Azərbaycan tərəfindən xüsusi gözəçarpan və dünya ictimaiyyəti tərəfindən qəbul olunan məsələlər həyata keçirilən kimi hər hansı bir hadisə baş verir. Bu da həmin destruktiv qüvvələrin sülh istiqamətində inkişafın qarşısını almaq cəhdlərindən başqa bir şey deyil. Azərbaycan bu gün elə bir əlaqələr qurub buna qarşı çıxmaq mümkün deyil. Bu xüsusda ölkəmizin Mərkəzi Asiya, Avropa və ABŞ-la formalaşan yüksək səviyyəli münasibətlərini qeyd etmək olar. Çünki elə bir şərait formalaşıb ki, regionda sülhü görmək üçün bizdən çox onların marağı artırmışdı.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, indiki halda isə Azərbaycanın sülh istiqamətində təşəbbüslərinə qarşı çıxan Ermənistan və onun yanında duran İrandır:
“İranın və Ermənistanla yanaşı onların yanında olan bəzi qüvvələr də sülh istiqamətində inkişafın qarşısını almaq niyyətindədir. Bu mənada Ermənistanın törətdiyi hərbi təxribatların və Azərbaycana qarşı olan digər məsələlərin, sərhəddə, həm də Qarabağın daxilində baş verənlərdə məqsəd birdir. Onlar Azərbaycanın yeni bir mərhələyə yüksələn inkişafının qarşısı almaq istəyirlər. ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatı, Avropa İttifaqının prezidenti Şarl Mişelin danışıqlar və sülh istiqamətində olan niyyəti onu göstərir ki, onlar sülhü məhz Azərbaycanın gördüyü tərzdə bərqərar etmək niyyətindədirlər”.
Səməd Seyidov hesab edir ki, burada maraqlı tərəf varsa, deməli əks tərəf də olacaq:
“Təəssüflər olsun ki, Ermənistan və onun ətrafında olan qüvvələr də bu istiqamətdə iş aparır. Onlar sözsüz ki, bu cür təxribatlara da əl atacaqlar. Amma başa düşməlidirlər ki, bu cür təxribatlara nə qədər əl atsalar da, ümumi inkişaf vektorunu dəyişdirmək artıq mümkün deyil. Çünki bu gün geosiyasi məsələlər o şəkildə inkişaf edib ki, Azərbaycan dünya üçün əsas faktora çevrilib. İndi Azərbaycan olmadan bu regionun inkişafı mümkün deyil. Ona görə də, sülh istiqamətində cəhdlər olsa da buna qarşı təxribatların olması da qaçılmazdır. Amma bütün bunlara rəğmən biz möhkəm olmalıyıq və bu istiqamətdə siyasətimizi davam etdirməliyik”.