20 Aprel 2023 12:14
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zaur müəllim, ötən gün Azərbaycan Prezidenti Ermənistana bir daha açıq şəkildə mesajlar ünvanladı. Ermənistanın baş nazirinin də son açıqlamaları Azərbaycan ərazilərinin Almatı sənədlərinə uyğun tanınmasını özündə ehtiva edirdi. Belə olduğu halda sülh üçün başqa hansı maneələr qalır?

- Sülh müqaviləsi ilə bağlı proseslərin ilk mərhələsi artıq arxada qalıb. İndi Azərbaycanın vermiş olduğu təkliflərin Ermənistan tərəfindən dəyərləndirilməsi mərhələsi prosesi gedir. Bu konteksdə ötən gün Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin açıqlamaları oldu. Erməni baş nazir bəyanatında sərhədlərlə bağlı çıxış etdi. Bunun fonunda Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaqlarını dedi. Əslində bu, erməni cəmiyyətinə verilən bir ismarış idi. Bu da onu ehtiva edir ki, Ermənistanın başqa bir çıxış yolu yoxdur.

- Erməni cəmiyyətinin sülhə münasibəti necədir?

- Bu günə qədər biz Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın dilindən belə açıqlamalar eşitmişik. O vaxt məhz bu mövqeyinə görə, Petrosyana qarşı böyük hücumlar oldu. İndi isə Paşinyana qarşı eyni mövqe sərgilənir. Amma faktiki olaraq Paşinyan 29 min kv km ərazidə Ermənistanın qorunub saxlanmasını özləri üçün əsas vəzifə hesab edir. Bu məsələ erməni cəmiyyətində də geniş müzakirə obyektidir. Amma erməni cəmiyyəti də anlamalıdır ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəklərsə, o zaman onları başqa bir gələcək gözləyəcək.

- Qarabağda yaşayan erməni icması ilə bağlı edilən çağırışların adekvat nəticələr doğuracağını söyləmək olarmı?

- Azərbaycan Prezidenti Qarabağ ermənilərinə xəbərdarlıq etdi. Vurğulandı ki, kim Azərbaycan inteqrasiya etmək istəmirsə onların yolu açıqdır. Onlar bu halda Azərbaycan ərazisini tərk edə bilərlər. Məhz bu fonda Ruben Vardanyanın açıqlaması onu göstərdi ki, Qarabağ separatçıları müstəqil deyil və onlar başqa qüvvələrin əmrini icra etməkdədirlər. Azərbaycan Prezidenti tərəfindən səslənən sərt ritorika da onu göstərdi ki, Ordumuz separatçılara qarşı addımlar ata bilər. Çünki burada Azərbaycan proseslərin vaxtını uzatmaq niyyətində deyil. Əsas məqsəd 2025-ci ilə qədər məsələni həll edib separatçıları oradan qovmaqdır. Ona görə də, yaxın iki ildə Azərbaycan tərəfindən burada çox sərt tədbirlər həyata keçirilə bilər.

- Son vaxtlar vasitəçilik məsələsində ABŞ-ın fəallığı daha çox nəzərə çarpır. Rusiyanın da xarici işlər nazirləri səviyyəsində görüş təklifi var. Prosesdə daha çox hansı tərəfin mövqeyinə üstünlük verilə bilər?

- ABŞ-ın fəallığı və Rusiyanın danışıqlar üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təklif göndərməsi əslində bölgə uğrunda aparılan real rəqabətin göstəricisidir. Bu geosiyasi rəqabətin artması isə hər hansı bir platformada ortaq məxrəcə gəlməkdə çətinliklər yaradır. Çünki vasitəçilər burada öz istəklərinə uyğun davranmaq istəyirlər. Bu konteksdə Ermənistanın bu və ya digər ölkələrdən asılılığı məsələyə təsir göstərir.

- Ermənistanın Azərbaycanı Qarabağ məsələsində beynəlxalq təminatçıların iştirakı ilə danışıqları təşviq etmək kimi niyyəti var. Bununla qarşı tərəf nəyə nail olmaq istəyir?

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının səbəbi danışıqlar zamanı erməni tərəfinin yeni iddialar ortaya atması və vaxtı uzatması ilə bağlıdır. Bu mənada Ermənistan ərazisində olan Avropa İttifaqının xüsusi missiyasının Zəngəzurdan sonra Qarabağa, Laçına gəlməsi təbii ki, yolverilməzdir. Belə bir təklif bizim üçün heç bir halda qəbul edilən deyil. Paşinyan sülh müqaviləsi imzalanması kontekstində həm də beynəlxalq qarantiya istəyir. Bu da tək Qarabağla bağlı deyil. Eyni zamanda Azərbaycan və Ermənistan sərhəd toxunulmazlığı ilə bağlı beynəlxalq təminatçının burada yer alması təklif edilir. Təbii ki, Paşinyanın burada təklif etdiyi ölkələr onun ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək cəhdini göstərir. Eyni zamanda o, keçmiş Minsk qrupunun danışıqlarda Ermənistan sərhədlərinin təminatçısı kimi çıxış etməsi, Laçın və Qarabağda xüsusi missiyanın olması ideyasını ortalığa atır. Sözsüz ki, Azərbaycan tərəfindən bu heç bir halda qəbul edilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər