Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır.
Teleqraf.com xəbər verir ki bu barədə “Report”un sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən bildirilib.
Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar:
“Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”.
Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.