11 May 2023 14:55
12 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfinin Basarkeçər rayonu Zod kəndi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribatı heç də təsadüfən baş verməyib. Ermənistanın belə bir təxribat əslində gözlənilən idi. Çünki erməni tərəfi bir qayda olaraq xarici işlər nazirləri, ölkə rəhbərlərinin görüşü ərəfəsində bu cür təxribatlara əl atır. Burada əsas məqsəd isə danışıqları pozmaq və qeyri-müəyyənlik yaratmaqdan ibarətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, Ermənistan tərəfindən törədilən təxribatların xronologiyasına baxsaq görərik ki, vacib danışıqlar ərəfəsində və yaxud danışıqlardan sonra bu cür addımlar atılır:

“Burada məqsəd danışıqları pozmaq, prosesi uzatmaq, sülh müqaviləsindən qaçmaqdan ibarətdir. Ötən gün Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən bayram tədbirləri, atəşfəşanlıq, görünür, erməni tərəfinin gözünü qamaşdırıb, onlara pis təsir edib. Bu faktlar da var”.

Komitə sədri bir müddət öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da olan görüşləri, daha sonra Moskvada nəzərdə tutulan görüşlər fonunda Ermənistanın təxribata əl atması mümkün idi:

“Ermənistan bu cür addımlarla əslində prosesi qeyri-müəyyən müddətə uzatmağa çalışır. Bunun onun özünə necə xeyir gətirəcəyi hələ qaranlıqdır. Sadəcə olaraq görünən odur ki, erməni tərəfi Dəmir Yumruqdan nəticə çıxarmayıb”.

Ziyafət Əsgərov bildirib ki, artıq Azərbaycan öz suveren sərhədlərinə tam nəzarəti həyata keçirir:

“Ona görə də, Ermənistan tərəfi bu prosesi nə dərəcədə uzadacaqsa, bu onların daha çox ziyanına olacaq. Sözsüzki, Ermənistanın bu təxribatı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır və onlara necə lazımdırsa dərs verilir və veriləcək. Qarşı tərəf bundan dərs çıxarana qədər cəzalandırılacaq”.


Müəllif: Tapdıq Qurbanlı