Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İran Azərbaycana qarşı təxribatlarını davam etdirir. Son belə addımlara cavab olaraq, İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı ölkədən qovuldu. Sizcə, bu gərginlik hara gedir?
- Diplomatların “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılması dünyanın diplomatiya tarixində olan praktikadır. Digər ölkələrdə də zamanla belə məqamlar olub. Yəni burada təəccüblü bir şey yoxdur. Amma indi bu o deməkdir ki, Azərbaycanla İran arasında münaqişəyə bənzər bir qarşıdurma əmələ gəlib. Bunu biz başlamamışıq. Biz sadəcə olaraq, öz ərazilərimizi azad etmişik.
Görünür, Tehrandakı bəzi dairələr bunu, Azərbaycanın güclənməsini və inkişafını qəbul etmək istəmir və baş verənləri həzm etmirlər.
Bir var, torpaqlar işğal olunsun və uzunmüddətli danışıqlar getsin. Bu durumda da guya İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir də var, Azərbaycan güclənir, regional bir oyunçuya çevrilir. Əlbəttə, bu durumda da İran müxtəlif variantlardan istifadə edir ki, Azərbaycana müəyyən təhlükə yaransın.
- İran daxilimizdəki casus və təxribatçı şəbəkəsi vasitəsilə bir “Kərimə dövlət” sayıqlamasını ortaya atıb. Sizcə, molla rejimi bunun üçün bir “zəmin” görür deyəmi bunu gündəmə gətirir, yoxsa bu onun xülyasıdır?
- Burada hansısa bir “Kərimə” adlı “dövlət” yaratmaq sadəcə İranın xülyasıdır, mifik arzusudur. Dünyəvi Azərbaycanda heç vaxt belə bir dövlət yarana bilməz. Ola bilsin ki, Azərbaycanda İranı dəstəkləyən insanlar var, bunu inkar etmirəm. Amma birmənalı olaraq, onlar azlıq təşkil edirlər.
Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti başqa düşüncədədir. Bu, sadəcə ortaya atılmış ideoloji təxribatdır. Bu həm də Azərbaycanın stabilliyini pozmaq, onun milli maraqlarına zərbə vurmaq, daxilimizdə çaxnaşma yaratmaq və burada gizli şəbəkəsinin olduğunu göstərmək üçün bir vasitəydi. Amma bu alınmadı, vaxtında bunun qabağını ala bildik.
- Ümumiyyətlə, ayətullaların ölkəmizə qarşı bu qəzəb və kininin səbəbi nədir? İddia edildiyi kimi, Zəngəzur dəhlizi ilə bağlıdırmı, yoxsa görünməyən məqamlar var?
- Burada görünməyən məqamlar yoxdur. Onlar həmişə hesab edirdilər ki, Azərbaycan “İranın tərkib hissəsi”dir. Onların düşüncələrinə görə, İran burada “ağalıq” etməlidir, İran “böyük dövlət”dir, Azərbaycan “ikinci dərəcəli ölkə”dir və müxtəlif məsələlərlə bağlı Tehranla məsləhətləşməlidir. Əlbəttə, Azərbaycan buna gedəcək ölkə deyil və getmədi də, öz gücümüzü göstərdik.
Digər yandan, İran ərazilərimizin azad edilməsini istəmirdi və buna da Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi baxırdı. Bu da baş tutmadı, öz ərazilərimizi azad etdik. İran Azərbaycanın İsraildə səfirlik açmasına da qarşı idi. Amma Azərbaycan öz müstəqil xarici siyasətini davam etdirərək, Təl-Əvivdə öz səfirliyini açdı. İran bütün bunların olmasını istəmirdi.
İndi də reallığa uyğun olmayan, gülünc bəyanatlarla çıxış edirlər ki, guya biz İslam dəyərlərinə qarşı hərəkət edirik. Halbuki özləri indi olduğu kimi, otuz illik işğal dövründə Ermənistanı dəstəyirdilər, ora yanacaq, silah-sursat, ərazi daşıyırdılar.
Ərazilərimiz azad edildikdən sonra isə Qafanda konsulluq açdılar, Təbrizdə - Azərbaycan şəhərində Ermənistan konsulluğu açmaq istəyirlər. Bununla bizə onu demək istəyirlər ki, siz bizim siyasətimizi qəbul etmirsinizsə, biz də sizinlə belə aşağılayıcı rəftar edəcəyik. Bunlar da İranın xarici siyasət miflərinin bir göstəriciləridir.
- Münasibətlər gərginləşdikcə İran Ermənistanı özünə yaxınlaşdırmaq üçün həmlələrinin sayını artırır. Ermənistan müxalifəti isə iddia edir ki, Baş nazir Nikol Paşinyan Tehranın həmlələrinə adekvat cavab vermir, yəni mollalarla məsafəli davranır. Sizcə, bu belədirmi?
- Bu, tam belə deyil. Yadınızdarırsa, Paşinyanın ən son getdiyi ölkələrdən biri elə İrandır. Bu da onu göstərir ki, Ermənistan İranla yaxınlaşmaqdan imtina etmək istəmir. Çünki başa düşür ki, İrandan Azərbaycana qarşı istifadə etmək Ermənistanın maraqlarına cavab verən amildir. Ermənistan da bundan istifadə edir. Paşinyan həm də “balans”lı siyasət yürüdür. Həm İrana yaxınlaşır, həm də guya KTMT-dən çıxacağını bildirərək, Qərbə inteqrasiya edəcəyini göstərməyə çalışır. Amma KTMT-dən də çıxmır.
Paralel olaraq, Paşinyan Fransayla da məsafəni yaxınlaşdırır. Artıq Avropa Birliyinin 200-ə qədər müşahidəçisini Azərbaycanla sərhədə gətirib. Onların nəyi müşahidə edəcəklərini bilmirəm. Bütün bunlar Azərbaycana qarşı yönələn amillərdir. Düşünürəm ki, bu durum bundan sonra da davam edəcək.
Ermənistan və İrana gəldikdə, hər ikisi bir-birindən Azərbaycana qarşı istifadə edəcək. İran Ermənistanı Azərbaycana qarşı təhrik edəcək, onu dəstəkləyəcək.
İndiyədək Qarabağın dağlıq hissəsindəki erməni dəstələri çıxmırlar, rədd olmurlar. Niyə? Çünki onlara həm Rusiyanın, həm də İranın dəstəyi var. Bunu da güclənən Azərbaycana mane olmaq, özlərindən asılı duruma salmaq üçün edirlər. Amma bunlar baş tutan deyil, bunu və Azərbaycanın Ermənistana bənzəmədiyini özləri də yaxşı bilirlər.
- ABŞ-ın “Stratfor” kimi kəşfiyyat nəşrləri İranla Azərbaycan arasında hərbi toqquşma ehtimalını müzakirə edirlər. Düzdür, indiki məqamda bunu istisna etsələr də, gərginliyin uzun müddət davam edəcəyi təqdirdə bunun ola biləcəyini deyirlər. Siz bu haqda necə düşünürsünüz?
- Məncə, genişmiqyaslı müharibə ola bilməz. Sərhəd zonasında müəyyən təxribatların olması mümkündür, bizə qarşı çox sərt ifadələr səsləndirilə bilər, amma genişmiqyaslı müharibənin olmasına inanmıram. Əvvəla, ona görə ki, İran Türkiyənin yanımızda olduğunu başa düşür. Yanımızda Pakistan var. Nə qədər paradoksal olsa da, Rusiya amili də mövcuddur. Hər nə qədər bölgədə gərginliyin saxlanılmasında maraqlı olsa da, bu, Rusiyanı da qane edən gəlişmə olmaz. Çünki Rusiya yeni oyunçunun bölgədəyə girməsini istəmir. Bu da Rusiyanın maraqlarına zərbə kimi qiymətləndirilə bilər.
Rusiya artıq Türkiyənin bölgədəki varlığını qəbul edir, bununla razılaşmağa məcburdur. Məncə, yeni bir oyunçunun bölgəyə girməsi Rusiyanı qane etməz. Digər yandan, Azərbaycanın özü kifayət qədər güclü dövlətdir. Azərbaycanın həmişə yanında olan güclü müttəfiqləri var. Bəlkə də kimsə Tehranda genişmiqyaslı müharibə istəyir, amma sadaladığım bu səbəblər belə bir gəlişməyə imkan vermir.
Bütün hallarda ayıq-sayıq və mümkün təxribatlara hazır olmalıyıq.
- Bəs münasibətlər qırılma nöqtəsinə çatsa, oradakı 40 milyon soydaşımızın – Güney Azərbaycanın baş verənlərə münasibəti necə ola bilər?
- Orada mövcud rejimə qarşı çıxan soydaşlarımızın sayı az deyil. Bunu İrandakı son kütləvi etirazlar, iğtişaşlar da təsdiqləyir. Düşünmürəm ki, İranla Azərbaycan arasında hansısa toqquşma baş versə, orada yaşayan azərbaycanlılar buna biganə qalacaqlar.
Mümkündür ki, əllərinə silah alıb rejimə qarşı mübarizə aparmasınlar, amma mübarizə üçün digər vasitələri var. Məsələn, meydanlara çıxıb rejimə etiraz, müəyyən bəyanatlarla çıxış edə bilərlər. Yəni ən müxtəlif vasitələr var.
Bir sözlə, fors-major durumda biganə qalacaqlarına inanmıram. Son hadisələr də bunu təsdiq edir, indi də bizim yanımızdadırlar və bizi müdafiə edirlər, bundan sonra da belə olacağını düşünürəm.