdə zəruri addımlar atılıb. Yeni Laçın yolu ətrafında olan Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, görülən bu cür tədbirlər ora köçürüləcək insanların təhlükəsizliyini təmin etmək üçün atılan növbəti addımdır:
“Prinsip etibarı ilə həmin yüksəkliklərin bizdə olması bütövlükdə ərazidən keçən yollara tam nəzarət etmək imkanı verir. Sözsüz ki, bu yüksəkliklərə nəzarət bölgəyə qanunsuz, icazəsiz daxil olmaların da qarşısını birdəfəlik almış olur”.
Polkovnik hesab edir ki, Ordumuzun gördüyü əks-tədbirlərlə artıq separatçıların bütün hərəkətləri tam bloklanıb:
“Artıq burada separatçıların torpaq yollardan istifadə etməsi kimi faktlara rast gəlinməyəcək. Çünki bölgədə bütün prosesə Azərbaycan əsgəri nəzarət edəcək. Ola bilsin ki, ya sabah ya da birisi gün Laçın yolunun girişinə yəni, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış postu yaradılsın. Bundan sonra isə digər işlərə ehtiyac qalmayacaq”.