1 May 2023 19:57
6 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zaur müəllim, ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində fəallığı yenidən artıb. Praqa görüşündən sonra tərəflərin bir araya gəlməsində Vaşinqonun vasitəçiliyi nə dərəcədə effektiv olacaq?

- Azərbaycan və Ermənistan XİN başçıları arasında bu dəfə görüş gözlənildiyi kimi ABŞ da baş tutur. Praqa görüşündən sonra davam edən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında hazırda hər iki tərəf üçün mühüm məsələlərin müzakirəsi gedir. Vaşinqton son aylarda sülh müqaviləsinin imzalanması üçün tərəflərlə ardıcıl görüşlər keçirib. Aprel ayında ABŞ-ın bir neçə yüksək vəzifəli nümayəndəsi Bakı və İrəvanda olub. ABŞ dövlət katibi Entoni Blinkenin özü dəfələrlə Azərbaycan və Ermənistan XİN rəhbəri ilə telefonla danışıb. Görünən o idi ki, Blinken tərəflər arasında səmimiyyət yarada bilib.

- Vaşinqton görüşündən gözlənilən mümkün ehtimallar nədən ibarətdir?

- Danışıqlarda Praqa sammitində razılaşdırılmış Alma-Ata bəyanatına uyğun olaraq ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı kimi müddəalar razılaşdırılıb. Həm Azərbaycan, həm Ermənistan bir-birilərinin ərazi bütövlüyünün tanınmasını qəbul edib. Lakin razılaşdırılmamış məqamlar da var.

- ABŞ-da nəhayət yekun sülh sazişinin ilkin variantı razılaşdırıla bilərmi?

- Sülh müqaviləsinin mətni ilə bağlı tərəflər arasında hələ də son variantın qəbul edilməməsinin səbəbi var. Bu da Ermənistanın hər dəfə yeni fikirlərə düşməsi ilə bağlıdır. Sözsüz ki, bu, rəsmi İrəvana xas diplomatiyadır. Hər dəfə tərəflər razılığa gəlməyə çox yaxın olan zaman rəsmi İrəvan vaxtın uzadılması üçün bəhanə axtarır və absurd fikirlərə düşərək mətndə əlavələrin olmasında israr edir. Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qaralamasının IV layihəsi müzakirəsi davam edilməkdədir. Üç aya yaxındır ki, Ermənistan Azərbaycanın son düzəlişlərinə cavab verməyib. Çox güman ki, Mirzoyan ABŞ-a məhz bu cavab mətni ilə yola düşüb.

- Ermənistanın israr etdiyi məsələlər nədən ibarətdir?

- Hazırda erməni tərəfinin ən çox çalışdığı məsələ beynəlxalq missiyanı Qarabağa gətirməkdir. Eyni zamanda bu ölkə beynəlxalq qarantiyanı da almağa çalışır. Buna isə sözsüz ki, Azərbaycan razı olmayacaq. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun bu dəfə başqa ad ilə regiondakı proseslərdə iştirak etməsinə razılıq verməyəcək. Bakı Qarabağ erməniləri ilə üçüncü tərəfin təşkilatçılığı ilə görüşlərin keçirilməsinə etiraz etmir, əksinə, belə bir dialoqa razıdır. Lakin, qəbul ediləcək hər hansı hüquqi sənədə beynəlxalq aktorların dialoqdakı dirijorluqlarının müddəalarının konkret olaraq həkk edilməsinə razılıq olmayacaq.

- Hər iki tərəfi razı salacaq sülh mətnində hansı məsələlər yer almalıdır?

- Sülh müqaviləsi qısa və konkret olmalıdır. Əks təqdirdə, ərazi bütövlüyünü çıxmaqla digər müddəaların müzakirə edilməsi az vaxt aparmayacaq. Burada tələsməli olan tərəf isə, Ermənistan olmalıdır. İrəvan vaxt uzatmağa çalışsa da, başa düşməlidir ki, Qarabağdan əl çəkmək və sülh müqaviləsini imzalamaq onun xilası olacaq. Çünki 2025 -ci ili gözləmək Ermənistanın suverenliyi üçün böyük təhdid yaradacaq. Azərbaycan tərəfi barışıqda maraqlıdır. Biz tez bir zamanda sülh müqaviləsinə imza atmaq, məsələlərin bağlanmasını istəyirik. Blinken də böyük ehtimalla Azərbaycanın yanaşmasını qəbul edib və buna görə də, Dövlət Departamentinin ev sabibliyi ilə keçirilən görüşlərə etimad var.

- Rusiyanın proseslərə təsir imkanlarını necə dəyərləndirmək olar?

- Hazırkı mərhələdə Qarabağ məsələsi Rusiya-Azərbaycan dialoqundan asılıdır. Azərbaycan-Türkiyə-Rusiya dialoqu, Azərbaycan-Rusiya liderləri arasındakı danışıqlar burada əsas amil kimi qəbul edilir. Amma indiki mərhələdə liderlər arasında münasibətlərin bu səviyyədə olması birbaşa olaraq Laçın rayonu, sərhəd, Qarabağ mövzularında bizim lehimizə olan məqamlardır. Son iki ildəki hadisələr göstərir ki, bəzi məsələlərlə bağlı fikir müxtəlifliyi olsa da, Bakı və Moskva ortaq məxrəcə gəlməyi bacarıb. Bu addımların məntiqini ardıcıllığı kimi Qarabağda ermənilər Azərbaycana inteqrasiya olmalı, ilkin mərhələdə oradakı güc strukturları buraxılmalı, əvəzində yerli özünüidarəetmədə yeniliklər tətbiq edilə bilər.

- Vaşinqtonda XİN rəhbərlərinin görüşdən öncə Blinkenin Prezident İlham Əliyevə zəngi nədən xəbər verir? Bu, hansısa ciddi razılaşma üçün bir mesaj da ola bilərmi?

- ABŞ Dövlət Departamentinin rəhbərinin Bayramovun Vaşinqtonda olduğu və Mirzoyanla görüşün gözlənildiyi gün Prezident İlham Əliyevə zəng etməsi konkret detalların müzakirəsini istisna etmir. Amma fakt odur ki, Azərbaycan Ermənistandan fərqli olaraq siyasi çəkisini qoruyaraq prinsipiallıq nümayiş etdirir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər