Erməni tərəfi həmişə olduğu kimi yenə də şər-böhtanla məşğuldur. Azərbaycan Ordusu Laçın istiqamətində Teğ kəndinə daxil olmayıb. Sadəcə olaraq Silahlı Qüvvələrimiz Teğ kəndi yaxınlığından keçən Azərbaycan sərhədində dayanıb. Eyni zamanda ordumuz bu istiqamətdə olan mühüm yüksəklikləri nəzarətə götürüb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Laçının Cağazur kəndi həmin istiqamətdə digər ərazilərə nisbətən yüksəklikdə yerləşir:
“Bura da Ermənistanın Gorus rayonuna yaxın bir ərazidir. Çünki Cağazurun coğrafi mövqeyi belədir. Zabuxdan yüksəklikdə olan bu kəndimiz bölgəyə nəzarət etməyə imkan verir”.
Deputat vurğulayıb ki, Azərbaycan Ordusu Teğ kəndi yaxınlığında bizə məxsus ərazilərdəki yüksəklikləri nəzarətə götürüb:
“Bu, heç də Ermənistan ərazisinə hər hansı bir müdaxilə demək deyil. Ona görə də, Teğ kəndinə Azərbaycan Silahlı Qüvvələrinin hansısa bir bölməsinin daxil olması ilə bağlı yayılan məlumatlar da yalandır. Sadəcə olaraq bu gün Ermənistan ərazisində olan Avropa İttifaqının “missiyası”nın əli ilə bu cür yalan məlumatlar tirajlanır”.
Elman Məmmədov bildirib ki, Azərbaycan ordusu mövcud xəritələr əsasında öz ərazisində dayanıb:
“Bunu təsdiq edən məlumatlar, dəqiqləşmələr var. Fakt odur ki, ordumuz bu gün ölkə ərazisində mühüm strateji mövqelərdə möhkəmlənir. Sözsüz ki, bu da ölkə qanunvericiliyinə uyğun davranışdır. Azərbaycan ərazisinə qeyri-qanuni yollarla daxil olmaların qarşısı məhz bu cür tədbirlərlə tamamilə alınacaq. Ona görə də, Azərbaycan Ordusu təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirləri görür və bundan sonra da bu istiqamətdə lazımi işlər görüləcək”.