Azərbaycan bayrağı Laçın-Xankəndi yolunun girişində dalğalanır. Post qurulub və bundan sonra da proseslər davam edəcək. Amma bundan sonra nə Azərbaycan bayrağı oradan götürüləcək, nə də ki, postun mahiyyəti dəyişəcək. Burada birmənalı olaraq Azərbaycan nəzərdə tutduğu proqramı həyata keçirir. Ona görə də, bu məsələ ilə bağlı kiminsə bəyanatı əhəmiyyət kəsb etmir. Çünki bu cür yanaşmalar növbətçi bəyanatlar hesab edilir. Sadəcə olaraq onlar nəsə deməliydilər və dedilər.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, Azərbaycanın öz sərhədinin girişində post qurmasının çox vacib əhəmiyyəti var:
“Çünki bəzi dairələr bir neçə aydır ciddi şəkildə sülhməramlıların nəzarəti altında olan ərazidə vəziyyəti dəyişmək istəyirdilər. Ruben Vardanyan layihəsi və digər bəyanatlar faktiki olaraq buna yönəlmişdi. Məqsəd Qarabağda silahlı müqavimət formalaşdırmaqdan ibarət idi. Bununla da orada vəziyyəti dəyişdirməyə nail olmaq niyyətləri görünürdü. Bir növ burada proksi, yəni partizan müharibəsinə oxşar bir vəziyyət yaramaq niyyətləri vardı”.
Sabiq nazir hesab edir ki, bunun üçün həmin qüvvələrin Ermənistanla əlaqəsinin daha yüksək səviyyədə saxlanması da planlaşdırılmışdı:
“Niyyət Qarabağda olan silahlıların təminatının saxlanmasına hesablanmışdı. Bütün bunları isə onlar Laçın-Xankəndi yolu ilə icra edəcəklərini düşünürdülər. Azərbaycan bütün bunları nəzərə alaraq ilk zərbəni elə bu istiqamətdə vurdu. Bununla da həmin qrupların istəklərinə son qoyuldu. Ona görə Azərbaycanın Laçın-Xankəndi yolunda post qurmasının əsas məqsədi məhz bu proseslərin qarşısını almağa yönəlib. Məhz bu konteksdə Azərbaycanın atdığı bu təsirli addım onlar üçün ciddi zərbə oldu”.
Tofiq Zülfüqarova görə, burada prosesi pozmağa çalışan dairələrin kənarda dəstəkçiləri çoxdur:
“Bir müddət öncə Qarabağa muzdluların gətirilməsi, İrandan çağırılan yaraqlılarla bağlı faktlar unudulmayıb. Amma bütün bunların qarşısı alındı. Azərbaycanın qurduğu postdan siravi ermənilərin gediş-gəlişində heç bir problem olmayacaq. Bunun fonunda Qarabağda olan separatçılar və revanşistlərin vəziyyəti bundan sonra daha ağır olacaq. İndi onlar seçim qarşısındadırlar. Onlar ya ərazini tərk etməlidir, ya da Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Burada üçüncü bir yol yoxdur”.