Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü ilə bağlı müsbət yanaşmalar eşidilir. Hətta əldə ediləcək razılaşmalara dair müəyyən bir proqress də var. Ötən ilin payızında da belə bir gözlənti var idi. Amma onun bir nəticəsi olmadı. Ona görə də sülh haqqında danışmaq bir qədər çətindir.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki sülh mətni mövcuddur: “Bununla bağlı Azərbaycanın da öz təklifləri var. Bu ilin martın əvvəlində bununla bağlı təkliflər Ermənistana təqdim edilib. Sonra isə Ermənistan tərəfinin müzakirələrə Fransanı cəlb edərək Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar prosesini aparmaq istəyinə görə bu baş tutmadı. Bu baxımdan da hazırkı vəziyyətdə sülh danışıqları ilə bağlı təşəbbüs ABŞ-dan gəlir”.
Fərid Şəfiyev hesab edir ki, Vaşinqton görüşündən müəyyən bir gözlənti var: “Ortada sülh mətni də mövcuddur. Amma yekunda bu sülh mətni imzalanacaq ya yox bunu indidən söyləmək çox çətindir. Çünki Ermənistanın mövqeyi bir günün içərisində dəyişə bilir. Amma son günlər baş verənlər göstərir ki, bu istiqamətdə müəyyən bir optimist yanaşma var”.