7 Aprel 2023 13:19
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı İranın bu mövqeyindən hiddətlənib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, İran özünün ifşa olunduğunu görərək Azərbaycan səfirliyinə qarşı olan terrorda təqsirli bilinən şəxsi ruhi xəstə kimi qələmə verir:

“Eyni zamanda Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı olan terrorun da izləri İrana gedib çıxır”.

Deputat Azər Badamov isə deyib ki, İran parlamenti özünün sivil dünya dəyərlərindən uzaq olduğunu göstərir:

"İran deputatları erməni canilərlə qucaqlaşıb öpüşməkdən ar etsinlər. Onların Azərbaycana qarşı riyakarlığı ortadadır. Bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq ixtiyarı yoxdur”.

Deputat Nizami Cəfərov isə bu fikirləri səsləndirib:

"İran İsraillə bağlı Azərbaycanın siyasətinə qarışa bilməz. Azərbaycan müstəqil dövlətdir: Biz İsraildən ancaq dostluq, dəstək, İrandan isə ancaq xəyanət görmüşük. Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilirdik. Bu barədə çox da dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib. Necə ki, 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozub, indi də həmin xüsusiyyətlərini də davam etdirir. İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə islam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərə davam etməklə baş verir. Azərbaycan parlamentindən İran nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın, biz sizdən bunu istəyirik”.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli vurğulayıb ki, bu günədək bir neçə müsəlman ölkəsi İsraildə səfirlik açıb:

"Ancaq Azərbaycanın İsraildə səfirlik açması İranı niyə özündən çıxarır? Bu da azmış kimi, ölkəmizə qarşı təhdid, şantaj xarakterli bəyanat yayır”.

Deputat Etibar Əliyev məsələ ilə bağlı qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyindəki qanlı terrora görə, bütün dünya molla rejimini lənətlədi: "Amma İran rejimi bundan nəticə çıxarmadı”.

Millət vəkili Vüqar İskəndərov etnik azərbaycanlılara qarşı İranda dırnaqarası yanaşıldığını bildirib:

"İranda etnik Azərbaycanlılara ikinci sort xalq kimi dırnaqarası yanaşılır. Amma azsaylı ermənilər İranda bütün dövlət vəzifələrində irəli çəkilir”.

Deputat Fəzail Ağamalı isə vurğulayıb ki, Beynəlxalq təşkilatlara İranın Azərbaycana qarşı təhdidlərini çatdırmalıyıq:

"Avropa, ABŞ-da və digər ölkələrdə İrana qarşı Azərbaycan diasporunu mitinqləri təşkil edilməlidir. Biz İrana qarşı sanksiyalarda iştirak etməli, anti-İran koalisiyası yaratmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər